Prezidentin Şuşadan bəyan
etdiyi yol xəritəsi
Qlobal media obyektiv, qərəzsiz və
peşəkar davranmaqda istəklidirsə, bundan
yararlanmalıdır
"Ölkəmizdə II Şuşa Qlobal Media
Forumunun təşkili və tədbirdə Prezident İlham
Əliyevin konseptual xarakter daşıyan və tarixi əhəmiyyətli
çıxışı bütövlükdə qlobal
informasiya siyasəti müstəvisində mühüm hadisə
hesab edilməlidir. Çünki müasir dünyada artan qlobal
ziddiyyətlər, habelə qütblər arasında dərinləşən
ayırıcı xətlər fonunda, eləcə də nifrət
dilinin geniş vüsət aldığı, məqsədli
dezinformasiya və yalan məlumatların geniş və bir
çox dövlətlərin prioritet siyasətləri çərçivəsində
servis edilməsi ümumbəşəri dəyərlər və
insanlıq adına yaxşı heç nə vəd
etmir".
Milli Məclisin
deputatı Bəhruz Məhərrəmov "Azərbaycan"
qəzetinə açıqlamasında bildirib ki, məhz bu
tendensiya ilə heç bir formada ümumbəşəri dəyərlərə
sadiq qalmaq, demokratik quruluşa təminat vermək, başqa
dövlət və xalqlarla münasibətləri
hamılıqla qəbul edilmiş beynəlxalq hüquq
normalarında nəzərdə tutulan prinsiplər əsasında
qurmaq mümkün deyil. Baxmayaraq ki, Azərbaycan
bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq
şəraitində yaşamaq və bu məqsədlə
qarşılıqlı fəaliyyət göstərməyi
özünün ali niyyətlərindən biri kimi konstitusion
səviyyədə bəyan edib, lakin 30 ildən artıq bir
periodda reallıqların manipulyasiyası bizə qlobal miqyasda
fərqli və ədalətsiz baxış rakursu
formalaşdırmışdı. Yəni Azərbaycan məqsədli
siyasi dezinformasiyaların yaratdığı problemlərin fəsadlarını
yaşayan beynəlxalq subyektlərdən biridir. Daha aydın
dillə desək, işğala, təcavüzə məruz
qalan Azərbaycanın özünün
işğalçı, təcavüzkar imicdə təqdim
olunması üçün köklü fəaliyyət
başlanmışdı. Hətta Xocalı faciəsinin
qurbanlarının belə ermənilər olması, azərbaycanlıların
ermənilərə qarşı törətdiyi
soyqırımı olması kimi dezinformasiyalar siyasi
platformalara qədər yol tapmışdı. Prosesin iç
üzünə dair səhih məlumatı olan, regionda vasitəçilik
missiyası yerinə yetirən subyektlər isə bu prosesə
susqunluq göstərməklə dəstək verir,
saxtakarlığın bir hissəsinə çevrilirdilər:
"Əminliklə deyə bilərik ki, Azərbaycanın on
illər ərzində üzləşdiyi beynəlxalq
hüquq pozuntularının təməlində dayanan əsas
amillərdən biri ölkəmizin reallıqların
manipulyasiyası ilə üz-üzə qalması olub. Uzun illər
Azərbaycan ərazilərinin 20 faizdən çoxunun
işğal altında qalması, Qarabağ və Şərqi
Zəngəzurda Ermənistanın dövlət siyasəti
çərçivəsində ardıcıl və
davamlı şəkildə ekosid və urbisidin törədilməsi,
o cümlədən bir milyondan artıq insanın öz
yurd-yuvasından didərgin düşməsi fonunda
yaradılan yanlış narrativlər qlobal miqyasda ölkəmizin
haqq səsinin boğulması ilə nəticələnib, hətta
ABŞ-də "Azadlığa Dəstək Akt"ına
907-ci düzəlişin timsalında sanksiyalara məruz
qalıb".
