31 köç,
807 ailə, 3057 nəfər...
Qarabağ və Şərqi Zəngəzura qayıdış
sürətlə davam
edir
Qarabağ və
Şərqi Zəngəzurda
həyat yenidən qaynayır. 30 ildən sonra bu torpaqlarda
yaşanan tikinti bumu getdikcə daha da geniş
vüsət alır.
Əzmi,
qətiyyəti, hərbi
və siyasi iradəsi ilə torpaqlarımızı azadlığına
qovuşduran Müzəffər
Ali Baş Komandan İlham Əliyev düşmənin
viran qoyduğu Qarabağ və Şərqi Zəngəzuru
cənnətməkana çevirir
və əzəli sahiblərinə qovuşdurur.
`Tarixi Zəfər
nəticəsində əldə
etdiyimiz yeni dövrün reallıqları
həm Böyük qayıdışı sürətləndirir,
həm də Azərbaycanı dünyaya
əsl qurucu dövlət kimi tanıdır.
Uğur salnaməsinə
yazılan möhtəşəm
səhifələr
Suverenliyini tam təmin etmiş Azərbaycanın son üç il yarımlıq qısa zaman kəsiyində əldə etdiyi qələbələrin, uğurların
sayını, miqyasını
cild-cild kitablara belə sığdırmaq
mümkün deyil. Ölkəmizin uğur salnaməsinə yazılan
möhtəşəm səhifələrdən
biri isə bu müddətdə Qarabağ və Şərqi Zəngəzurda
aparılan geniş quruculuq və Böyük qayıdış
zəfərləridir.
Azərbaycan dövləti
tərəfindən bu
torpaqlarda dünyada bənzərinə rastlanmayan
tikinti-quruculuq işləri
aparılır, meqalayihələr
gerçəkləşdirilir, digər tərəfdən
isə onilliklər boyu yurdlarına həsrət qalan, vətəndə qəribçilik
çəkən keçmiş
məcburi köçkünlərimiz
ay-ulduzlu, üçrəngli
bayraqlarımızın bəzədiyi
qayıdış köçləri
ilə dədə-baba
ocaqlarına dönürlər,
sevinc içərisində
yenidən bu torpaqlarda xoşbəxt yaşama başlayırlar...
Gün keçdikcə
Qarabağ və Şərqi Zəngəzur
sakinlərinin qovuşduqları
yurdlarının da sayı artır...
Zəngilanın Ağalı,
Tərtərin Talış,
Laçının Sus,
Zabux kəndlərinə,
Şuşa, Laçın,
Füzuli şəhərlərinə
artıq xeyli qayıdış karvanları
yola salınıb.
Bu il Müstəqillik Günündə
Xocalı şəhəri
də bu yurdların siyahısına
qoşuldu. Bir zamanlar min-bir zülmlərdən keçərək,
faciələrə tuş
gələrək Xocalıdan
didərgin düşən
sakinlər yenidən şükranlıqla doğma
diyarlarına qayıtdılar.
"Keçən il
Müstəqillik Günündə
mən Laçın şəhərində laçınlılara
evlərinin açarlarını
təqdim etmişdim. İki il bundan
əvvəl Müstəqillik
Günü ərəfəsində
- mayın 27-də Ağalı
sakinləri ilə görüşmüşdüm. Onlar da məhz
o gündə köçmüşdülər.
Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz
kimi, gözəlləşir,
yenidən qurulur",
- deyə, Xocalı sakinləri ilə görüşündə Prezident
İlham Əliyevin də vurğuladığı
kimi, keçmiş məcburi köçkünlərin
Müstəqillik Günündə
qayıdışlarının həyata keçirilməsinin
də öz fəxrli mənası var.
Təsadüfi deyildi
ki, Prezident İlham Əliyev quruculuğun ilk təməl daşını
2021-ci ilin 28 may tarixində Ağdamda qoymuş, düşmənin
daşı daş üstündə qoymadığı,
yerlə yeksan etdiyi, görənlərin
dəhşətlə "Qafqazın Xirosiması"
adlandırdığı Ağdama
yenidən həyat veriləcəyinin - Qarabağın
ruhunun dirçələcəyinin
xoş ismarışını
çatdırmışdı.
