Qərb regionda sülhə əngəl törədir

 

 

Avropa İttifaqı Şurasının Ermənistana hərbi yardım qərarı bölgədə destruktiv fəaliyyətə xidmət edir

 

 

 

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində vasitəçisiz irəliləyişlər, iki ölkənin sülhə daha da yaxınlaşması, Cənubi Qafqazla bağlı məkrli niyyətləri olan Qərb dövlətlərini daha da narahat etməyə başlayıb. Otuz il ərzində hər cür dəstək olaraq Ermənistanın təcavüzkar, işğal siyasətinin davam etdirilməsində mühüm rol oynayan həmin ünsürlər bu gün fərqli davranmırlar.

Bəzi Qərb ölkələri Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra da Ermənistanı təxribatlara təhrik edir, bunun üçün ona dəstək olacaqlarını vəd edirlər. Onlar Ermənistanın Rusiyadan da üz döndərməsinə çalışırlar. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam təmin etməsi, regionda lider dövlətə çevrilməsi, Ermənistanın artıq reallıqlarla barışmaq istəyi bəzi dairələri daha da təşvişə salıb. Elə buna görə dərhal fəaliyyətə keçərək Ermənistanı yenidən silahlandırıb revanşa sürükləmək yolunu tutublar.

Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yeni münaqişə ocağının yaradılmasında ən çox canfəşanlıq göstərən, Qərb tərəfindən önə atılan isə Fransadır. Ötən ay Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu arasında imzalanan hərbi əməkdaşlığa dair sənədlər paketi bunu təsdiqləyir. Müqavilə iki dövlət arasında "Bastion" çoxməqsədli zirehli avtomobillərin, həm   "Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısını nəzərdə tutur.

Belə öldürücü hücumxarakterli silahların Ermənistana verilməsi isə təbii ki, müdafiə xarakteri daşımır.

Bu il aprelin 5-də Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı Ermənistana pərdəarxası təhlükəsizlik təminatlarının verilməsi məsələləri müzakirə olunmuşdu. Bir sıra görüntü xarakterli iqtisadi dəstək paketləri ön plana atılsa da, əsas məsələ Ermənistanın təhlükəsizlik təminatı adı altında silahlandırılması idi.

Ümumilikdə Avropa İttifaqı, Qərb dövlətləri hər fürsətdə Ermənistana dəstək olmağa çalışırlar. Təbii ki, məqsəd deyildiyi kimi, Ermənistanı qorumaq, onun müdafiə qabiliyyətini artırmaq deyil, öz məkrli, çirkin niyyətlərini regionda həyata keçirmək üçün ondan alət kimi istifadə etməkdir.

Fransanın silahlandırma siyasətindən sonra indi Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardımın nəzərdə tutulması da bu məqsədə xidmət edir.  Aİ-nin bu qərarı bölgədə ayırıcı xətlər yaratmağa gərginliyin artmasına yönəlib. Ermənistan kimi işğalçı dövlətin silahlanmasına çalışmaq terrorizmi dəstəkləməklə, həmçinin regionda sülhə əngəl törədir.

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edib bildirilib ki, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağı gözlənilir. Qeyd olunub ki, Ermənistana sözügedən hərbi yardım belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.

"Avropa İttifaqı bölgədə silahlanmaya hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək", - deyə məlumatda bildirilib.

 

 

Azərbaycanın maraqlarını görməzdən gəlməyə çalışanlar uğursuzluğa düçar olacaqlar

 

 

Bir tərəfdən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində addımları, irəliləyişləri dəstəklədiklərini vurğulayanlar, digər tərəfdən Ermənistanı silahlandırmağa, müxtəlif şəkildə ona dəstək olmağa davam edirlər. Təbii ki, Qərbin bu məsələdə səmimi olmadığı hər kəsə bəllidir. Sadəcə, dəyişən artıq açıq oyuna keçmələridir. Əvvəllər gözdən pərdə asmaq üçün əllərindən gələni edir, nələrisə gizlətməyə çalışırdılarsa, indi buna da ehtiyac duymurlar. Azərbaycana qarşı açıq şəkildə qərəzli, ədalətsiz mövqe sərgiləyirlər.

Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunda Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsinin Azərbaycan üçün qəbuledilməz olduğunu bildirib: "Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Bildiyiniz kimi, ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti onların bir növ xarici işlər naziri hesab edilən ali komissarı Brüsseldə görüşdülər. Bu görüşdə onlar Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Onlar hərbi sahədə maliyyə ayırmaq məqsədini güdürlər bu, bizim üçün tamamilə qəbuledilməzdir. Biz bəzən açıq, ictimai şəkildə, bəzən pərdəarxası mesajlarımızı veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar uğursuzluğa düçar olacaqlar".

Ən əsası, Ermənistan anlamalıdır ki, hər hansı ölkəyə, beynəlxalq təşkilata sığınmaqla nəsə əldə edə bilməyəcək. Ona vəd verənlərin, silahlandıranların məqsədi isə Cənubi Qafqazda gərginliyi saxlamaq, yeni münaqişə ocaqlarının yaradılmasında Ermənistandan oyuncaq kimi istifadə etməkdir. Bu isə nəticədə ən çox Ermənistana ziyan gətirəcək. Silahlanmaqla yeni təxribatlara cəhdlər onun həvəsini yenə qursağında qoyacaq.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 24 iyul (№ 154).- S.12.