"Paris-2024" problemlərlə başlayır
Atletlər, nümayəndə heyətləri
təşkilatçılıqdan narazılıq edirlər
Fransa dünyanın
ən böyük idman tədbirini qəbul edir. Paris şəhərində sayca
XXXIII Yay Olimpiadasının
açılışına saatlar qalır. Dünyanın ən mötəbər idman yarışında təxminən
10 mindən çox idmançı 329 dəst
medal uğrunda mübarizə aparacaq.
Yay Olimpiadası
1900-cü və 1924-cü illərdən
sonra üçüncü
dəfə Fransada keçiriləcək. Dördilliyin
ən nüfuzlu yarışının proqramına
28 idman növü ilə yanaşı, breykdans, idman dırmanması, skeytbordinq
və dalğa sörfinqi kimi yeni növlər də daxil edilib.
17 gün davam edəcək oyunlarda medal qazanan idmançılar
özləri ilə Parisin simvolu hesab olunan Eyfel
qülləsindən bir
parça götürə
biləcəklər. Belə
ki, qüllənin təmiri zamanı dəyişdirilən hissələr
yarış üçün
hazırlanmış medalların
tərkibinə əlavə
olunub.
Deməli, mükafata
layiq görülən
idmançılar sinələrində
Eyfel qülləsindən
orijinal parça daşıyacaqlar. Medalların
ortasına qoyulan dəmir parçaların
hər birinin çəkisi 18 qram olacaq.
Amma baş verən hadisələr onu göstərir ki, "Paris-2024" tarixə
həm də gərgin keçən, etirazlarla çalxalanan Olimpiada kimi düşəcək. Çünki
Fransada hazırda prezident Emmanuel Makron hakimiyyətinə qarşı aksiyalar, ədalətsizliyə görə
etirazlar davam edir. Ölkədə ədalətdən, tolerantlıqdan
əsər-əlamət qalmayıb.
Hətta Fransa hökuməti öz Olimpiya yığmasının
üzvlərinə qarşı
da haqsızlıq edir. Belə ki, yığma komandada mübarizə aparan hicablı atletlər heyətdən kənarlaşdırılıb. Bu səbəbdən də Parisdə kütləvi etirazlar keçirilir.
Olimpiada zamanı
15 milyon turisti qəbul edən Parisdə sürücü
çatışmamazlığı, metro və qatar
xidmətlərində gecikmələr
səbəbindən ictimai
nəqliyyatda ciddi sıxlığın olduğu
bildirilir. Mümkün
tıxacların qarşısını
almaq üçün
hökumət müvafiq
tədbirlər görməyə
davam edir. Bu məqsədlə parisliləri oyunlar zamanı evdən işləməyə təşviq
etmək üçün
kampaniyaya başlanılıb.
Kampaniya çərçivəsində
paytaxt küçələrində,
metro və şəhərətrafı qatar
stansiyalarında "Olimpiya
Oyunları zamanı vaxta qənaət etmək üçün evdən işləmək
vacibdir" sözlərinin
yazıldığı lövhələr
asılıb. Həmin
lövhələrdə oyunlar
zamanı vətəndaşlara
və turistlərə
ictimai nəqliyyat səfərlərini əvvəlcədən
planlaşdırmağa kömək
edəcək vebsayt haqqında məlumatlar da yer alıb.
Bütün bunlar
göstərir ki, Fransa Yay Olimpiya
Oyunlarını təşkil
edərkən xeyli çətinliklərlə üzləşməkdədir.
Ölkədə ümumi
vəziyyət ürəkaçan
deyil, milli iqtisadiyyatda tənəzzül
əlamətləri müşahidə
edilir. Bir neçə ildir ölkədə etiraz aksiyaları baş alıb gedir. İctimaiyyət sosial-iqtisadi
vəziyyətin gərginləşdiyi
bir vaxtda baha başa gələn beynəlxalq idman tədbirlərinə
milyardlarla dollar vəsait ayrılmasından
narazıdır.
Paris Olimpiya Oyunlarında
iştirak edəcək
bir sıra idmançılar Olimpiya kəndindəki yaşayış
şəraitindən də
narazılıqlarını bildiriblər. Qeyd olunub ki, idmançılar
sosial şəbəkələrdə
karton çarpayılardan,
yeməklərdən, televizorun
olmamasından şikayətlənirlər.
"Bu, zarafat deyil, gördüyünüz
kimi, Olimpiya çarpayısı kartondandır"
- fransalı cüdoçu
Jülyen Bryular deyib. Yerli medianın
yazdığına görə,
onun sözlərini avstraliyalı su poloçusu Matilda Körns də təsdiqləyib.
Məlumata görə,
idmançılar üzləşdikləri
sosial problemlərə
görə narazılıq
edirlər. Media bunun təsdiqi olaraq amerikalı gimnast Aleya Finneqan, onun belçikalı həmkarı Mellis Brassart və yeni zellandiyalı üzgüçü Lyuis
Klerbertin yazdıqlarını
göstərir.
Sadalanan problemlərə
baxmayaraq, Azərbaycan
yığma komandasının
Paris Olimpiadasında yüksək
nəticə əldə
etmək imkanı kifayət qədərdir. İdmançılarımızın təxminən yarısı
Olimpiya medallarına iddialıdırlar. Xüsusilə
güləşçilərə, cüdoçulara, boksçulara
ümid böyükdür.
Eyni zamanda gimnastika və avarçəkmə növlərində
çıxış edən
idmançılarımızdan da medallar gözləyirik.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
26 iyul (№ 156).- S.11.