O da diqqətçəkən
xüsusi məqamdır
ki, Prezident İlham Əliyev məhz 2020-ci il mayın 28-də Bakının
Qaradağ rayonunda
"Qobu Park-3" yaşayış
kompleksinin açılışı
zamanı tezliklə bütün məcburi köçkünlərin öz
yurdlarına qayıdacağını,
onlara bundan da gözəl evlərin tikiləcəyini
qəti inamla bildirmişdi.
Budur, artıq qalib lider İlham
Əliyevin həmin sözlərinin uğurla həyata keçirilməsinin
əyani şahidliyini
edirik.
"Siz buna layiqsiniz"
Qarabağ və
Şərqi Zəngəzurda
sürətlə sosial
infrastruktur qurulur, xəstəxanalar, məktəblər,
idman obyektləri tikilir, yollar, tunel və körpülər
inşa edilir, dəmir yolları çəkilir. Müasir
"ağıllı kənd
və şəhərlər"
salınır. Çox
qısa zaman ərzində Füzuli və Zəngilan beynəlxalq hava limanlarının tikilərək
istifadəyə verilməsi,
üçüncü beynəlxalq
hava limanının isə Laçında inşasının sürətlə
davam etdirilməsi isə ümumilikdə quruculuq işlərinin miqyasını göz önünə gətirir.
Heydər Əliyev
Fondu tərəfindən
bu ərazilərdəki
tarixi, dini, mədəni abidələr
yüksək səviyyədə
bərpa olunaraq xalqımıza ərmağan
edilir.
Prezident İlham
Əliyev Qarabağ və Şərqi Zəngəzura etdiyi mütəmadi səfərləri zamanı
burada yeni yaşayış məntəqələrinin
bünövrələrini qoyur,
açılışlar edir,
görülən işlərlə
yerində tanış
olur.
Əzəli yurdlarına
qayıdan sakinlərə
evlərinin açarlarını
təqdim etmək, onları öz doğma mənzillərində
ziyarət etmək, qayıdış sevinclərini
bölüşmək də
qalib lider İlham Əliyevin xoş ənənəsinə
çevrilib ki, buna xocalılıların
timsalında bir daha fəxrlə şahidlik etdik.
Dövlət başçısı
isti od-ocaqlarına qovuşan xocalılılarla
görüşündə söylədi ki, burada abad, gözəl
evlər, istirahət zonaları tikilir. Xocalının o qədər
gözəl təbiəti
var ki, burada
yaşamaq, yaratmaq hər bir insana
xüsusi zövq verəcək: "Siz də buna layiqsiniz.
Siz otuz ildən çox müxtəlif yerlərdə
yaşamısınız - kimi
yataqxanada, kimi uşaq bağçasında,
kimi qohumların evində, kimi də qəsəbədə.
Bilirsiniz, mən işğal dövründə
xocalılılarla dəfələrlə
görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır,
- deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax,
bu gün də gəldi".
Bəli, o gün
gəldi, xocalılılar
da evlərinə döndülər. Tezliklə
bu xoşbəxtlik ağdamlılara, kəlbəcərlilərə,
qubadlılılara, cəbrayıllılara,
xankəndililərə... də
qismət olacaq.
Möhtəşəm statistika
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası"nda
əksini tapan "İşğaldan azad olunmuş ərazilərə
Böyük Qayıdış"
Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə
"Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair Dövlət Proqramı" qəbul edilib.
Dövlət büdcəmizin
əsas prioritetlərindən
biri də Böyük qayıdışa
nail olunmasıdır.
2020-2022-ci illər ərzində
Qarabağ və Şərqi Zəngəzurda
gerçəkləşdirilən bərpa-quruculuq işləri
ilə əlaqədar
dövlət büdcəsindən
təqribən 6,6 milyard
manat məbləğində
vəsait ayrılıb.
2023-cü ilin dövlət
büdcəsində Böyük
Qayıdış proqramının
icrası üçün
5,3 milyard manat yönəldilib. Bu ilin büdcəsində isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına
9,9 milyard manat ayrılıb.
