COP29 könüllüləri bu mötəbər tədbirə ciddi hazırlaşırlar

 

 

Builin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün qeydiyyat prosesinə start verilib. İşlərin gedişi göstərir ki, vətəndaşlarımız, xüsusən gənclərimiz ölkəmizdə keçiriləcək COP29-un tədbirlərinə böyük maraq göstərirlər.

Ötən illər ərzində ölkəmizin evsahibliyi etdiyi irimiqyaslı tədbirlərin icrasında olduğu kimi, könüllülər qlobal əhəmiyyətli COP29-un təşkilində mühüm rol oynayacaqlar. Bir sıra ali məktəblərdə COP29-la bağlı "yaşıl könüllülər" layihələrinə start verilib, bu adla müxtəlif qruplar yaradılır, proqramlar icra olunur. COP29-la bağlı təbliğat işlərində gənc könüllülər fəallıq göstərirlər. 

COP29-un fəaliyyəti çərçivəsində həm yerli, həm xarici vətəndaşların, ümumilikdə 3000 könüllünün prosesə cəlb olunması ehtimal edilir. Azərbaycanda gənclərdən ibarət könüllü ordusu var onlar bütün böyük tədbirlərdə artıq iştirak ediblər. Həm ali məktəblərdə formalaşdırılmış, həm müxtəlif sahələri təmsil edən könüllülər, tələbələr bu sahədə böyük təcrübə qazanıblar. Ekspertlər hesab edirlər ki, ali məktəb tələbələri COP29 tədbirində könüllü kimi öz töhfələrini verəcəklər. Çünki elə bir ali məktəb yoxdur ki, orada COP29 öncəsi təbliğat işləri aparılmasın tələbələr bu prosesə səfərbər olunmasın. Güman edilir ki, Azərbaycan könüllüləri onlara olan etimadı COP29-da yüksək səviyyədə doğruldacaqlar. Artıq bir çox ali təhsil müəssisələrində tələbələrə COP29-la bağlı müvafiq məlumatlar verilir. Digər tərəfdən, bu beynəlxalq tədbirlə əlaqədar bilgiləri onlar həm kütləvi informasiya vasitələrindən, həm ali məktəblərdə tədris edilən dərslər zamanı öyrənirlər. Həmçinin müəyyən seminarlar COP29-a həsr edilir.

Ümumiyyətlə, ekologiya mövzusu, ətraf mühitin qorunması, ekosistemlərin normal fəaliyyətinin təmin edilməsi ölkədə, bütün Yer kürəsində hər bir sakinin verdiyi töhfədən asılıdır. Ona görə bu hərəkat genişləndirilir. Birincisi, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir insan bilir ki, müasir iqlim dəyişiklikləri, çağdaş iqlim problemləri, ətraf mühit, təbiət hadisələri - bütün bunlar antropogen fəaliyyətin nəticəsidir. Bu gün daşqınlar olursa, sel gələrək, ərazilərə daxil olursa, yağış yağırsa, illər boyu isti keçən ərazilərdə qar yağırsa, bunların hamısı belə təsirlərlə bağlıdır. Yəni insan fəaliyyətinin nəticələridir.

Ekspertlərin fikrincə, dünyada elə proseslər gedir ki, bu gün cəmiyyət ondan xəbərsizdir.

Azərbaycan Könüllülər İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Könüllülər" layihəsinə artıq start verilib, bu istiqamətdə digər layihələr təqdim olunub. Bu layihələr ətraf mühitin qorunması barədə Azərbaycan gənclərini maarifləndirmək, onların asudə vaxtlarını səmərəli təşkil etmələrinə dəstək vermək məqsədinə xidmət edir. Bu layihələr hazırkı dövr üçün xüsusi əhəmiyyətə malikdir. Ona görə layihələri həyata keçirənlər özləri fəal olmalı, digərlərini öz arxalarınca aparmağı bacarmalıdırlar.

Əməkdar elm xadimi, professor Vaqif Şadlinski bildirir ki, COP29-la bağlı ölkəmizin bütün sahələrində ciddi işlər görülür. Paytaxtda regionlarda fəaliyyət göstərən ali məktəblər öz layihələrini, proqramlarını ortaya qoyurlar. Ali məktəblərdə tələbələrin iştirakı ilə "dəyirmi masa"lar, dinləmələr, maarifləndirici tədbirlər keçirilir: "Xüsusilə qeyd etmək istəyirəm ki, ali məktəb tələbələrinin bu prosesə cəlb edilməsinin çox böyük əhəmiyyəti var. Təcrübədən bilirəm ki, COP29-un uğurla keçirilməsində Azərbaycan tələbələrinin, könüllülərinin rolu az olmayacaq. Azərbaycan ali məktəblərində tələbələrdən ibarət könüllülər qrupunun yaradılmasının çox əhəmiyyəti var.

Azərbaycan Könüllülər İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gənclər arasında ekoloji maarifləndirmə işinin gücləndirilməsində bu kimi layihələr çox böyük rol oynayır. Ümid edirik ki, bu ilin noyabrında keçiriləcək COP29-la bağlı tədbirlərdə Azərbaycan gəncləri xüsusi fəallıq göstərəcəklər".

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün könüllülərin COP29 tədbirinə yüksək səviyyədə hazırlığının təmin edilməsi məqsədilə onlara peşəkar inkişaf, ətraf mühit dayanıqlılıq kimi mövzuları əhatə edəcək bir sıra müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub. COP29 Könüllülük proqramı həm ölkənin gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2024.- 25 iyul (№ 155).- S.12.