Seçki
mübahisələrinin məhkəmə
qaydasında həllinə
həsr olunan layihəyə start verilib
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərlə
əlaqədar Mərkəzi
Seçki Komissiyasının
maarifləndirmə proqramına
uyğun olaraq, iyulun 22-dən etibarən növbəti ümumrespublika
miqyaslı tədbirlərə
- Ali Məhkəmə
və apellyasiya məhkəmələri ilə
birgə layihə çərçivəsində seçki mübahisələrinin
məhkəmə qaydasında
həllinə həsr
olunan regional seminar-müşavirələrə start verilib.
AZƏRTAC xəbər verir ki, iyulun
22-də baş tutan layihənin açılış
mərasimi və ilk seminar-müşavirədə
Mərkəzi Seçki
Komissiyasının sədri
Məzahir Pənahov vətəndaşların seçki
hüquqlarının realizə
olunmasında qanunvericiliyin
tələblərinə dəqiqliklə
riayət edilməsinin
vacibliyini diqqətə
çatdırıb.
O bildirib ki, Azərbaycan müstəqillik
qazandıqdan sonra iki müxtəlif sahədə beynəlxalq ənənələrə, praktikaya
əsasən münasibət
qururdu. Onlardan biri məhkəmə sisteminin,
digəri isə seçki sisteminin təkmilləşdirilməsi idi.
“Bizim ali məhkəmələr,
apellyasiya məhkəmələri
ilə ölkə üzrə bu cür tədbirlərimiz artıq bəhrələrini
verir. Son iki seçkilərdir ki, həm
məhkəmə səviyyəsinə
qaldırılan sənədlərə
seçki qurumları
tərəfindən sənədlərin
hazırlanması, həm
də məhkəmə
sisteminin, orqanlarının
həmin sənədlərə,
müraciətlərə baxılması
baxımından narazılıqların
sayı demək olar ki, dəfələrlə
azalıb. Ona görə
bir daha qeyd edirəm ki, bugünkü tədbir böyük əhəmiyyət
daşıyır”, - deyə
Məzahir Pənahov qeyd edib.
Tədbirdə çıxış
edən Ali Məhkəmənin
və Məhkəmə-Hüquq
Şurasının sədri
İnam Kərimov bildirib ki, bu il sentyabrın 1-də xalqımız
üçün əhəmiyyətli
hadisə baş verəcək - Milli Məclisə
növbədənkənar seçkilər
keçiriləcək. Parlament
seçkiləri ümummilli
seçkilər kateqoriyasına
aid edildiyindən onun hər bir mərhələsi
ölkə üçün
sosial, siyasi baxımdan xüsusi önəm daşıyır.
Milli Məclisə budəfəki
seçkilər, həmçinin
işğaldan azad edilmiş ərazilərimizdə
keçiriləcək.
İnam Kərimov
diqqətə çatdırıb
ki, seçki hüquqlarının
müdafiəsi ilə
bağlı müraciətlərə
inzibati məhkəmə
icraatı qaydasında
ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən
baxılır. Bu cür
müraciətlərə birbaşa
apellyasiya instansiyası
məhkəmələrində baxılmasının məqsədi
prosesin daha çevik idarə olunması, işlərə
daha keyfiyyətli və operativ baxılmasını təmin
etməkdir. Əlbəttə,
məhkəmələr həmişə
olduğu kimi, bu seçkilərdə də üzərilərinə
düşən vəzifələri
həyata keçirməyə
hazırdırlar. Ümumiyyətlə,
Azərbaycan Respublikasının
Seçki Məcəlləsində
vətəndaşlarımız üçün çoxsaylı
hüquqi imkanlar əks olunub, bu Məcəllə seçkilərin təşkilinin
və keçirilməsinin
əsas qaydalarını
tam əhatə edir.
