Yaddaşlarda
cəsur əsgər kimi qaldı
Rəşad İlham
oğlu Mikayılzadə
1995-ci il sentyabrın
30-da Lerik rayonunun Camaşəir kəndində
dünyaya göz açıb. Bakı şəhərindəki 240 nömrəli
tam orta məktəbi bitirdikdən
sonra Sumqayıt Dövlət Universitetinə
qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra Vətən qarşısındakı övladlıq
borcunu yerinə yetirmək üçün
hərbi xidmətə
yollanıb. Əsgəri
xidmətini cəbhə
bölgəsində yerləşən
hərbi hissədə
yerinə yetirib.
2015-ci ildə ölkəmizdə
keçirilən I Avropa
Oyunlarının könüllüsü
olub. Üzərinə
düşən vəzifələri
vaxtında və layiqincə yerinə yetirib. Avropa Oyunları zamanı göstərdiyi nümunəvi
könüllü xidmətə
görə mükafatlandırılıb.
2020-ci il sentyabrın
27-də erməni təxribatı
nəticəsində Vətən
müharibəsi başlayanda
Rəşad Mikayılzadə
tay-tuşlarından geri
qalmadı. Könüllü
olaraq döyüşə
yollandı. Torpaqların
azadlığı naminə
yenidən əyninə
hərbi forma geyindi. Onun erməni
qəsbkarlarına qarşı
ilk döyüşü
Füzuli rayonu uğrunda oldu. Daim ön sıralarda
vuruşan Rəşad
silah yoldaşları ilə dəqiq atəşlə erməni
işğalçılarına zərbələr endirməkdə
fərqləndilər. Füzuli
rayonu qəsbkarlardan azad olunandan sonra onları Xocavənd istiqamətinə
göndərdilər. Qarabağ
işğalçılardan addım-addım azad olunduqca Rəşad sevinir, ürəyi açılırdı. Bir
vaxtlar o, işğalda
qalmış torpaqlar uğrunda vuruşmağı
arzulamışdı. İndi
arzusuna çatmışdı,
Qarabağı erməni
qəsbkarlarından azad
edənlərin ön
sırasındaydı.
Xocavənddən sonra
Rəşadgili Şuşa
uğrunda gedən döyüşlərə cəlb
etdilər. 2020-ci il noyabrın 8-də ordumuzun
gücü, qüdrəti
sayəsində Azərbaycanın
musiqi beşiyi Şuşa işğaldan
azad olundu. Şuşanın yağı
caynağından xilas
olunmasına Rəşad
da çox sevindi. Bunda xidməti olduğu üçün qürurlandı,
ömrünün ən
gözəl anlarını
yaşadı.
Noyabrın 9-u idi.
Döyüşlər daha
çox işğaldan
yenicə azad olunmuş Şuşa ətrafında gedirdi. Əsgər Rəşad Mikayılzadə həmişəki
kimi yenə də ön sıralarda vuruşurdu. Ötəngünkü döyüşdə
ağır itkilər
verib geri çəkilən yağılar
olub-qalan gücünü
toplayıb əks-hücuma
keçmişdilər. Düşmən
onların komandirini vurmağa çalışırdı.
Həmin an Rəşad böyük qəhrəmanlıq göstərərək
özünü komandirin
qarşısına atıb
onu xilas etdi. Amma özü
şəhid oldu.
Əsgər Mikayılzadə
bir payız günündə dağlar
qoynunda dünyaya gəlmişdi. Elə bir payız günündə də dağlar qoynunda - 2020-ci il noyabrın 9-da Şuşa ətrafında
gedən döyüşlərdə
canından keçdi.
Cəsarəti, hünəri
ilə qəhrəmanlıq
tariximizə yeni səhifələr yazdı.
Ərazi bütövlüyümüzün
təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında
göstərdiyi igidliyə
və cəsarətə
görə Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamları
ilə Mikayılzadə
Rəşad İlham oğlu ölümündən
sonra "Vətən
uğrunda", "Döyüşdə
fərqlənməyə görə",
"Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edildi.
Vətən uğrunda
şəhid olanlar heç vaxt unudulmur. Rəşad Mikayılzadə də yaddaşlarda cəsur əsgər kimi qalacaq. Daim hörmətlə
anılacaq, böyük
ehtiramla xatırlanacaq.
V.MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
26 iyul (№ 156).- S.9.