Qala
şəhərdə məhəllələr
necə yarandı
Pənahəli xan
Cavanşir Şuşanı
rəsmən paytaxt edəndən sonra seçmə adamları köçürüb burada
yerləşdirdi. Sonralar
isə bu ənənəni oğlu İbrahimxəlil xan davam etdirdi...
İllər keçdikcə
qala-şəhər böyüməyə,
böyüdükcə əhalisi
sıxlaşmağa və
bunun da nəticəsində məhəllələr
əmələ gəlməyə
başladı. Bu yeni yaşayış məntəqələri yaranarkən
qalanın təbii coğrafi şəraiti müəyyən qədər
nəzərə alınsa
da, vahid bir prinsip gözlənilmədi.
Şuşada məhəllələrin
yaranması üç
əsas mərhələyə
bölünür. Birinci
mərhələ Pənahəli
xan dövrü, ikinci mərhələ İbrahimxəlil xan dövrü, üçüncü
mərhələ Qarabağ
xanlığının Rusiyanın
tərkibinə keçməsindən
sonrakı dövr.
Yeni salınan hər bir məhəlləyə
özünə uyğun
ad verilirdi. Bəzilərinə yerləşdiyi
ərazinin xüsusiyyətlərinə
(Çuxur, Quyuluq, Hamamqabağı, Təzə
məhəllə), sakinlərinin
məşğul olduqları
sənət və peşələrə (Culfalar, Ayaqyalın,
Qurdlar), dini əlamətlərə (Seyidli),
müxtəlif mahallardan
gəlib yığcam
yaşadıqlarına (Köçərli,
Təbriz, Dəmirçilər,
Merdinli, Dördçinar,
Xocamircanlı, Əylisli,
Qazançılı, Mehrili,
Urud, Çiləbörddərə)
görə adlar verilmiş, bəziləri
isə etnik qrupların və tayfaların (Qurdlar, Mamayı, Saatlı) və ayrı-ayrı şəxslərin (Hacı Yusifli, Ağadədəli) adları
ilə adlandırılmışdır.
Qalanın içərisində
əhali çox olduğundan şəhərdən
bayırda da evlər tikilmiş və yeni bir məhəllə də (Çölqala) yaranmışdı. Bu məhəllələr
bu günə qədər də özlərinin etnik adlarını qoruyub saxlamışlar.
Vaxt ötdükcə
daha kiçik məhəllələr, məsələn,
ilkin adı
"Mir" olan Xanlıq ara
Çuxur məhəllə
ilə, Dördlərqurdu,
Qurd Gürcüstan, Ayaqyalın, yaxud Kiçik qurdlar nisbətən iri məhəllə ilə birləşmiş, bir yerdə ümumi Qurdlar məhəlləsi adlanmışdır. Hacılı
məhəlləsi Merdinliyə
assimilyasiya olunmuş,
Dərəqırağı məhəlləsinin bir hissəsi Köçərli,
o biri tərəfi isə Saatlı məhəlləsinə qovuşaraq
tədricən tarix səhnəsindən silinmişdir.
Şəhərin yuxarı
hissəsindəki beş
xristian məhəlləsi
istisna olmaqla bu günümüzə qədər on yeddi müsəlman məhəlləsi
qalmışdır. Bu məhəllələrin
doqquzu aşağı
(Çuxur, Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Dördlərqurdu, Hacı Yusifli, Dördçinar, Çölqala),
səkkizi isə yuxarı (Saatlı, Köçərli, Mamayı,
Xocamircanlı, Dəmirçilər,
Hamamqabağı, Təzə
məhəllə, Merdinli)
adlanırdı.
Bütün Şərq
ölkələrində olduğu
kimi, Şuşada da hər məhəllənin
özünün bazarı,
karvansarası, məscidi,
hamamı, bulağı,
mədrəsəsi, dükanları
vardı, ortasında isə məhəllə mərkəzi rolunu oynayan kiçik meydança yerləşirdi.
Məhəllələr bir-birindən,
əsasən, hasarla ayrılır, ya da hər məhəllənin
qurtaracağında sıra
ilə ağaclar əkilirdi.
Şəhər qalanın
ucqarı və ilk yaşayış sahəsi
sayılan Çuxur məhəllədən başlayaraq
üzüyuxarı sürətlə
inkişaf edirdi. Çox çəkmədən
sıx, bir-birinə bitişik altı məhəllə əmələ
gəldi və qala getgedə kiçik bir şəhərə çevrildi.
Hər bir məhəllənin öz
ağsaqqalı olurdu və onlar məhəllə
nümayəndəsi və
məsləhətçi kimi
bu və ya digər tədbirlərdə,
xüsusilə toy və
yas mərasimlərində
yaxından iştirak edir, eyni zamanda
müşkül məsələlərin
həllində fəal
rol oynayırdılar.
Azərbaycan.-2024.-
23 iyul (№ 153).- S.19.