Onun səsi də, ifası da, səhnə mədəniyyət i də
bir başqa idi. Gözlərindən, baxışlarından daxili
gözəlliyini görmək
olurdu. Üzündən
nur tökülürdü.
Tanrı ona əvəzsiz bir nemət - gözəl səs vermişdi. Məlahətli səsi adamın ruhunu oxşayıb qanına hopurdu.
Efirə çıxmazdan
əvvəl el şənliklərində ad
çıxarmışdı. Hələ o zaman nəinki Azərbaycanda, İranda, Orta Asiyada da yaxşı
tanıyırdılar onu.
O, əsl Azərbaycan
oğlu idi. Oturub-durmağı, əxlaqı,
ləyaqəti ilə... Elə efirə də ilk dəfə 1977-ci ildə Ələkbər Tağıyevin "Azərbaycan
oğluyam" mahnısı
ilə çıxdı.
İlk mahnısı ilə də tamaşaçıların ürəyinə
çığır açıb
dinləyiciləri səsinin
sehrinə saldı. İlk dəfə Məmmədbağır Bağırzadənin
ifasında səslənən,
sonralar düşmənin
üstünə yeriyən
qəhrəman oğullarımızın
qəhrəmanlıq marşına
döndü bu mahnı.
Azərbaycanın Xalq
artisti, mahnılarımızın,
muğam və təsniflərimizin bənzərsiz
ifaçısı, bəstəkar-müğənni
Məmmədbağır Bağırzadə
1950-ci il iyulun 21-də
Bakının Nardaran kəndində dünyaya gəlmişdi. Uşaqlıqdan
musiqiyə, ifaçılığa
marağı olan 20 yaşlı Məmmədbağır
hərbi xidmətdən
qayıtdıqdan sonra
toylarda görünməyə
başlamışdı. Doğulduğu
Nardaran kəndində
klassik musiqiyə, muğamlara həmişə
böyük hörmət
və sevgi görən Məmmədbağır
bənzərsiz ifa tərzi ilə qısa bir zamanda
Bakı və Bakıətrafı kəndlərin
sevimlisinə çevrilərək
hörmət qazanmışdı.
Məmmədbağır həm
öz bəstələrini
oxuyar, həm də klassik musiqiyə üstünlük
verərdi. Gənc xanəndənin bir üstünlüyü də
onda idi ki, klassik şeiri,
qəzəlləri yaxşı
bilirdi. 1979-cu ildə A.Zeynallı adına Musiqi Texnikumunun muğam şöbəsində
Xalq artisti Əlibaba Məmmədovun
sinfində dərs alan Məmmədbağır
Bağırzadə sonralar
Azərbaycan Dövlət
İncəsənət İnstitutunu
bitirdi. Xalq artisti Əlibaba Məmmədov xatirələrində
deyirdi: "Hər dərsin sonunda mütləq Məmmədbağıra
bir muğam oxutdurardım ki, ruhumuz qidalansın. Onun səsinin, avazının bir başqa gözəlliyi var idi. Məmmədbağır
nadir səs sahiblərindən idi".
Elə bu səbəbdəndir ki,
Əlibaba Məmmədov
bu nadir səs sahibini rəhbərlik etdiyi "Humayun" ansamblına dəvət edir. Sonralar M.Bağırzadə
Asəf Zeynallı adına musiqi kollecində Xan Şuşinski sinfində və muğam kafedrasında, həmçinin
3 saylı musiqi məktəbinin muğam sinfində müəllimlik
edir. Eyni zamanda müğənni
1976-2005-ci illərdə Azərbaycan
Dövlət Televiziya
və Radiosunun solisti olur. Sənətkar
həm də özünün "Dilkeş"
ansamblını yaradır.
Oğlu Rahim Bağırzadə bu barədə jurnalistlərə
verdiyi müsahibələrinin
birində demişdir:
"Atam ansamblının
adını "Dilkeş"
qoymuşdu, evdə daha
çox ərəb, türk kanallarına baxırdı. Bir dəfə bunların səbəbini atamdan soruşanda mənə dedi ki, mən
musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm ki, Kərkükdəyəm. O, dünyasını
dəyişəndən sonra
arxiv idarəsində işləyən tanışımızdan
xahiş etdim ki, bizim nəslin
şəcərəsini araşdırsın.
Məlum oldu ki, atamın ulu babaları İraqda, Kərkükdə
doğulublar. O, öz
şəcərəsini genetik
olaraq hiss etmişdi".
Müğənni repertuarında
daha çox Əliğa Vahid, Mədinə Gülgün,
Fikrət Qocanın şeirlərinə bəstələnən
mahnılara üstünlük
verərdi.
Məmmədbağır Bağırzadə ifa etdiyi mahnılara öz möhrünü vurmağı bacaran nadir sənətkarlardan idi. Onun ifa
etdiyi "Axşamlar",
"Səni unuda bilmirəm", "Olmaz,
olmaz", "Belə
qəmli dayanma",
"Xatirələr", " Ayrılıq olmayaydı"
mahnıları əbədiyaşarlıq
qazanmış musiqi nümunələrindəndir.
Məmmədbağır Bağırzadə ifaçılıqla
yanaşı, mahnı
da bəstələyirdi.
O, 30-dan çox mahnıya
- "Darıxıram", "Dözə bilmirəm",
"Güman yeri var", "Qaldı dağlarda", "Olmaz",
"Qəhrəmanlıq nəğməsi",
"Dindir məni",
"Ana dünyası",
"Xoşum gəlir",
"Axtarır gözüm
səni" musiqi ömrü vermişdi.
Xanəndənin oğlu
Rahim Bağırzadə
demişdi: "Atam ağir təbiətli, qapalı xarakterə malik olan adam
idi. Oktyabrın 30-da rəhmətə gedəcəyini
yuxuda görmüşdü.
Həmişə də
bu tarixdən qorxurdu. 2005-ci ilin oktyabr ayında dünyasını dəyişdi.
Elə oktyabrın
30-da öz vəsiyyətinə
uyğun olaraq doğulduğu Nardaran kəndində dəfn olundu".
Xanəndə haqqında
bu günə qədər 7 sənədli
film çəkilib. Fonetekamızın qızıl
fondunda iki - "Rast" və "Zabul" muğamları saxlanılır. Müğənni dünyasını
dəyişdikdən sonra
haqqında "Doymadım
bu dünyadan" və "Azərbaycan oğluyam" adlı iki kitab yazılıb.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.14.