Dezinformasiyaya
qarşı mübarizə
Şuşa Qlobal Forumu bu
istiqamətdə mühüm
platformaya çevrilib
"Bəziləri ölkəmizi
hədəfə alıb.
Şanlı qələbəmiz,
ölkəmizin siyasi,
iqtisadi uğurları,
qlobal arenada artan nüfuzu anti-Azərbaycan dairələrinin
ürəyincə deyil".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin Səhiyyə komitəsinin
sədr müavini Rəşad Mahmudov deyib. Deputat bildirib ki, uğurlarımızı
həzm edə bilməyən müxtəlif
xarici dairələrin
ölkəmizə qarşı
həyasızcasına apardıqları
informasiya müharibəsi,
qarayaxma kampaniyası bu gün nəinki
səngiyir, hətta getdikcə daha da artır. Xüsusilə də Azərbaycanın COP29 kimi
mötəbər bir tədbirə evsahibliyi edəcəyi məlum olduqdan sonra bu hücumlar özünü daha qabarıq şəkildə
göstərir. Ədalətin
Azərbaycanın tərəfində
olduğu bu qarşıdurmada ölkəmizə
qarşı aparılan
çirkli informasiya savaşına mətbuatın
reaksiyası, əlbəttə
ki, böyük rol oynayır. "İyulun 20-də "Yalan
məlumatların ifşası:
Dezinformasiyaya qarşı
mübarizə" mövzusunda
II Şuşa Qlobal
Media Forumunun açılış
mərasimində Prezident
İlham Əliyev
KİV-in həqiqətdən
uzaq məlumatlara qarşı mübarizəsindən
danışmaqla yanaşı,
medianın xüsusi məsuliyyət daşıdığını
da bəyan etdi. Dövlət başçısının media
forumunda səsləndirdiyi
fikirlər birmənalı
şəkildə "dördüncü
hakimiyyət" üçün
dəyərli tezislər
olmaqla yanaşı, həm də ermənipərəst dairələrə,
Cənubi Qafqaz regionuna mənfi təsir göstərməyə
çalışan qüvvələrə
tutarlı cavab oldu",- deyə
o əlavə edib.
Onun sözlərinə görə,
müharibə təkcə
döyüş meydanında
deyil, həm də siyasi ritorikada, KİV-də və sosial şəbəkələrdə də aparılır. Hər bir ölkə bu amansız müharibənin
hədəfi ola bilər, çünki informasiya müharibəsi qaydaları, bəzən hətta dəqiq müəyyən edilmiş
düşməni olmayan
savaşdır. İstifadə
olunan üsulların müxtəlifliyi sonsuzdur və əsas təhlükə odur ki, böyük insan kütləsinə təsiri uzun müddət qala bilər.
Deputat qeyd edib ki, İkinci
Qarabağ müharibəsində
qalib gəlməsindən
sonra Azərbaycan da məhz bu
informasiya müharibəsi
ilə üzləşib:
"Qarabağ işğal
altında olan zaman da ölkəmizə
qarşı geniş qarayaxma kampaniyaları aparılırdı. Münaqişə
başa çatdıqdan
sonra da bu destruktiv fəaliyyətə
son qoyulmadı, daha geniş miqyas aldı. Azərbaycanla bağlı
təhrif olunan və yalan məlumatlar,
uydurma faktlar, saxta xəbərlər geniş şəkildə
yayılmağa başladı
və təəssüf
ki, iyrənc kampaniya bu gün
də davam edir".
