Xarici
və yerli QHT-lər "COP29 QHT Koalisiyası"
yaradıb
"Xarici QHT-lərdən
Azərbaycan Milli QHT Forumuna COP29-la əlaqədar
çoxsaylı əməkdaşlıq
təklifləri daxil olmaqdadır. Məsələni
İdarə Heyətində
müzakirə etdik və qərara aldıq ki, "COP29 QHT Koalisiyası" yaratmağa
təşəbbüs göstərək.
Təşəbbüsümüz xarici QHT-lər tərəfindən yüksək
maraqla qarşılandı.
Artıq 30 ölkədən
108 xarici QHT bu koalisiyaya qoşulmağa razılıq verib. Müraciətlər hər
gün davam edir, ola bilsin
ki, bu şəbəkə
daha da genişlənsin.
Azərbaycanda ilk dəfədir ki, belə qlobal formatda və nəhəng miqyasda yerli və xarici
QHT-lərin əməkdaşlığı
qurulur. Artıq vətəndaş cəmiyyəti
COP29-un Azərbaycana bəxş
etdiyi unikal imkanları hiss edir". Bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bəyan edib. O bildirib ki, bu
əməkdaşlığın qurulmasında Azərbaycan
Milli QHT Forumunun üzvləri yaxından iştirak ediblər: "Hər kəs bu prosesə maksimum öz töhfəsini verməyə
çalışır".
Ramil İskəndərli
deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
(UNFCCC) Tərəflər Konfransında
(COP) müşahidəçi statusa (observer status) malik 3 qrup təşkilat mövcuddur. Onlardan birincisi, Birləşmiş
Millətlər Təşkilatı
sistemi və onun ixtisaslaşmış
qurumlarıdır; ikincisi,
hökumətlərarası təşkilatlardır; üçüncüsü
isə QHT-lərdir. Hazırda UNFCCC çərçivəsində
3631-i QHT müşahidəçi statusa malikdir. Həmin bu təşkilatların
təxminən 90 faizi
9 Həmfikir Qrupda (Constituency) birləşib.
Bura ENGO (Environmental
groups), BINGO (Business and industry), WGC (Women and gender), RINGO (Research
and academic institutes), Farmers (Farming and agriculture), TUNGO (Labour
unions), YUNGO (Youth and children groups), LGMA (Local governments and municipal
authorities) və IPO (Indigenous populations) daxildir: "3
Qeyri-formal Qrup (Faith-Based Organizations (FBOs), Education, Communication
and Outreach Stakeholders (ECOs) və Parliamentarians) da mövcuddur. Həmçinin
Əlilliyi olan Şəxslər Qrupu da (Disability Caucus) həmin
Qeyri-formal Qrup kimi başa düşülür. Müəyyən
qrup QHT-lər isə heç bir Həmfikir Qrupunun üzvü
deyil və ayrıca fəaliyyət göstərirlər".
R.İskəndərli
qeyd edib ki, Azərbaycan Milli QHT Forumu 9 Həmfikir Qrupla, o
cümlədən Qeyri-formal qruplarla da sıx əməkdaşlıqda
maraqlıdır: "COP29 QHT Koalisiyası"nda yer alan 36 QHT
Həmfikir Qrupların (Constituency) təmsilçiləridir. 9
Həmfikir Qrupdan 5-nə daxil olan QHT-lər hazırda
koalisiyada yer alır. Bu, koalisiyanın hansı miqyasda iş
apara biləcəyi ilə bağlı aydın təsəvvür
yaradır. Bu təşkilatların inkişaf etməkdə
olan ölkələrdən QHT-lərlə qlobal
diskussiyaları inklüzivliyi təmin edir. Koalisiyadakı xarici
QHT-lərdən 68-i inkişaf etməkdə olan ölkələrdəndir".
O, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyi ilə birgə QHT-lər
üçün "COP29-la bağlı beynəlxalq təşəbbüslər"
müsabiqəsini elan etməsinə də toxunub: "Bu o deməkdir
ki, yerli QHT-lərin xarici QHT-lərlə birgə COP29-la əlaqədar
birgə layihə icra etməsinə imkan yaranır. Bu
müsabiqədə xarici tərəfdaş qismində
iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatların
məhz inkişaf etməkdə olan ölkələrdən,
xüsusilə ən az inkişaf etmiş ölkələrdən
və inkişaf etməkdə olan kiçik ada ölkələrindən
olmasına üstünlük veriləcəyi
açıqlanıb. Bu, Azərbaycan dövlətinin
inklüzivlik məsələsinə necə həssas,
qayğı ilə yanaşdığını aydın
nümayiş etdirir. Biz də istəyirik ki, COP29-da
dünyanın bütün yerlərindən olan vətəndaş
cəmiyyəti qurumlarının səsi eşidilsin.
Koalisiyada yer alan QHT-lərin bu müsabiqədə fəal
iştirak edəcəyini düşünürük".
Forumun İdarə
Heyətinin sədri əlavə edib ki, Azərbaycanın
İEOÖ-in maraqlarını güclü müdafiə etməsi
dünyada da rəğbətlə qarşılanır:
"Fikrimcə, bu məsələ Azərbaycanın
Qoşulmama Hərəkatına 4 illik sədrliyi
dövründən başladı. Bu, çox faydalı
platforma oldu, Azərbaycana dünyanın problemlərini
görməyə daha yaxşı şərait yaratdı.
"Hələ 2023-cü ildə - Qoşulmama Hərəkatına
sədrlik dövründə Azərbaycan kiçik ada dövlətlərinə
post-pandemiya çətinliklərinin həlli
üçün dəstək göstərməyə
çağırış etmişdi, bu məqsədlə
maliyyə vəsaiti də ayırmışdı. Kiçik
ada dövlətləri Azərbaycana böyük ümidlərlə
baxırlar. Rəsmi şəxslərin verdiyi
açıqlamalardan belə başa düşürük ki,
Azərbaycan onlar üçün "Commonwealth" təşkilatı
ilə birlikdə xüsusi texniki dəstək fondunun
formalaşdırılmasına çalışır".
R.İskəndərli
deyib ki, bu prizmadan baxdıqda mənzərə daha aydın
görünür: "Ona görə də Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyi ilə birgə QHT-lər
üçün "COP29-la bağlı beynəlxalq təşəbbüslər"
adlı müsabiqə elanında xüsusilə ən az
inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə
olan kiçik ada ölkələrindən olan QHT-lərin
iştirakına üstünlük veriləcəyi hissəsini
oxuyanda aydın olur ki, Azərbaycan təkcə vədlər
vermir, bu kateqoriyadan olan dövlətlərə imkanı
daxilində maliyyə dəstəyi də təklif edir".
Ramil İskəndərli
iyulun 18-də "COP29 QHT Koalisiyası"nın
"Zoom" vasitəsilə hibrid görüşünün
də keçirildiyini, görüşdə fikirlərin dinlənildiyini,
birgə əməkdaşlıq imkanlarının ətraflı
araşdırıldığını vurğulayıb.
Azərbaycan Milli
QHT Forumunun rəhbəri COP29 sədrliyinə müraciət də
hazırlayacaqlarını açıqlayıb: "Pre-COP tədbirlərində
UNFCCC çərçivəsində 3631-i müşahidəçi
QHT-nin mütləq əksəriyyətinin birləşdiyi 9 Həmfikir
Qrupun (Constituency) təmsilçilərinin iştiraka dəvət
edildikləri barədə məlumatlıyıq. Bu xüsusda,
oktyabrda "Pre-COP29" tədbirləri üçün Həmfikir
Qrupların təmsilçilərinin Bakıda olduğu zaman
çox istərdik ki, bu səfər çərçivəsində
"COP29 QHT Koalisiyası"nın təşəbbüskarı
olan Azərbaycan Milli QHT Forumunun nümayəndələrinin
onlarla görüşü təşkil edilsin. Biz ev sahibi olan
ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri
kimi onların da səsini eşitmək istəyirik. Ümid edirik ki, bu müraciətimiz
cavabsız qalmayacaq, nəticə verəcək".
Azərbaycan.-2024.-
26 iyul (№ 156).- S.7.