Azərbaycandan
Avropaya "yaşıl
enerji" dəhlizi də uzanacaq
Dünyada baş
verən ekoloji fəsadların aradan qaldırılmasına yönəldilən
ən qlobal beynəlxalq tədbir -
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
növbəti 29-cu sessiyası
bu ilin payızında
Azərbaycanda baş tutacaq. Qısaca COP29 adlandırılan bu tədbirə hazırlıq
işləri geniş
vüsət alıb. Əslində isə ölkəmizin "yaşıl
gündəliyi" çoxdan
bəllidir. Cari ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də əlbəttə təsadüfi
deyil.
44 günlük Vətən
müharibəsindəki qələbəmizdən
az sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizi - 10 min kvadratkilometr sahəni
"yaşıl enerji"
zonası elan etdi. Eləcə də Naxçıvan MR
"yaşıl enerji"
zonası elan olunub. Bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını dövlət
tərəfindən müəyyənləşdirilən
və 2021-ci ilin fevralında qəbul olunan "Azərbaycan
2030: Sosial-iqtisadi inkişafın
Milli Prioritetləri"
təşkil edir. Beş milli prioritetdən biri - təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, "Azərbaycan Respublikasının
2022-2026-cı illər üçün
sosial-iqtisadi inkişaf
strategiyası"nda elektrik
enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının
2026-cı ilədək 24 faiz,
2030-cu ilədək isə
30 faizə çatdırılması
nəzərdə tutulur.
"Yaşıl enerji"
potensialımız böyük,
hədəflərimiz isə
aydındır. Ona görə də qarşıya qoyulan məqsədə doğru
inamlı addımlar atılır. Təsadüfi
deyil ki, öz işini başa çatdırmış
II Şuşa Qlobal
Media Forumunda da bu mövzuda ətraflı söhbət
getdi. Keçən il oktyabrın 26-da Birləşmiş Ərəb
Əmirliklərinin "Masdar"
şirkətinin tikdiyi
"Qaradağ" Günəş-Elektrik
Stansiyasının müvəffəqiyyətlə
istismara daxil olduğu xatırladıldı.
Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik
stansiyasıdır. Stansiya
262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə
xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı
ilk günəş-elektrik
stansiyasıdır. Stansiya
110 mindən çox evi elektrik enerjisi
ilə təmin edəcək.
Daha bir obyekt Səudiyyə Ərəbistanı Krallığının
"ACWA Power" şirkəti tərəfindən inşa
edilən 240 MVt gücündə "Xızı-Abşeron"
Külək-Elektrik Stansiyası
olacaq. Bu stansiyanın gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da
sayəsində 300 min
evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət
olunacaq və il ərzində 400 min ton karbon
qazının atmosferə
atılması azaldılacaq.
Bu qəbildən növbəti obyekt BP-nin tikəcəyi "Şəfəq" Günəş-Elektrik
Stansiyası olacaq. Bu stansiyanın özəlliyi odur ki, işğaldan azad olunmuş bölgələrimizdən birində
- Cəbrayıl rayonunda
inşa ediləcək.
Bu il iyunun 4-də, Bakı Enerji Həftəsinin açılışı günündə
"Masdar"la ümumi
gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma
mərasimləri keçirildi.
Həmin enerji obyektləri bölgələrdə
tikiləcək və
bu göstərir ki, "yaşıl enerji" layihələri
getdikcə daha geniş əraziləri əhatə edəcək.
Prezident İlham Əliyev bütün bunların yalnız başlanğıc olduğunu
deyib.
II Şuşa Qlobal
Media Forumunda sualları
cavablandırarkən Prezidentimiz
bu məsələyə
bir daha toxunub: "Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız.
Texniki baxımdan dənizdə külək
enerjisi potensialı
157 qiqavatdır. Beynəlxalq
Maliyyə Korporasiyasının
hesablamalarına görə,
iqtisadi baxımdan quruda günəş və külək stansiyalarının potensialı
göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni həcm böyükdür. Bununla yanaşı, biz texniki əsaslandırma işləri həyata keçiririk. Söhbət
Xəzər dənizindəki
külək enerji stansiyalarından Rumıniyaya
Qara dənizin dibi ilə uzanacaq
elektrik kabel layihəsindən gedir. Orada da potensial
dörd qiqavatdır. Biz "ACWA Power" şirkəti
ilə saziş imzalamışıq ki, istehsal edilən bərpaolunan enerjinin saxlanma şəraiti olmalıdır, imkanlar olmalıdır. Çünki
bu, ən böyük problemdir. Siz bunu istehsal
edə bilərsiniz, ancaq bir növ
nəhəng bir batareya şəklində inşa ediləcək bu layihə. Ona görə də biz oraya
həm sərmayə cəlb edirik və bu işə
öz sərmayəmizi
də yatırırıq.
Bununla yanaşı, bu, bizə imkan
verəcək ki, təbii qaza qənaət edək".
Məlum olduğu
kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə
"Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya
və Macarıstan Hökumətləri arasında
"yaşıl enerji"nin
inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Saziş"
imzalanıb. Bununla Azərbaycandan Avropaya həmçinin "yaşıl
dəhliz" uzanacaq.
Qazaxıstan və Özbəkistan da özlərinin istehsal etdikləri bərpaolunan enerjini Azərbaycan üzərindən bu dəhlizə qoşmaq qərarındadırlar. Deməli,
ölkəmiz "yaşıl
enerji"nin həm də tranzitini həyata keçirəcək.
Gələcəkdə Naxçıvandan Türkiyəyə
ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaq.
"Bizim planlarımız,
istədiyimiz həyata
keçsə, Özbəkistan
və Qazaxıstandan Xəzər dənizindən
keçərək Azərbaycana,
Gürcüstana, Türkiyə
və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni bu layihə
"Cənub qaz dəhlizi"ndən də
daha böyük layihə olacaq. Amma bizim əməkdaşlığa,
eyni zamanda koordinasiyaya ehtiyacımız
var", - deyə dövlətimizin başçısı
II Şuşa Qlobal
Media Forumunda bu barədə də fikirlərini bildirmişdir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.11.