R.Mahmudov vurğulayıb
ki, ölkəmizə
qarşı hücumların
əksəriyyətinin arxasında
erməni lobbisinin və onlarla əməkdaşlıq edən
müxtəlif siyasi-iqtisadi
maraqları olan xarici qrupların dayanması heç kəsə sirr deyil. Belə şər qüvvələrin
məqsədləri Azərbaycanı
ləkələmək, ölkəmiz
haqqında təhrif olunmuş məlumatlar yaymaqdır. Yalan məlumatların ifşası
və dezinformasiyaya qarşı mübarizə
mövzusu ilə bağlı suala cavabında Prezident İlham Əliyev bu destruktiv fəaliyyətin
həyatımızın bir
hissəsinə çevrilməsindən
təəssüfləndiyini bildirdi. Dövlət başçısı vacib
məsələnin müzakirəsinə
toplaşan çoxsaylı
media nümayəndələrinin
diqqətinə çatdırdı
ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan bəzi məlumatlar həqiqətə uyğun
olmur və ölkəmiz barədə
təqdim edilən faktların manipulyasiyasına,
yanlış təsəvvürlərə
yol verilir. "Əlbəttə, saxta və yalan məlumatlara
əsaslanan kampaniyaların
qlobal miqyasda vüsət aldığı
bir şəraitdə
Azərbaycan dövlətçiliyinin
maraqlarını müdafiə
etmək, vətəndaşlarımızın
dolğun və etibarlı məlumat almaq hüquqlarını təmin etmək hər bir dövlətin
qarşısında dayanan
əsas vəzifələrdən
biridir. Azərbaycan mediası da bu çətin, eyni zamanda məsuliyyətli
və şərəfli
vəzifənin öhdəsindən
gəlmək üçün
resurslarını cəmləşdirərək
sərhədsiz və
qaydasız savaş açanlara qarşı mübarizə aparır. Bu strateji məsələ
dövlət rəhbərliyinin
də diqqət mərkəzindədir. Prezidentin
köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev II
Şuşa Qlobal Media
Forumundakı çıxışında
bildirdi ki, Prezident İlham Əliyev dezinformasiya hücumlarının qarşısının
alınmasında peşəkar
medianın rolunu həmişə yüksək
qiymətləndirir",-
deyə o bildirib.
Rəşad Mahmudov
qeyd edib ki, Azərbaycan dövlətinin informasiya müharibəsinə qarşı
sərgilədiyi sərt
mövqe milli maraqların qorunması zərurətindən irəli
gəlir. Forumdakı çıxışında Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikirlərini aydın şəkildə
açıqladı. Ölkəmizin
başçısı bildirdi
ki, Azərbaycan haqqında yalan tezislərin yayılması
çox zərərvericidir:
"Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə
imkanlarını azaldır.
Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini
yayındırır və
tamamilə qeyri-realist
ssenarilər üzərinə
yönəldir". Buna
görə də Azərbaycan həqiqətlərinin
qlobal media məkanında yayılması
istiqamətində dayanmadan
işlər həyata
keçirilir. Yerli
KİV-in köməyi
ilə bizə qarşı informasiya savaşına çıxanlara
layiqli cavab verilir.
İnformasiyanın zəmanəmizin
silahı olduğunu vurğulayan deputat deyib ki, onun
müxtəlif təsir
formalarını birləşdirmək
qabiliyyəti və çeviklik məlum üstünlüklərdən yalnız
bəziləridir. "Bu,
informasiya texnologiyalarından
müxtəlif şəraitlərdə,
səviyyələrdə istifadə
etməyə imkan verir. Şər niyyətli qüvvələr
informasiya silahından
məkrli məqsədləri
üçün istifadədə
sərhəd gözləmir
və hər fürsətdə hücuma
keçirlər. Ancaq
Azərbaycan dövləti
bütün qara əməllərin qarşısını
müvəffəqiyyətlə alır. Qarayaxmalara tutarlı faktlarla cavab verilir, eyni zamanda yalan
məlumatların təsiri
altında olan xarici KİV və qeyri-hökumət təşkilatlarının
nümayəndələrini Azərbaycana və işğaldan azad edilmiş ərazilərə
dəvət etməklə
reallıqlarla yerindəcə
tanış olmalarına
imkan yaradılır",
- deyə R.Mahmudov bildirib.
O qeyd edib ki, bu mənada
II Qlobal Media Forumunun əhəmiyyəti böyükdür.
Forum çərçivəsində keçirilmiş müzakirələr
və irəli sürülən təkliflər
informasiya müharibəsinə
qarşı aparılan
mübarizədə öz
müsbət təsirini
göstərəcək.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.8.