II Şuşa
Qlobal Media Forumunda dezinformasiyanın yayılma
arealının müəyyənləşdirilməsi
ilə bağlı müzakirələr aparılıb
“Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə”
mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu
çərçivəsində iyulun 21-də “Təsirin qiymətləndirilməsi:
Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”
adlı birinci panel sessiya keçirilib.
AZƏRTAC xəbər
verir ki, Forumun ikinci gününün birinci sessiyasından əvvəl
Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev
çıxış edərək dezinformasiyanın cəmiyyətdə
yeni olmadığına toxunaraq deyib: “Dezinformasiya yeni fenomen
deyil. İnformasiya çox
güclü vasitədir.
Lakin onun necə istifadə edildiyi böyük sual altındadır. Ən təhlükəlisi
isə odur ki, dezinformasiya manipulyasiyaya və Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib”.
H.Hacıyev
qeyd edib ki, dezinformasiya müəyyən qrupların məqsədlərinə
çatmasında vasitə ola, müharibələrə gətirib
çıxara bilər. Dezinformasiyanın
əsas qurbanları media və jurnalistlərdir.
Azərbaycanın uzun
illər işğala
məruz qaldığını,
lakin xarici medianın onu başqa tərəfdən
göstərdiyini forum
iştirakçılarının diqqətinə çatdıran
Prezidentin köməkçisi
əlavə edib: “Bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana
qarşı cinayət
törətmişik, işğala
məruz qalan onlardır. Lakin biz cidd-cəhdlə təkzib vasitələrini
işə salmışdıq.
Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə
düzgün məlumatı
və həqiqəti dünyaya çatdırırdıq.
Bizim media bu işdə çox böyük rol oynayıb”.
Azərbaycanın dezinformasiyanın
hədəfi olduğunu
diqqətə çatdıran
Prezidentin köməkçisi
əlavə edib: “Biz COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik.
Lakin biz öz işimizə inanırıq və mübarizəmizi davam etdiririk. Biz bununla da qlobal
səviyyədə iqlim
dəyişikliyi ilə
mübarizəyə öz
töhfəmizi vermiş
oluruq. Gündəliyə
əsasən işimizi
həyata keçiririk.
Biz ədalətli mövqeyimizə ədalətli
dəstəyi də görürük”.
Sonra “TRT World” kanalının
aparıcısı və
baş prodüseri Ghida Faxrinin moderatorluğu ilə “Təsirin qiymətləndirilməsi:
Dezinformasiyanın əhatə
dairəsini müəyyənləşdirmək”
adlı birinci panel sessiya işə
başlayıb. Sessiyada
ən son yeniliklər nəzərə
alınmaqla, dezinformasiya
anlayışının təhlili,
yeni media müstəvisində dezinformasiya
dinamikalarının, mənbələrinin
və növlərinin
araşdırılması, müasir informasiya platformaları üzrə
dezinformasiyanın yayılma
arealının müəyyənləşdirilməsi
ilə bağlı müzakirələr aparılıb.
Çıxış edən “TRT World” kanalının
aparıcısı və
müxbiri Jaffar Hasnain deyib: “Bəzi xəbər agentliklərinin yaydıqları
məlumata baxanda görürdüm ki, Azərbaycanı hədəfə
almışdılar. Ölkəni
aqressor kimi təqdim edirdilər”.
Suriyaya, Ukraynaya
və Azərbaycanın
Qarabağ bölgəsinə
səfərlər etdiyini
vurğulayan “TRT World” kanalının
aparıcısı bu
ərazilərlə bağlı
dezinformasiyadan çox
güclü istifadə
edildiyini diqqətə
çatdırıb.
“Mən o ilk jurnalistlərdənəm ki,
Qarabağ işğaldan
azad olunandan sonra oraya ayaq
basmışam. Buraya dördüncü dəfə
gəlirəm, görülən
işlərin sürətlə
getdiyinin şahidi oluram”, - deyə Jaffar Hasnain əlavə edib.
Rusiyanın TASS informasiya
agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman çıxışında
bildirib ki, informasiya müharibələri
siyasi rejimdən asılı olmayaraq bütün ölkələrə
xas bir fenomendir.
Bəzi ölkələr
daha fəal fazadadır, bəziləri
isə yox. Aktiv müharibələrdən
fərqli olaraq informasiya müharibələri
heç vaxt dayanmır. Biz həmişə onlarla mübarizə aparmalıyıq.
Saxta məlumatları
özlüyündə bir
informasiya silahı adlandıran Mixail Qusman əlavə edib: “Bu gün
çox sayda insan yığcam məlumatları telefon vasitəsilə alır. Lakin bu vəziyyətə
hazır olmayan cəmiyyətdə feyk xəbərlər düzgün
məlumat kimi qəbul edilir. Ona görə də xəbər agentlikləri təbliğatı
işıqlandırmamalıdırlar, onların yeganə silahı həqiqi məlumatı yaymaq olmalıdır”.
