BEA-nın
icraçı direktoru
COP29-da konkret nəticələrə
nail olmaq üçün strategiyanı
açıqlayıb
"Bakıda keçirilən
COP29-da zəngin ölkələr,
aşağı gəlirli
ölkələr, Şimal
və Cənub iqlim dəyişikliyinin qlobal problemini həll etmək üçün bir araya gəlməlidir".
Bu barədə
Trend-ə özəl müsahibəsində
Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı
direktoru Fatih Birol deyib.
Əvvəlki COP29 üzrə
dialoqlardan və Nyu Yorkda keçiriləcək
görüşdən əsas
nəticələr
"COP29 ilə bağlı
iki yüksəksəviyyəli
dialoqumuz oldu və onlar bir
sıra mühüm nəticələrə gətirib
çıxardı, mənim
fikrimcə, həm ölkələr, həm də enerji şirkətləri və
maliyyə sənayesi baxımından çox yüksək səviyyədə
iştirak oldu. Bu, böyük marağa səbəb oldu. İkincisi, hökumətlər COP28-də əldə
edilmiş uğurları
möhkəmləndirməyə sadiqdirlər və bunu COP29-da edəcəklər.
Bakıda daha bir uğur hekayəsi
yazılacaq. Üçüncüsü,
bu, COP29 komandasının
və Azərbaycan hökumətinin hər kəsi danışıqlar
masası arxasına yığmağa və ölkələr arasında
konsensus tapmağa yönəlmiş inklüziv
yanaşmasıdır", - deyə o bildirib.
F.Birol qeyd edib ki, hazırda
müzakirələr getdikcə
daha çox maliyyə məsələsinə
yönəlib:
"Bu əsas
mövzu olacaq. Eyni zamanda Paris və Londonda keçirilən görüşlərimizə
qoşulan tərəflər
COP29-da konkret nəticələr
əldə etməyə
ümid edirlər".
BEA-nın
icraçı direktoru qeyd edib ki, BMT Baş Assambleyası
çərçivəsində sentyabrda Nyu Yorkda keçiriləcək
üçüncü tədbirdə iştirak
üçün çoxlu sayda müraciətlər daxil olur:
"COP29 ilə bağlı
gözləntilər hər
gün artır. Biz iki məqama
diqqət yetirmək niyyətindəyik. Birincisi,
biz ölkələr arasında maliyyələşmə
ilə bağlı konsensusa gəlməyə
çalışmaq və
həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri COP29-un prezidenti
vəzifəsinə təyin
edilmiş Muxtar Babayevlə birgə sədrliyimlə görüş
üçün bir araya gətirmək istərdik".
F.Birol qeyd edib ki, ikinci
məqsəd metan emissiyalarının azaldılmasına
yönəlmiş addımlarda
konkret nəticələrə
nail olmaq, qlobal akkumulyatorun inkişafı məqsədinə
və qlobal şəbəkə hədəfinə
nail olmaqdır:
"Bunlar iki fərqli istiqamətdir. Birincisi, maliyyələşdirmə
ilə bağlı konsensusa nail olmaq cəhdi, ikincisi isə COP28-də əldə edilən uğurun inkişaf edilməsi. Biz Bakıda növbəti konkret hansı məqsədlərin razılaşdırıla
biləcəyini müzakirə
etməyə hazırlaşırıq.
Tədbirdən bir müddət əvvəl Beynəlxalq Enerji Agentliyi COP28-in necə irəlilədiyi və bu tendensiyaların daha davamlı olması üçün
COP29-da nə edilməli
olduğu barədə
hesabat təqdim etməyə hazırlaşır.
Çünki bildiyiniz
kimi, məsələn,
COP28-də bərpaolunan enerji
tutumunun üçqat
artırılması və
ikiqat enerji səmərəliliyi haqqında
qərar var idi ki, biz
bunu COP28 prezidentinə
təklif etmişdik. İndi biz enerji
sistemlərini təhlükəsiz
etmək və batareyalar, şəbəkələr
və hansı əlavə konkret tədbirlərin lazım olduğunu müəyyən
etməklə iqlim məqsədlərimizə cavab
vermək üçün
bunu tamamlamağı təklif edirik", - deyə o əlavə edib.
