Adı qürurla anılan igid

 

 

O, hələ  uşaq ikən hərbçi olmaq istəyirdi, oldu da...

Cavid Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar (o zamanlar Puşkin adlanırdı) rayonunun Aşağı Cürəli kəndində dünyaya gəldi. 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində oxudu. Ali hərbi təhsil almaq arzusu ilə paytaxta üz tutdu. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil oldu. 2010-cu ildə həmin məktəbi bitirdi.

Cavid Mahmudov xidmət etdiyi bütün hərbi hissələrdə - 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində nümunəvi hərbçi oldu. O, 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", 2018-ci ildə isə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edildi.

2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətdə idi. Yenə peşəsinə böyük sevgisi məsuliyyəti ilə başqalarına nümunə göstərilirdi.

Bu ərəfədə işğalçı Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndi. Azərbaycan Ordusunun kapitanı Cavid Mahmudov da qəsbkar düşmənə qarşı döyüşlərdə iştirak etdi.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində - Qarabağda Şərqi Zəngəzurda on illər ərzində qurduğu, alınmaz saydığı istehkamları, səngərlərı rəşadətli ordumuz dağıdır, qətiyyətlə irəliləyirdi. Ermənistan silahlı qüvvələri igid azərbaycanlı döyüşçülərin qarşısında aciz qalır, məğlubiyyətləri ilə barışmalı olur, geri çəkilirdilər.

Cavid Mahmudovun komandiri olduğu həmlə taboru da düşmənə ağır zərbələr endirirdi. İgid kapitan əsgərlərinə "Yalnız irəli!" əmrini verir, komandanlığın qarşıya qoyduğu tapşırığı böyük əzmlə, rəşadətlə yerinə yetirirdi. Aldıqları yüksəkliklərdə bayrağımızı dalğalandırmağı Cavid Mahmudov özünə ən böyük qürur, mükafat hesab edirdi.

Böyük Zəfər qazanacaqlarına əmin olduğunu oktyabrın 2-də qardaşı ilə telefon danışığında da söylədi...

O, azad etdikləri sayca 5-ci yüksəkliyə bayrağımızı sancarkən düşmən snayperi tərəfindən vuruldu. Oktyabrın 5-də Füzulinin azadlığı uğrunda döyüşdə şəhid olan Cavid Mahmudov Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edildi.

Qəhrəman kapitanın şəhid olduğu gün anasının peşə bayramı idi. Cavidin anası, həm sinif müəllimi olan Nəsibə xanım illərdir sevinclə qeyd etdiyi gündə - 2020-ci il oktyabrın 5-də həyatının ən ağır gününü yaşadı. O, vətənpərvər, qəhrəman hərbçi oğlunun toyuna hazırlaşırdı. Cavid nişanlı idi. Nişanlısı yolunu gözləyirdi. Toy günləri təyin olunmuşdu...

İndi dərdli anasının digər doğmalarının ən böyük təsəllisi budur - Cavid Vətən torpaqlarını azad etmək uğrunda, işğalçı düşmənə qarşı cəsarətlə, şücaətlə döyüşərək şəhid oldu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik, mərdlik nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cavid Mahmudov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının Azərbaycanın milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Biləsuvar Rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudovun adı verildi.

Cavid Mahmudovun uğrunda şəhid olduğu torpaqlarımız bu gün azaddır. İndi o yerlərdən mənfur düşmənin izləri silinir. Tarix isə silinməyəcək. İkinci Qarabağ müharibəsi unudulmayacaq. Azərbaycan xalqı Böyük Zəfərin qürurunu ona yaşadan Cavid kimi qəhrəmanları hər zaman minnətdarlıqla anacaq.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 26 iyul (№ 156).- S.9.