Sənayenin inkişafı
iqtisadiyyatın şaxələnməsinə təkan verir
Bunu rəsmi statistika da təsdiqləyir
Sənaye bu gün Azərbaycan iqtisadiyyatında məşğulluğu
və əhalinin gəlirlərini təmin edən
başlıca sahələrdən biridir. Dünyanın bütün ölkələrində
iqtisadi vəziyyət sənayenin inkişaf səviyyəsi ilə
ölçülür. Çünki ölkə
iqtisadiyyatının şaxələndirilməsi kimi strateji
bir vəzifənin uğurlu həlli məhz sənaye
kompleksinin rəqabət qabiliyyətindən
asılıdır.
Hazırda ölkədə
ən yüksək səviyyədə sənayenin
inkişafına xüsusi önəm verilir, mövcud təbii
və iqtisadi resursların istehsala cəlb edilməsi,
qabaqcıl texnologiyaların daha geniş tətbiqi
üçün sistemli tədbirlər həyata
keçirilir. Xüsusilə də
son 20 ildə rəqabətqabiliyyətli müasir sənaye
sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələr icra edilib, yeni iş yerləri
açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə
qədəm qoyub. Prezident İlham Əliyevin "Bizim
uğurlu inkişafımız qeyri-neft sənayesinin
hesabına təmin edilməlidir" prinsipinə əsaslanmaqla
başqa sahələrlə yanaşı, sənayenin
inkişafı yolunda da önəmli addımlar atılır.
İnnovativ metodlarla sənaye istehsalı genişləndirilir,
yeni istehsal sahələri yaradılır, davamlı olaraq
sistemli və uğurlu nəticə verən tədbirlər həyata
keçirilir. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesinin artım
tempinin daha yüksək olduğunu görmək
mümkündür. Sadəcə bu ilin ilk altı
ayının nəticələrinə nəzər yetirsək,
fikrimizi təsdiq etmiş oluruq.
Dövlət Statistika Komitəsinin məlumatına
görə, yanvar-iyun
aylarında sənaye müəssisələri və bu sahədə
fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən
31,5 milyard manatlıq sənaye məhsulu
istehsal edilib. Bu, ötən ilin
müvafiq dövrü ilə müqayisədə neft-qaz
sektorundakı məhsul istehsalında 0,3 faiz, qeyri-neft-qaz
sektorunda isə 7,4 faiz artım deməkdir. Sənaye məhsulunun
65 faizi mədənçıxarma, 29,2 faizi emal, 4,9 faizi
elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 0,9
faizi isə su təchizatı, tullantıların təmizlənməsi
və emalı sektorlarında istehsal olunub. Sənayedə
qeyri-dövlət sektorunun payı 81,6 faiz olub. Ümumi
istehsalın 89,7 faizi sənaye məhsullarının
istehsalı, 10,3 faizi isə sənaye xarakterli xidmətlərin
göstərilməsi hesabına yaradılıb.
Statistikaya əsasən deyə bilərik ki, bu gün
Azərbaycan qeyri-neft
iqtisadiyyatının üstün inkişafına nail olmaqla
bir tərəfdən müxtəlif mallara olan daxili istehlak tələbini
tam şəkildə yerli istehsal hesabına təmin etmək,
digər tərəfdən isə xarici bazarlarda Azərbaycan
brendi olan məhsullarla təmsil olunmaq və bu yolla neft
daxilolmalarının azalmasını kompensasiya etmək məqsədi
güdür. Qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycan,
eyni zamanda yeni sənaye quruculuğu siyasətində də
dünya miqyasında öz təsdiqini tapan və yaxşı
nəticələr verən qabaqcıl təcrübədən
bəhrələnir. İndi dünyanın ayrı-ayrı
inkişaf etmiş ölkələrində sənaye
quruculuğunda müşahidə edilən əsas trendlərdən
biri müxtəlif istehsal sahələrinin hər cür infrastruktur təminatına
malik eyni bir məkanda cəmləşməsi və
innovasiyalara əsaslanan sənaye parklarının
yaradılması ilə bağlıdır. Ölkəmiz də
məhz bu yolu tutub. Ölkənin müxtəlif bölgələrində
sənaye parkları və məhəllələri
yaradılıb. Hazırda Azərbaycanda 7 sənaye parkı
(Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir,
Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən
"Araz Vadisi İqtisadi Zonası") və 5 sənaye məhəlləsi
(Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur)
fəaliyyət göstərir.
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərin
iqtisadi potensialının hərəkətə gətirilməsi
istiqamətində də geniş tədbirlər həyata
keçirilir. Artıq Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında "Ağdam" və "Araz Vadisi
İqtisadi Zonası" sənaye parkları yaradılıb.
