Qərb Cənubi Qafqazda sülh istəmir

 

Ermənistanın silahlandırılması regionda sabitliyin pozulmasına yönəlik addımlardır

 

 

"Avropa Sülh Fondu", əslində, özünü "Avropa müharibə fondu"na çevirməyə başlayıb. Rusiya-Ukrayna müharibəsində olduğu kimi, silahlandırma və digər adlar altında bu fond tərəfindən müxtəlif ölkələrə verilən maliyyə yardımlarını araşdıranda onun sülhlə, xeyriyyə ilə bağlı olmadığı, daha çox bir ölkəni digərinin qarşısında gücləndirmək, ona qarşı silahlandırmaq və buna bənzər əməlləri üzə çıxır".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat xatırladıb ki, Azərbaycan aprelin 5-də Ermənistan baş naziri, ABŞ dövlət katibi, Avropa Komissiyasının prezidenti arasında keçirilmiş görüşdə nələrin müzakirə olunacağını və olunduğunu dəfələrlə qeyd edib.

Prezident İlham Əliyev də bununla bağlı Azərbaycanın mövqeyini, vacib fikirlərini bildirib. Qərbin hazırda Azərbaycan və Ermənistan arasında mövcud olan kövrək sülh danışıqlarının, münasibətlərin normallaşmağa doğru irəliləməsindən və iki ölkənin vasitəçisiz olaraq müsbət qərarlar verməsindən, bununla bağlı müəyyən nəticələr əldə olunmasından narahatdır. "Odur ki, əsas məqsədi bunlara mane olmaqdır. Bu nümunələrin sayı artdıqca Fransa başda olmaqla Qərb dövlətləri təşvişə düşərək Ermənistana hərbçilər göndərdi, ABŞ dövlət katibinin müavinləri, köməkçiləri, Pentaqonun rəhbər orqanları nümayəndələrinin Ermənistana səfəri müntəzəm xarakter aldı. Bundan sonra rəsmi İrəvanın ritorikasının dəyişdiyinin də şahidi olduq", - deyə o bildirib.

V.İskəndərov qeyd edib ki, "Avropa Sülh Fondu"nun Ermənistana 10 milyon avro ayırması və Ermənistanın son zamanlar maliyyəsini iqtisadiyyatına, gələcək inkişafına deyil, yalnız silahlanmaya yönləndirməsi dediklərimizin bariz nümunəsidir. Yəni bu, sözün əsl mənasında iki ölkə arasında kövrək sülhə xələl gətirilməsidir, eyni zamanda Cənubi Qafqazda sabitliyin bərqərar olmasının əleyhinə atılan addımlardır. Ermənistanı silahlandırmaqla Qərb təbii ki, heç nəyə nail ola bilməyəcək.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan özünə qarşı hər hansı təhdid, revanşist cəhdlərin artdığını görsə, legitim hüququmuzdan istifadə edəcəyik və bizi heç kim saxlaya bilməyəcək, nəinki Paris və ya digər ölkələrdən alınan sınıq-salxaq silahlar da...

Deputat vurğulayıb ki, indiki situasiyada sülhdən dəm vuran Qərb dövlətləri qeyri-konstruktiv fəaliyyətlə məşğuldurlar. Bu isə nə onlara, nə də Ermənistana dividend gətirəcək.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 26 iyul (№ 156).- S.5.