İqlim maliyyə
problemləri
F.Birol hesab edir ki, iqlim
maliyyəsi bütün
problemlərin "sinir
mərkəzi"dir.
"İcazə verin
konteksti verim. Bu il dünyada
təmiz enerjinin maliyyələşdirilməsinə təxminən 2 trilyon dollar sərmayə qoyulacaq. Kifayət qədər yaxşı deyil, amma ümidvericidir.
Amma problem ondadır ki, bu 2 trilyon dolların
təxminən 85 faizi
inkişaf etmiş iqtisadiyyatlara və Çinə yatırılır.
Yalnız 15 faizi dünya əhalisinin üçdəikisindən çoxunun
yaşadığı inkişaf
etməkdə olan ölkələrə sərmayə
qoyulur. Deməli, burada ciddi problem
var. Tərəflərin
inkişaf etməkdə
olan ölkələr
üçün təmiz
enerjinin maliyyələşdirilməsinə
zəmanət verməyə
razılaşdıqları bir mexanizm hazırlamalıyıq.
Çünki bunu edə bilməsək, iqlimlə bağlı məqsədlərimizə çatmaq
şansımız olmayacaq",
- deyə BEA-nın icraçı direktoru bildirib.
O qeyd edib ki, təkcə inkişaf etmiş iqtisadiyyatlarda və Çində iqlim maliyyəsini artırmaqla problemləri həll etmək olmaz:
"Asiya, Afrika
və Latın Amerikasında böyük
miqdarda emissiya var. Ona görə
də mənim üçün bu kritik sualdır. Həm COP29, həm də COP30 maliyyələşdirməyə
diqqət yetirməlidir.
Hesab edirəm ki, COP29 sədrliyinə əlavə olaraq, Braziliyanın bu il G20 sədrliyi inkişaf etməkdə olan ölkələr üçün lazımi
vəsaiti təmin etmək üçün çalışmalıdır".
Effektiv nəzarət
mexanizminin yaradılması
yolları
"Bütün yollar
Bakıya aparır. Ölkələr yeni milli səviyyədə müəyyən olunan töhfələr verməlidirlər.
2035-ci ilə qədər
nə edəcəklərinə
qərar verməlidirlər.
Və bu planlar qlobal istiləşməni 1,5 dərəcə
Selsi səviyyəsində
saxlamaq məqsədinə
nail olmaq üçün kifayət
qədər iddialı
olmalıdır. Bakıdakı
müzakirələr burada
çox mühüm rol oynayacaq. Məhz buna görə Beynəlxalq Enerji Agentliyi iddialı milli səviyyədə müəyyən
olunan töhfələri
inkişaf etdirmək üçün tərəflər
arasında mənalı
müzakirələri təmin
etmək üçün
COP29 sədrliyini dəstəkləmək
qərarına gəlib.
Əgər onlar
kifayət qədər
iddialı deyillərsə,
qlobal istiləşməni
1,5°-də saxlamaq məqsədinə çatmaqda
bizə kömək edə bilmirlərsə, bu, yaxşı nəticə olmayacaq. Buna görə də COP29 sədrliyi bütün tərəfləri
növbəti 10 il üçün iddialı
milli səviyyədə
müəyyən olunan
töhfələrə sahib
olmağa təşviq
etməlidir. Bütün
ölkələr və
BEA burada COP29 sədrliyini
tam dəstəkləyəcək",
- deyə F.Birol bildirib.
BEA-nın icraçı
direktoru qeyd edib ki, COP29-da o, zəngin ölkələrin,
aşağı gəlirli
ölkələrin, Şimal
və Cənubun bu qlobal problemin
öhdəsindən gəlmək
üçün bir araya gəlməsini görmək istəyir:
"Bu, təkcə
varlılar üçün
deyil, həm də yoxsul ölkələr üçün,
təkcə Şimal üçün deyil, həm də Cənub üçün,
bütün ölkələr
üçün bir çağırışdır. Əgər biz geosiyasi parçalanmaları,
geosiyasi fikir ayrılıqlarını bir
kənara qoyub qlobal məsələyə
diqqəti yönəldə
bilsək və bəzi konkret qərarlar qəbul edib konkret məqsədlər
üzərində razılaşa
bilsək, COP29 bu qlobal məqsədə çatmaqda uğurlu mərhələ kimi yadda qalacaq".
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.10.