Deputatın sözlərinə görə, Prezident
Ilham Əliyevin çoxşaxəli xarakter daşıyan və
milli konsepsiyaya - Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq
ideologiyasına əsaslanan siyasi kursu, ölkəmizin iqtisadi və
siyasi müstəqilliyini tam şəkildə bərqərar
etməsi sonrakı dövrlərdə bu prosesin ikili
standartlara əsaslanan riyakar gedişatını dəyişərək
ciddi dönüşə səbəb oldu. Xüsusən cənab
İlham Əliyevin Müzəffər Ali Baş
Komandanlığında əldə olunan böyük zəfərlərin
ardınca qlobal miqyasda yeni güc mərkəzi kimi tanınan
Azərbaycan artıq hesablaşılan beynəlxalq subyekt kimi
önə çıxmağa başladı.
Deputat qeyd edib ki, Prezidentin çoxvektorlu siyasətinin
nəticəsi olaraq Azərbaycanın BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti,
habelə ölkəmizin Qoşulmama Hərəkatına
uğurlu sədrliyi milli maraqlarımızı qüdrətli
və reallıq yaradan dövlət olaraq müdafiə etmək
üçün geniş imkanlar açıb. Eyni zamanda uzun
illər ərzində Azərbaycanın haqq səsini
boğmağa, yaxud regionda təcavüzkar maraqlarına
münaqişələrin davamlılığı fonunda
baxmağı arzulayan qlobal subyektlərin reallıqlarla
barışmağa məcbur edilməsi proseslərdə
istiqaməti tamamilə dəyişib. Nə qədər ədalətsiz
olsa da, Qarabağ və Şərqi Zəngəzurun
işğalı dönəmində həmin ərazilərin
məruz qaldığı erməni vandallığı barədə
beynəlxalq ictimaiyyəti əyani şəkildə məlumatlandırmaq
müşkül məsələ idi. Xüsusən prosesə
vasitəçi kimi cəlb olunmuş beynəlxalq subyektlərin
ikili standartlardan çıxış etdiyi bir situasiyada
vicdanlı, qərəzsiz yanaşma gözləmək sadəlövhlük
olardı. Lakin təəssüf doğuran haldır ki, Azərbaycanın
öz əzəli və beynəlxalq hüquqla tanınan
torpaqlarını işğaldan azad etməsindən sonra da
özünü "beynəlxalq ictimaiyyət" elan edən
ayrı-ayrı Qərb subyektləri hələ də ölkəmizin
haqq səsini eşitməyə, o cümlədən
reallıqlarla bağlı ədalətli fikir söyləməyə
nəinki tələsmir, üstəlik, beynəlxalq hüququn
aliliyinin təmin olunması və dezinformasiya mühitinə zərbə
vurulmasından məmnun görünmür.
B.Məhərrəmov bildirib ki, əvvəlki dövrlərdə
Ermənistanın işğalında ehtiva olunan status-kvonun
davamlılığını təmin etmək məqsədilə
sülh və təhlükəsizlik barədə tezislər irəli sürən Qərb
indiki məqamda sülh və sabitlik qarşısında Fransa
və digər beynəlxalq subyektlərin timsalında əngələ
çevrilir: "Görünən odur ki, əslində,
işğal və təcavüz, o cümlədən Azərbaycanın
qarşılaşdığı digər beynəlxalq
hüquqa və ədalətə zidd situasiya bölgədə
qeyri-sağlam maraqlar güdən ayrı-ayrı qlobal subyektlərin
istəkləri ilə üst-üstə
düşürmüş. Əlbəttə, ötən
dövr ərzində müşahidə olunan və bu gün
də davam edən informasiya manipulyasiyaları və
yanlış narrativlər yalnız ayrı-ayrı qlobal
subyektlərin maraqlarında ehtiva olunmur. Burada, həmçinin
dünyanın müxtəlif dövlətlərində erməni
diasporunun səfərbər olması, erməni vəsaitləri
hesabına siyasətə gələn və nüfuz qazanan
ayrı-ayrı siyasətçilərin, konqresmenlərin və
senatorların fəaliyyəti, habelə məqsədli niyyətlərə
alət olan, o cümlədən erməni milyarderlər tərəfindən
dəstəklənən media subyektləri və media nümayəndələrinin
bu istiqamətdə fəaliyyəti də görməzdən
gəlinməməlidir".
Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin II
Şuşa Qlobal Media Forumundakı
çıxışında da dolayısı ilə ifadə
etdiyi kimi, məhz bu amillər Azərbaycana qarşı
hücumlarda, yanlış narrativlərin formalaşmasında,
ölkəmizin reallıqdan çox uzaq bir şəkildə
təqdim olunmasında mühüm rol oynayıb.