Ənənəvi medianın
nəhəng qurumların
əlində olduğunu
deyən Əl-Cəzirə
Media İnstitutunun Media təşəbbüsləri
meneceri Montaser Marai əlavə edib: “Onlar da
bildiyimiz kimi, Şimal yarımkürəsində
yerləşir. Bizə
hər zaman nəzarət edirlər. Ona görə də media olaraq
biz narrativlərin mötəbərliyini sorğulamalıyıq.
Biz çoxsaylı məlumatların içində
qalmışıq. Sosial
mediada informasiya axını yüksək olduğu üçün
insanlar nəyin düzgün, nəyin feyk olduğunu çətin ayırd edirlər. Ənənəvi
mediada da bunu müşahidə etmək olar. “Tik-Tok” istisna olmaqla, rəqəmsal platformalara nəhəng təşkilatlar rəhbərlik
edir. Onlar məlumat axınına təsir edirlər. Təəssüflər olsun
ki, bunu bacarırlar”.
Beynəlxalq Siyasət
Araşdırmaları Mərkəzinin
(CeSPI) Türkiyə üzrə Müşahidə
mərkəzinin akademik
və elmi direktoru Valeria Giannotta qeyd edib ki, Şuşaya
ilk dəfə 2021-ci ildə gəlib: “O zaman şəhər xarabalıq vəziyyətində
idi. Mətbuat qurumlarının narrativlərə
qarşı mübarizələrinin
şahidi oldum”.
Valeria Giannotta qeyd edib ki,
lobbilər tərəfindən
müəyyənləşmiş narrativlər olduğu üçün obyektivliyi
saxlamaq çətindir.
Seçim etmək, faktları yoxlamaq, müxtəlif mənbələrlə
tutuşdurmaq jurnalistlər
üçün çox
vacibdir.
“Biz mütləq
hadisə ərazisində
olmalıyıq. Etik məsuliyyəti anlamaq, məsafəni saxlamaq lazımdır. Hazırda jurnalistlər üçün
məlumatları ilkin
mənbədən almaq
imkanı var. Dezinformasiyanı həqiqətdən
ayırd etmək üçün xüsusi
mexanizmlər yaradılmalıdır.
Buna aid qurumlar Avropada, Rusiyada və Türkiyədə yaradılıb”,
- deyə V.Giannotta vurğulayıb.
ABŞ-ın MTP (Most
Travelled People - Ən çox səyahət edən insanlar) klubunun təsisçisi Çarlz Veley deyib: “Biz - 35 nəfər işğaldan
azad olunmuş bütün ərazilərə
son üç il ərzində səyahətlər etmişik.
Azərbaycan hökumətinə
bizə bu imkanı yaratdığı
üçün təşəkkür
edirəm. Qarabağa ilk dəfə gələndə xarabalıqların
şahidi olduq. Budəfəki səfərimizdə
inanmadıq ki, qısa müddət ərzində buralar belə inkişaf edə bilər”.
Qarabağa səyahət
etdiyinə görə
klaviatura arxasındakı
“qəhrəmanlar” tərəfindən
hücuma məruz qaldığını vurğulayan
ABŞ-ın MTP klubunun
təsisçisi əlavə
edib: “Bəzi insanlar mənə “siz niyə etnik
təmizləməni, barbarlığı
dəstəkləyirsiniz” kimi
şərhlər yazırlar.
Lakin mən bildirirdim ki, şahidi olduqlarımı,
həqiqətləri insanlara
çatdırıram”.
Azərbaycanın paytaxtı
Bakıda da olduğunu diqqətə çatdıran Ç.Veley
şəhərin böyüdüyünü,
sürətlə inkişaf
etdiyi bildirib.
Qeyd edək ki, informasiya yayımının və kommunikasiya vasitələrinin
növlərinin sürətlə
dəyişdiyi müasir
dövrdə məlumatlara
əlçatanlıq əhəmiyyətli
dərəcədə asanlaşıb.
Belə olan təqdirdə, bütün
dünya miqyasında saxta xəbərlərin bilərəkdən və
ya bilməyərəkdən
geniş şəkildə
yayılması, eləcə
də belə məlumatların müxtəlif
ictimai proseslərə
mənfi təsiri son illərdə xüsusilə nəzərə
çarpmaqdadır. Metodoloji
cəhətdən çətin
olsa da, günümüzdə dezinformasiyanın
yayılma modellərini
və təsir dairəsini təhlil etmək dezinformasiyaya qarşı mübarizədə
səmərəli yanaşmanın
tətbiqi üçün
zəruri hesab oluna bilər.
Ona görə
də 50-yə yaxın
ölkədən 150-dən çox xarici qonağın, o cümlədən
30-a yaxın ölkənin
informasiya agentliyi, 3 beynəlxalq təşkilat
və 82 media qurumunun nümayəndələrinin
qatıldığı Forum iştirakçılar üçün
birgə müzakirə
və hərəkət
platforması rolunu oynayır.
Azərbaycan.-2024.-
23 iyul (¹ 153).- S.10.