Şuşa siyasi diskussiyaların da məkanı olub

 

Çox qürurvericidir ki, 44 günlük Vətən müharibəsinin 42-ci günü - 8 noyabr 2020-ci ildə 28 illik erməni işğalından azad olunmuş Qarabağın incisi, musiqi beşiyimiz Şuşa artıq beynəlxalq tədbirlərə evsahibliyi edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində azad olunmuş Şuşa şəhəri bu gün təkcə ölkəmizin deyil, bütövlükdə Türk-İslam dünyasının mərkəzinə çevrilib. Bu baxımdan Şuşada keçirilən beynəlxalq tədbirlər həm mədəniyyət paytaxtımızın, həm də ölkəmizin dünyada tanınmasında olduqca əhəmiyyətli rol oynayır. Sevindiricidir ki, uzun illərdən bəri hər birimizin əlçatmaz arzusuna çevrilmiş Şuşa bu gün bütün dünya üçün beynəlxalqsəviyyəli tədbirlərin, siyasi diskussiyaların məkanı olub. Bu gözəl diyarda keçirilən bütün tədbirlər sülhə, əmin-amanlığa əvəzsiz töhfələr verir.

İyulun 20-22-də Şuşada keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumu da belə əhəmiyyətli tədbirlərdən biri idi. Şuşa Qlobal Media Forumu mətbuat tariximizdə böyük tarixi hadisədir. Foruma 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatılması tədbirin tariximiz, cəmiyyətimiz və gələcəyimiz üçün böyük əhəmiyyətə malik olduğunu bir daha dünyaya göstərdi. Demək olar ki, forum iştirakçıları üçün həm də birgə müzakirə platforması rolunu oynadı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı, iştirakçıların çoxlu sayda suallarının ətraflı cavablandırması dünya ictimaiyyətində və mediasında böyük maraq doğurmuş və geniş işıqlandırılmışdır. Çünki burada müzakirə olunan mövzular bəşəri xarakter daşıyırdı.

Moderator Rebekka Maklaflin-İsthamın yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusunda verdiyi sualı cavablandıran Prezident İlham Əliyev demişidir: "Təəssüflər olsun ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilibdir. Təəssüf ki, bu bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir. Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.

O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir..."

Forumda müzakirə üçün belə bir mövzunun seçilməsi həm iştirakçılar, həm də tamaşaçılar tərəfindən maraqla qarşılandı. Çünki bu mövzu həm ölkəmizin qarşılaşdığı, həm də bütövlükdə, dünyanın üzləşdiyi reallıqları özündə əks etdirirdi. Elə reallıqlar ki, onların ədalətsizlik dalğası bəşəri dəyər və prinsipləri də zədələyir. Bu gün yalan və dezinformasiyalar təkcə bizi deyil, ümumən bütün dünyanı düşündürür və narahat edir. Deməli, mövzunun II Şuşa Qlobal Media Forumu müstəvisinə çıxması dünyəvi, bəşəri mahiyyət daşıyır.

22 iyul Milli Mətbuat Gününə həsr olunmuş II Şuşa Qlobal Media Forumu  dünyanı düşündürən mövzunu müzakirəyə çıxarmaqla bəşəriyyətə töhfə verdi, çox əhəmiyyətli iş gördü. Bu, həm də dövlət başçımızın mətbuatımıza, mətbuat tariximizə yüksək diqqətinin daha bir göstəricisi olduğunu təsduq etdi. Onu da xüsisilə qeyd etmək yerinə düşər ki, Şuşada keçirilən bu forum dünya mediasını narahat edən məsələlərin müzakirəsi ilə yadda qalacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda

II Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində oldu. Forum dünya mətbuatında geniş işıqlandırıldı.

Dövlətimizin başçısı forumda dünya mediasının, informasiya işinə məsul qütblərin Azərbaycanda və regionda baş verən hadisələri obyektiv şəkildə işıqlandırmalarının vacibliyindən ətraflı söz açıb. Ölkəmizin dezinformasiyalara və yalanlara qarşı gələcəkdə də biganə qalmayacağını vurğulayıb.

"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusundakı II Şuşa Qlobal Media Forumu Azərbaycanın dünyanın qarşılaşdığı ədalətsizliklərə biganə qalmadığını bir daha beynəlxalq aləmə göstərdi. Təbiidir ki, bu da sözümüzün kəsəri, fikrimizin əzminin təntənəsi deməkdir.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 26 iyul (№ 156).- S.4.