Qarabağ və
Şərqi Zəngəzurda
həyata keçirilən
kompleks quruculuq işləri tez bir zamanda şəhər
və kəndlərimizə
qayıdışa da birbaşa rəvac verir. Vətən müharibəsindən cəmi
ilyarım sonra -
2022-ci il iyulun 19-da Zəngilanın Ağalı
kəndinin sakinlərinin
qayıdışı ilə
başlanğıcı qoyulan
Böyük qayıdış
hazırda da uğurla davam etdirilir. 2023-cü ilin mart ayında Tərtərin Talış
kəndinə, may ayında Laçın şəhərinə, avqust
ayında Füzuli şəhərinə və
Laçın rayonunun
yenidən salınan Zabux kəndinə köç həyata keçirilib. Ötən il ərzində fərqli tarixlərdə bu ərazilərə xeyli qayıdış həyata keçirilib.
2024-cü ildə Böyük
qayıdış xüsusilə
intensivləşib. Bu
ilin yanvar-iyun ayları ərzində Qarabağ və Şərqi Zəngəzura
dəfələrlə qayıdış
olub, Füzuli, Laçın, Şuşa,
Xocalı şəhərlərinə,
Laçının Zabux,
Sus kəndlərinə
31 köçlə 807 ailə
- 3057 nəfər dönüb.
Ümumilikdə, Böyük
qayıdış prosesində
1997 ailə, 7762 nəfər
dədə-baba yurdlarına
qayıdıb. 175 ailə
(871 nəfər) Zəngilan
rayonunun Ağalı kəndində, 20 ailə
(90 nəfər) Tərtər
rayonunun Talış kəndində, 534 ailə
(1971 nəfər) Laçın
şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində,
217 ailə (823 nəfər)
Laçın rayonunun
Zabux kəndində,
59 ailə (215 nəfər)
Laçın rayonunun
Sus kəndində, 126
ailə (491 nəfər)
Şuşa şəhərində,
44 ailə (169 nəfər)
Xocalı şəhərində
məskunlaşıb.
Gerçəkləşən möcüzələr
Bütün bu
sadalananlar, Azərbaycanın
qısa müddətdə
həyata keçirdiyi
və dünyanı heyrətə gətirən
möcüzəli işlərdir.
Xocalıda sakinlərlə
görüşü zamanı
bu məqamı Prezident İlham Əliyev də vurğuladı: "Səkkiz
aya, bu, möcüzədir. Səkkiz
aya bax belə
quruculuq işləri aparıldı.
...Mən xüsusi
tapşırıq vermişdim,
antiterror əməliyyatından
dərhal sonra dedim ki, birinci
növbədə biz Xocalını bərpa etməliyik.
...Mən demişdim
ki, biz Qarabağı
cənnətə çevirəcəyik.
Yavaş-yavaş çeviririk.
Xocalı da elə olacaq".
Müstəqillik Günündə
Prezident İlham Əliyev Xocalıdan daha bir xoş
müjdəni də çatdırdı ki, bu ilin sentyabr
ayından artıq Xankəndiyə də köç başlayacaq.
Bir zamanlar erməni separatçılarının
at oynatdığı
bu yurdumuzdan da düşmənin murdar ayaq izi
təmizlənib, bu şəhərimizin də
havası, suyu, ruhu paklanıb və doğma sakinlərinin pişvazına
hazırlaşır.
2026-cı il, Böyük
qayıdışın birinci
mərhələsi bitənə
qədər Qarabağ
və Şərqi Zəngəzurda 140 min nəfərin - 34 min 500 ailənin doğma yurdlarında daimi məskunlaşması təmin
ediləcək.
Qarabağ və
Şərqi Zəngəzurda
həyata keçirilən
hərtərəfli tikinti
quruculuq işləri,
şəhər və
kəndlərimizin bir-bir
dirçəldilməsi ondan
xəbər verir ki, qarşıda bizi hələ xeyli qayıdış zəfərləri gözləyir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
26 iyul (¹ 156).- S.4.