Qəhrəmanlıq
tarixini yazan igidlərdən biri...
Müasir Azərbaycanın
qəhrəmanlıq tarixini
onlar yazdılar. Ömürlərinin ən
gözəl çağlarında,
gənc yaşlarında
bütün arzularının,
sevgilərinin, ümidlərinin
önündə vətəni
tutaraq döyüş
meydanlarına atılan,
Qarabağ və Şərqi Zəngəzur
ərazilərimizi otuz
ilə yaxın işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinə
qarşı ön cəbhədə cəsarətlə,
şücaətlə vuruşan
oğullar... İkinci
Qarabağ müharibəsində
sinələrini işğalçı
düşmənin atdığı
güllələrə sipər
etdilər ki, vətən torpaqları əsarətdə qalmasın.
Onların hərəsi
bir ailənin ümidi, çırağı
idi. İkinci Qarabağ müharibəsində
Vətənin ümidi
oldular, Qarabağ və Şərqi Zəngəzuru qəsbkarlardan
xilas etdilər, azadlıq işığını
yandırdılar... Xüsusi
Təyinatlı Qüvvələrin
əsgəri, şəhid
Əhməd Qurban oğlu Laçınov da Azərbaycanın qüruru, fəxri olan həmin qəhrəmanlardan biridir.
Əhməd Laçınov
1999-cu il iyulun 28-də
Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dünyaya gəlib. O, atası Qurbanla anası Züleyxanın dördüncü
övlad sevinci olub. Əhmədin dünyaya gəlişi ailəyə elə bir fərəh gətirmişdi ki... Ondan böyük üç bacısının
and yeri, valideynlərinin ən böyük ümidi, köməyi olacaqdı Əhməd...
Dil açıb
danışması da,
ayaq tutub yeriməsi də, orta məktəbə ilk gedişi də evdə şadlıq yaratdı. Ata-anasının, bacılarının
sevinci yerə-göyə
sığmadı... Əhməd
Laçınov 2004-2013-cü illərdə R.Muradov adına Yuxarı Çardaxlar kənd tam orta məktəbində
oxudu. Təhsilini
2015-2019-cu illərdə Zaqatala
Dövlət İdarəetmə
və Texnologiya Kollecində davam etdirdi.
Balacalıqda sakit
təbiətli, tərbiyəli
uşaq kimi tanındı. Böyüdü,
xasiyyəti dəyişmədi.
Onu özündən də çox sevən üç bacısı hər nazını çəkmək
üçün əldən-ayaqdan
gedirdi. Ata-anası da Əhmədə xüsusi qayğı ilə yanaşırdı.
Ancaq ailədə bu qədər çox sevilsə də, əzizlənsə
də, heç vaxt ərköyünlük
etmirdi. Əhməd Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi olanda həm oxuyur, həm də işləyirdi ki, onları halal zəhməti ilə böyüdən atasına
maddi kömək etsin. Evdə olanda da anasının,
bacılarının işlərini
yüngülləşdirmək üçün əlindən
gələni edirdi. Səhərlər yuxudan erkən qalxır, həyət-bacada çalışırdı.
O, 2019-cu ildə müddətli
həqiqi hərbi xidmətə çağırıldı.
Valideynlərinə, bacılarına
arxa-dayaq olan Əhməd Laçınov
vətən qarşısında
əsgər borcunu yerinə yetirməyə yollandı. İkinci Qarabağ müharibəsinədək
o, Azərbaycan Silahlı
Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət etdi.
2020-ci il sentyabrın
27-də işğalçı Ermənistan silahlı qüvvələrinin növbəti
təxribatı nəticəsində
müharibə başladı.
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsinin ilk günündən düşmənin
hücumlarını rəşadətlə
dəf etdi, otuz ilə yaxın
Ermənistanın əsarətində
qalan ərazilərimizin
azadlığı uğrunda
misilsiz hünər göstərirdi. Xüsusi
Təyinatlı Qüvvələrin
əsgəri olan Əhməd Laçınov
da o qəhrəman övladların sıralarında
idi. O, İkinci Qarabağ müharibəsi
zamanı Murovdağ, Cəbrayıl və Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə iştirak
etdi, cəsarətlə,
igidliklə vuruşdu.
Əhməd Laçınov
oktyabrın 3-də Füzulinin
azad edilməsi zamanı şəhid oldu. Qəhrəman dünyaya göz açdığı yurdda
- Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırıldı.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirən, igidlik və şücaət göstərən Əhməd
Qurban oğlu Laçınov ölümündən
sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə "Vətən
uğrunda", "Füzulinin
azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı"
ordeni ilə təltif edildi.
Valideynlərinin, bacılarının
fəxr etdikləri Əhməd Laçınov
şəhidlik zirvəsinə
yüksələrək el-obasının,
bütün Azərbaycanın
qüruru oldu.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.12.