Həmin parklarda, ümumilikdə, 18 rezident və 6
qeyri-rezident qeydiyyata alınıb. Adıçəkilən sənaye
parklarında qeydiyyata alınmış 24 layihə üzrə
138 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə
tutulur ki, bunun da hesabına 1300-ə yaxın iş yerinin
yaradılması planlaşdırılır. Ağdam Sənaye
Parkında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı
məhsullarının emalı və
qablaşdırılması, "Araz Vadisi İqtisadi
Zonası"nda isə əsasən logistika mərkəzinin
yaradılması, gömrük terminalının qurulması,
avadanlıq və texnikaların təmiri mərkəzi,
topdansatış və pərakəndə anbarlarının
tikilməsi və satışı həyata keçiriləcək.
Xatırladaq ki, sənaye parklarının, sənaye məhəllələrinin
idarəedici təşkilatı
əsasən İqtisadi Zonaların İnkişafı
Agentliyidir (İZİA).
Elə buradaca İZİA-nın məlumatına diqqət
edək: 2015-ci ildən 2024-cü ilin birinci yarısında sənaye
zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata
keçirilib ki, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac
edilib. Həmçinin 2024-cü ilin birinci yarısında sənaye
zonalarında 1,4 milyard manatlıq satış olub. Bunun da 477
milyonluq hissəsi ixracın payına düşür. Sənaye
zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən
artıq ölkəsinə yola salınıb. Eyni zamanda sənaye
zonalarına sahibkarların cəlb edilməsi,
investisiyaların yatırılması və yeni iş yerlərinin
yaradılması istiqamətlərində yeni-yeni müsbət
addımlar atılır. 2013-cü ildən indiyədək sənaye
zonaları üzrə ümumi investisiya həcmi 8,4 milyard
manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib.
Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard
manatdan çox investisiya yatırılıb və 10500-dən
çox daimi iş yeri yaradılıb. Mövcud layihələr
üzrə növbəti mərhələdə sənaye
zonalarına əlavə 1 milyard manata yaxın investisiyanın
yatırılması və 7100-dən çox yeni iş
yerinin yaradılması nəzərdə tutulur.
Sənaye parklarında bu
günlər yaradılan yeni istehsal sahələri haqqında
məlumatları da əlavə etsək, Azərbaycanda
qeyri-neft-qaz sektorunun inkişaf tempini aydın görmək
olar. "Qarabağ Aqro 44" MMC-yə Ağdam Sənaye
Parkının rezidenti statusu verilib. Bildirilib ki, müəssisədə
sucuq istehsal olunacaq.
İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə
20 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsulların
daxili bazara satışı ilə yanaşı, ixracı da nəzərdə
tutulub. Sumqayıt Kimya Sənaye Parkında (SKSP) isə bu il
iki müəssisə fəaliyyətə başlayacaq.
"Kartaş Kimya" MMC kimyəvi tikinti məhsullarının, "Az-Tex-İmport" MMC
"NECO" markalı az, orta və çoxtonnajlı yük
avtomobillərinin istehsalı ilə məşğul olacaq. Hər
iki müəssisə sənaye parkına ümumilikdə 40 milyon manata yaxın sərmayə
qoymaqla 300-dən artıq əlavə iş yerinin
yaradılmasına imkan verəcək.
Yenə də İZİA-nın məlumatlarına
söykənərək qeyd edək
ki, Cənubi Qafqazın ən
böyük sənaye parkı olan SKSP-də ümumi investisiya
həcmi 62 milyard manat olan 40 sahibkarlıq subyektinə
rezidentlik statusu verilib. Parkda hazırda 24 müəssisə fəaliyyət
göstərir. Bundan başqa, indiyədək SKSP-yə 5,5
milyard manatdan çox sərmayə
qoyulub, 6800-dək daimi
iş yeri yaradılıb. Mövcud layihələr üzrə
sənaye parkına əlavə olaraq 554 milyon manat
investisiyanın qoyulması, 2200-dən çox iş yerinin
yaradılması nəzərdə tutulur. Bugünədək
parkın rezidentləri tərəfindən ümumilikdə
11,6 milyard manatdan çox məhsul satışı həyata
keçirilib ki, bunun da 4,1 milyard manatdan çox hissəsi (təxminən
35,3 faizi) ixracın payına düşür. Bu ilin ilk
altı ayında SKSP-də istehsal olunan 1,3 milyard manatlıq məhsulun
455 milyon manatlıq hissəsi ixrac edilib.
Qeyd edək ki, sənaye zonaları istehsalın
genişləndirilməsi, idxalın əvəz edilməsi və
yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli
mexanizmdir. Bu baxımdan, şübhəsiz ki, innovativ əsaslarla tikilən yeni sənaye
müəssisələri ən yüksək standartlara cavab
verəcək və güclü ixracyönümlü sənaye
potensialı yaradacaq.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
26 iyul (¹ 156).- S.8.