Rusiyalı
ekspert: "Azərbaycanın
"Bir kəmər, bir yol" təşəbbüsü
çərçivəsində əhəmiyyəti artacaq
"Çin ilə
Azərbaycan arasında
strateji tərəfdaşlıq
haqqında sənədin
imzalanması Pekinin müasir xarici siyasət strategiyasının
məntiqinə və
xüsusiyyətlərinə tam uyğundur".
Bu fikirləri
AZƏRTAC-la Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının Aktual Beynəlxalq Problemlər İnstitutunun (IAMP) eksperti
Vladimir Nejdanov bölüşüb.
Onun sözlərinə
görə, Çin ilə digər xarici ölkələr arasında müxtəlif növ tərəfdaşlıq
münasibətlərinin yaranması
unikal bir hadisə deyil. Bu gün Çin
strateji tərəfdaşlıq,
koordinasiya, əməkdaşlıq
kontekstində fəal
siyasət yürüdür.
Pekinin onlarla belə xüsusi tərəfdaşlıq növü
var.
Agentliyin həmsöhbəti
deyib: "Bakı ilə Pekin arasında tərəfdaşlığın
xüsusiyyətləri nədən
xəbər verir? Əvvəla, həmin tərəfdaşlıq Çin
tərəfindən beynəlxalq
əlaqələrin qurulmasının
əsas və alternativsiz yolu kimi qəbul edilir. Pekinin müasir xarici siyasət paradiqması vurğulayır ki, dövlətlər arasında
münasibətlər qarşılıqlı
faydalı, yəni onların "qazan-qazan"
adlandırdıqları əsaslarda
olmalıdır. Bu baxımdan, müxtəlif
tərəfdaşlıq növlərinin
mövcudluğu Çinin
dialoq istəyi, münasibətlərin inkişafı,
praqmatik faydaların gücləndirilməsi ilə
bağlı yanaşmasını
nümayiş etdirir".
V.Nejdanov Çinin
Cənubi Qafqazın konkret bir ölkəsi
ilə qarşılıqlı
faydalı əməkdaşlığın
inkişaf etdirilməsində
maraqlı olmasının
səbəblərindən danışarkən,
diqqəti Pekinin "Bir kəmər, bir yol" təşəbbüsünə
yönəldib.
Ekspert vurğulayıb:
"Xüsusi olaraq xatırlamaq lazımdır
ki, bir müddət
əvvəl böyük
bir layihə - Bakı-Tbilisi-Qars marşrutu
həyata keçirilib.
2022-ci ilin aprelində
Çin Sian şəhərindən yük
qatarlarını prinsipcə
yeni, əvvəllər
mövcud olmayan marşrut üzrə - Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Rumıniya,
Macarıstan, Slovakiya,
Çexiya vasitəsilə
tranzitlə Almaniyaya göndərməyə başladı.
Gələcəkdə isə
Bakı-Tbilisi-Qars marşrutunun
bu layihəyə inteqrasiyası gözlənilir.
Azərbaycanın burada
Çinin strateji tərəfdaşı kimi
əhəmiyyətinin birinci
məqamı budur. Onu da unutmayaq
ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi
getdikcə çoxalır.
Yəni "Bir kəmər, bir yol" təşəbbüsü
çərçivəsində Azərbaycanın rolu artır".
Rusiyalı
politoloq xatırladıb ki, trans-Xəzər marşrutu üzrə
yükdaşımaları artırmaq üçün Azərbaycan,
Gürcüstan və Qazaxıstan 2022-ci ilin martında
müştərək müəssisə - Avrasiya Dəmir Yolu
Alyansının yaradılması barədə
razılığa gəliblər. V.Nejdanovun fikrincə, belə
bir razılaşma tranzit əməliyyatlarının səmərəli
idarə edilməsi üzrə xidmətlərin
avtomatlaşdırılmasına və sərhədlərdə
gömrük əməliyyatlarının sadələşdirilməsinə
yönəlib.
Ekspert
müsahibənin sonunda deyib: "Eyni zamanda Gürcüstan, Azərbaycan,
Türkiyə və Qazaxıstan arasında tranzit
potensialının yaxşılaşdırılması və
qlobal ticarət şəbəkəsinə inteqrasiya istiqamətində
səy göstərməyə razılıq verən bəyannamə
imzalanıb. Son 2-3 ildə biz "Bir kəmər, bir yol"
təşəbbüsü çərçivəsində Azərbaycanın
tranzit ölkə qismində əhəmiyyətinin
artmasını müşahidə edirik. Bu əhəmiyyət
daha da artacaq. Azərbaycan və Çin strateji tərəfdaşlıq
səviyyəsinə məhz qarşılıqlı
faydalı əməkdaşlıq fonunda çatıblar".
Bu
yaxınlarda, iyulun 3-də Azərbaycan və Çin
Şanxay Əməkdaşlıq Təşkilatının
Astanada keçirilən Zirvə toplantısı çərçivəsində
strateji tərəfdaşlığa dair Birgə Bəyannamə
qəbul ediblər. Bu sənəddə qeyd edilir ki, Bakı və
Pekin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı
genişləndirmək, beynəlxalq məsələlərdə
əlaqələri gücləndirmək, iki ölkənin
ümumi maraqlarını birgə qorumaq, birlikdə regional və
qlobal sülh, sabitlik və inkişafa töhfə vermək
barədə razılığa gəliblər. Bəyannamədə
həmçinin vurğulanır ki, Azərbaycan və
Çin bir-birini prioritet və etibarlı tərəfdaşlar
hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli
münasibətlərə dair siyasəti müstəqil şəkildə
müəyyən edirlər.
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.12.