Ermənistan təxribatları dayandırmadığı
təqdirdə lazımi
cavab tədbirləri görüləcək
Azərbaycan
Müdafiə Nazirliyi bəyanat yayıb
"Azərbaycan"
qəzeti xəbər verir ki, bəyanatda deyilir:
“Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi son günlərdə
Ermənistanın Kəlbəcər istiqamətində
ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq
etməklə təxribatlar törətməsi barədə məlumatlar
verib.
Qeyd edək
ki, Ermənistan tərəfindən bu kimi təxribatların
törədilməsi birinci hal deyil və davamlı xarakter
daşıyır. Amerika Birləşmiş
Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər,
Fransanın Ermənistanı öldürücü silahlarla təchiz
etməsi və Avropa İttifaqı tərəfindən “Avropa
Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə
on milyon avro dəyərində hərbi yardımın göstərilməsi
işğalçı Ermənistanı bu kimi təxribatlar
törətməyə həvəsləndirir və Azərbaycana
qarşı növbəti müharibəyə
hazırlaşdırılmasına dəlalət edir.
Müdafiə
Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və
onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə
ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər.
Ölkəmizə qarşı bu kimi təxribat əməlləri
dayandırılmadığı təqdirdə, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin arsenalında
olan bütün vasitələrdən istifadə etməklə
özünü müdafiə məqsədilə lazımi
cavab tədbirləri görüləcək.
Bildiririk ki,
regionda vəziyyətin gərginləşməsinə görə
bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin
və onun havadarlarının üzərinə düşəcək”.
Azərbaycan.-2024.-
26 iyul (¹ 156).- S.1.