Müasir media yalan məlumatları ifşa etməlidir

 

 

Yüz qırx doqquz il qabaq Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə bünövrəsini qoyduğu Azərbaycan mətbuatı bütün çətinliklərə, maddi problemlərə, təhdidlərə, təzyiqlərə baxmayaraq, həqiqət yolunu tutdu. Mətbuatımızın birincisi oxucusuna düzgün məlumatlar verməklə, doğruları yazmaqla yolunu davam etdirəcəklərə ən gözəl örnək, əbədi nümunə olmağı bacardı. "Əkinçi"nin ardıcılları - "Ziya" və "Ziyayi Qafqaziyyə", "Kəşkül", "Həyat", "Füyuzat", "İrşad", "Molla Nəsrəddin", "Açıq söz", "Azərbaycan" və digər mətbu orqanlar da bütün çatışmazlıqlara, nəşrlərinə maneə yaratmağa çalışanlara rəğmən, bu yolla irəlilədilər.

O zaman bütün dünyada mətbuatın ən böyük problemlərindən biri də texniki çətinliklər idi. Yaşadığımız əsr - XXI yüzillik isə texniki tərəqqi əsri adlandırılır. Dövrümüzdə texnologiyalar sürətlə inkişaf edir. Bu baxımdan jurnalistlərin də işi xeyli asanlaşıb. Artıq yubanmadan xəbər almaq və ötürmək mümkündür. Ancaq təəssüf ki, bu qədər üstünlük əldə etmiş media nüfuzuna xələl gətirən başqa bir bəla ilə üzləşib: yalan məlumatlar yayanların sayı artıb.

İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda düzənlənən II Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı səsləndirdiyi fikirlərlə, dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablarla bir sıra vacib məqamlara aydınlıq gətirdi. Açılış mərasiminin moderatoru, "Euronews" televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İstham yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə ilə bağlı sualla dövlətimizin başçısı İlham Əliyevə müraciət edərək: "Sizcə, biz nə dərəcədə çətin vəziyyətdəyik, böhran nə dərəcədə ağırdır?", - deyə soruşdu. Prezident İlham Əliyev cavabında təəssüflə bildirdi ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Əsl həqiqət bu idi ki, münaqişəni yaradan da, alovlandıran da, əzəli yurdunda, isti ocağında yaşayan azərbaycanlıları soyqırımılara məruz qoyan da, didərgin salan da Ermənistandır. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq: "Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır". Dövlətimizin başçısı qeyd etdi ki, o zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi: "Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur".

Tədbir Ermənistanın işğalı altında qaldığı otuz ilə yaxın müddətdə qədim və müasir tikililəri dağıntılara məruz qalmış, abidələri uçurulmuş, muzeyləri qarət olunmuş, 2020-ci ildə baş verən 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Zəfərindən qısa müddət sonra başlanan və bu gün də uğurla davam etdirilən tikinti-quruculuq, bərpa işləri nəticəsində keçmiş şöhrətli günlərinə qayıdan Şuşada keçirilirdi. Türkiyənin "Haber Global" televiziyasının aparıcısı Saynur Tezen bu faktları diqqətə çatdırdı: "Bu gün Qarabağda, Şuşada olmağımdan şərəf hissi keçirirəm, xüsusilə də nəzərə alsaq ki, bu ərazilər 30 il ərzində işğala və dağıntıya məruz qalıb. Fantastik dəyişikliklərin şahidi oldum".

"Haber Global" televiziyasının aparıcısı 2020-ci il noyabrın 8-i Qarabağda Qələbə əldə edildiyini, 2023-cü ilin sentyabrında antiterror əməliyyatı keçirildiyini və bununla da Qarabağın erməni işğalına son qoyulduğunu qeyd etdi. Bildirdi ki, bu da Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi.

İyulun 22-dək davam edən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunmuş "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında dörd panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi apardılar.

Forum çərçivəsində iyulun 21-də keçirilən "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək" mövzusunda panel sessiya  üzrə ən son yeniliklər nəzərə alınmaqla, dezinformasiya anlayışının təhlili, yeni media müstəvisində dezinformasiya dinamikalarının, mənbələrinin və növlərinin araşdırılması, müasir informasiya platformaları üzrə dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr keçirildi.

Həmin gün "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər" adlı ikinci panel sessiyada dezinformasiyaya qarşı davamlı cəmiyyətin formalaşdırılması istiqamətində strategiya və təşəbbüslər, dezinformasiya təhdidinin aradan qaldırılması məqsədilə qlobal miqyasda daha davamlı onlayn media ekosisteminin qurulması, medianın dezinformasiyanın qarşısının alınmasında necə daha fəal rol oynaya biləcəyi ilə bağlı fikir mübadiləsi aparıldı.

İyulun 22-də forum çərçivəsində "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: media savadlılığının təşviqi" adlı sessiyada texnologiya və media sahələrinin nümayəndələri, elm xadimlərinin iştirakı ilə dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəmi, rəqəmsal əsrdə dezinformasiyanın yaradılması və yayılmasında süni intellektin açdığı imkanlara qarşı həll yolu kimi istehlakçıların media savadlılığının artırılması, bu istiqamətdə müxtəlif tərəflərin səmərəli əməkdaşlıq modelləri müzakirə edildi.

"İqlim hərəkatı və media" mövzusunda keçirilən panel sessiyada isə iqlim hərəkatında medianın rolu, "yaşıl dünya" naminə effektiv məlumatlandırma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti kimi mövzular da müzakirələrin mövzuları oldu.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 23 iyul (№ 153).- S.15.