Prezident İlham Əliyev hələ ötən il
iyunun 20-də Çinin "China Media Group" şirkətinə
müsahibəsində bu reallıqları və Qərbin
ikiüzlü davranışlarını geniş formada
ifşa etmişdi. Bu gün bir daha şahidlik edirik ki, beynəlxalq
hüququn ümumtanınmış prinsiplərinə və
ümumbəşəri dəyərlərə zidd formada
yayılan natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş
hesabatlar şəklində servis edilən bütün
dezinformasiyalar faktiki olaraq Qərbdən qaynaqlanır və Qərbin
digər "önəmli" beynəlxalq təsisatları
da məhz bu qeyri-dəqiq və manipulyativ informasiyalara məmnuniyyətlə
istinad edərək proseslərin, yanlış və məqsədli
məlumatların daha geniş areala yayılmasına səbəb
olur: "Bundan başqa, ötən dövr ərzində
çoxsaylı korrupsiyalaşmış siyasətçilərin
məhz bu proseslərdə alətə çevrildiyinə,
yaxud erməni diasporunun sifarişini korrupsiya maraqları
qarşılığında yerinə yetirdiyinə
şahidlik etmişik. Məsələn, artıq barəsində
çoxsaylı korrupsiya ittihamları təsdiq olunan ABŞ
Senatının komitə sədri Menendez bir zamanlar nəinki
Senat, bütövlükdə Konqresdə xərçəng xəstəsini
Azərbaycan dövlətinin "blokada siyasəti" nəticəsində
ac-susuz qalaraq ölmüş erməni kimi təqdim etməkdən
çəkinməmişdi. Amma bu gün görünən
odur ki, Menendez və onun həyat yoldaşı, əslində,
erməni milyarderlərin sifarişlərini yerinə yetiriblər.
Amerikanın aidiyyəti orqanlarının həyata
keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri
bir çox reallıqları üzə çıxarır.
Əlbəttə, biz zamanın Azərbaycanın lehinə
işləməsi barədə tezisləri təsadüfən
səsləndirmirik".
B.Məhərrəmov hesab edir ki, Prezident İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
siyasi kurs ölkəmizi qlobal miqyasda güc kimi təsdiqlədikcə,
Azərbaycanla daha çox hesablaşıldıqca Qərb
siyasi dairələri də reallıqlara daha açıq
gözlə baxmağa məcbur olurlar: "Əslində Azərbaycana
münasibətdə xüsusi yanaşmaya ehtiyac yoxdur. Möhtərəm
cənab Prezidentin Qlobal Forumda da ifadə etdiyi kimi, biz sadəcə
istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr
obyektiv şəkildə işıqlandırılsın. Məhz
bu, yalan məlumatların ifşası, habelə dezinformasiyaya
qarşı mübarizə istiqamətində ən real
töhfə ola bilər. Əgər bu gün qlobal media
obyektiv, vicdanlı, qərəzsiz və peşəkar
davranmaqda istəklidirsə, cənab İlham Əliyevin
Şuşadan verdiyi bəyanatlar bu istiqamətdə
mühüm yol xəritəsi kimi istifadə
olunmalıdır".
Deputat qeyd edib ki, proseslərin gedişatı
özünü qlobal "idarəçi" qismində beynəlxalq
ictimaiyyətə təlqin edən Qərb subyektlərinin
dezinformasiya və yalan məlumatlarla mübarizə
mövzusunda iddia etdikləri qədər nəinki səmimi
olmadığını, əksinə hələ ki bu sahənin
prioritetə çevrildiyi dövlət siyasətindən
imtina etmək niyyətində olmadıqlarını göstərir.
Lakin Azərbaycanın II Şuşa Qlobal Media Forumuna
evsahibliyi etməsi, o cümlədən Prezident
İlham Əliyevin dezinformasiya ilə mübarizədə
konseptual çıxışı ölkəmizin bu istiqamətdə
mübarizədə qətiyyətli və mövcud ədalətsiz
formulları dağıtmaqda israrlı olduğunu göstərir.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.7.