Onun sözlərinə
görə, şikayət
iki formada - inzibati qaydada və ya məhkəmə
qaydasında verilə
bilər. Dairə seçki komissiyasının
qərarından Mərkəzi
Seçki Komissiyasına,
Mərkəzi Seçki
Komissiyasının qərarından
və ya hərəkətindən (hərəkətsizliyindən)
isə apellyasiya instansiyası məhkəməsinə
şikayət verilə
bilər. Başqa sözlə, şikayət
ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən
təmin edilməzsə,
məhkəməyə şikayət
edilə bilər. Seçki Məcəlləsində
şikayətlərlə bağlı
konkret müddətlər
də müəyyən
olunub. Belə ki, maraqlı şəxslər
mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq
3 gün müddətində
şikayət edə bilərlər. Seçki komissiyalarının qərarlarından
şikayətlərə məhkəmələr
3 gün müddətində,
səsvermə gününə
30 gündən az müddət qalırsa, 2 gün müddətində
(lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxır. Məhkəmə qərarından
yuxarı instansiya məhkəməsinə şikayət
3 gün müddətində
verilə bilər.
Ali Məhkəmənin və
Məhkəmə-Hüquq Şurasının
sədri qeyd edib ki, apellyasiya instansiyası məhkəmələrində
şikayətlərə Azərbaycan
Respublikasının İnzibati-Prosessual
Məcəlləsinin tələblərinə
əsasən baxılır.
İş üzrə
məhkəmə qərarından
həmin qərarın
tam formada təqdim olunduğu gündən 3 gün müddətində
Ali Məhkəməyə şikayət
verilə bilər. Bu şikayətə 3 gün
müddətində, səsvermə
gününə 30 gündən
az müddət qalırsa, iki gün müddətində
(lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş
ərizələrə isə
dərhal baxılmalıdır.
Açılış nitqlərinin
ardınca Mərkəzi
Seçki Komissiyası
və Ali Məhkəmə
təmsilçilərinin “Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə vətəndaşların
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
seçki komissiyalarında
araşdırılması prinsipləri
və xüsusiyyətləri”,
“Məhkəmədə seçki
hüquqlarının müdafiəsi
ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri”
mövzularında təqdimatları
dinlənilib. İştirakçılara
Seçki Məcəlləsinin
müraciət və şikayətlərə dair
tələbləri, habelə
seçki hüququnun
müdafiəsi ilə
bağlı qanunvericiliyin
məhkəmələr tərəfindən
tətbiqi təcrübəsi
barədə ətraflı
məlumat verilib, meydana çıxan suallara aydınlıq gətirilib.
Ali Məhkəmənin hakimləri,
Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin sədrləri
və hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri
və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları,
eləcə də
region üzrə seçki
dairələri dairə
seçki komissiyaları
sədrlərinin də
qatıldıqları birinci
seminar-müşavirəyə seçki mübahisələrinin
məhkəmə qaydasında
həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra
yekun vurulub.
Layihə çərçivəsində
seminar-müşavirələrin növbəti mərhələsinin
iyulun 23-də Gəncə,
Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə
orqanları və seçki dairələrinin
dairə seçki komissiyalarını əhatə
etməklə reallaşdırılması
nəzərdə tutulur.
Qeyd edək
ki, qarşıdan gələn
Milli Məclisə növbədənkənar
seçkilərlə əlaqədar
seçicilərin məlumatlandırılması
ilə yanaşı, müxtəlif statuslu seçki iştirakçılarının
maarifləndirilməsi, aşağı
seçki komissiyaları
üzvlərinin bilik,
bacarıq və peşəkarlıqlarının daha da yüksəldilməsi
məqsədilə fərqli
istiqamətlər üzrə
çoxsaylı layihələri
əhatə edən genişmiqyaslı proqram ardıcıl və sistemli şəkildə reallaşdırılmaqdadır. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində
mühüm yer tutan maarifləndirmə layihələrinin qanunvericiliklə
müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq şəraitində
gerçəkləşdirilməsi görülən işlərin
effektivliyinin artırılmasına
əhəmiyyətli töhfə
verməklə bərabər,
vətəndaşların konstitusion
hüquqlarının daha
səmərəli təmin
olunmasında da önəmli
rol oynayır.
Azərbaycan.-2024.-
23 iyul (¹ 153).- S.16.