Azərbaycanın
idxal-ixrac əməliyyatlarında
saldo müsbət olaraq qalır
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını prioritet
elan etməsi bu uğurun əsas amillərindəndir
Azərbaycanın iqtisadi
qüdrəti artdıqca
digər ölkələrlə
əlaqələri, o cümlədən
ticarət əlaqələri
də möhkəmlənir.
Bu, özünü həm idxalda, həm də ixracda göstərir. Əlaqələrin coğrafiyası
genişlənir. Göndərilən
və gətirilən
məhsulların növləri,
çeşidləri çoxalır.
Təkcə bu
ilin yanvar-may aylarında respublikamızın
hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki
tərəfdaşları ilə
ticarət əməliyyatları
həyata keçiriblər.
104 ölkəyə məhsul
ixrac olunub, 154 ölkədən isə idxal edilib. Bu
dövrdə xarici ticarət dövriyyəsi
18 milyard 225,4 milyon dollar, o cümlədən
ixracın dəyəri
10 milyard 924,7 milyon dollar, idxalın dəyəri 7 milyard 300,7 milyon dollar təşkil
edib, nəticədə
3 milyard 624 milyon dollarlıq müsbət saldo yaranıb.
Xatırladaq ki,
xarici ticarət dövriyyəsi idxal və ixracın dəyərinin cəmidir.
Xarici ticarət saldosu isə ixrac və idxalın
fərqindən yaranır.
Əgər ixrac idxaldan çoxdursa müsbət, idxal ixracdan çoxdursa mənfi saldo əmələ gəlir. Təqdirəlayiq haldır
ki, son illər
ölkəmizin ticarət
dövriyyəsində saldo
müsbət olaraq qalır.
Prezident İlham
Əliyevin dünyadakı
nüfuzu, yürütdüyü
uğurlu iqtisadi siyasət, yaratdığı
beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
platforması ticarət
dövriyyəsinə daim
müsbət təsir
göstərir. Bir neçə ölkə ilə ticarət əlaqələrinə aid
rəqəmlərə diqqət
yetirək. 2023-cü ildə
şimal qonşumuz Rusiya ilə ölkəmizin ticarət dövriyyəsi 17,5 faiz artıb və 4,4 milyard dollara çatıb. Qardaş Türkiyə ilə ticarət dövriyyəmiz
keçən il ondan əvvəlki ilə nisbətən 31 faiz, yəni 1 milyard 808 milyon dollar artıb və 7 milyard 650 milyon dollar olub.
Azərbaycandan Türkiyəyə
783 milyon 861 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki,
bu da 2022-ci ilə nisbətən 9,9 faiz çoxdur. Digər qardaş ölkə olan Qazaxıstanla ticarət dövriyyəsi ötən
il 2022-ci ilə nisbətən 14,3 faiz artaraq 529,4 milyon dollara çatıb. Ticarətin genişlənməsi
üçün böyük
potensial var. Belə ki, Qazaxıstan
Azərbaycana ildə
300 milyon dollar dəyərində 100 adda
məhsul ixrac etmək imkanına malikdir. Azərbaycan-Özbəkistan
iqtisadi əlaqələri
də intensiv inkişaf edir. Bunu iqtisadi münasibətlərdə
əsas istiqamətlərdən
olan ticarət əməkdaşlığına aid rəqəmlər də təsdiqləyir. Belə ki, ötən
il Özbəkistanla ticarət dövriyyəsinin
həcmi 180 milyon dollara yaxın olub. Bu ilin
ilk beş ayında isə həmin göstərici təqribən 70 milyon dollar təşkil edib.
Prezident İlham
Əliyevin xarici ölkələrə dövlət
və işgüzar səfərləri zamanı
aparılan danışıqlarda,
imzalanan sənədlərdə
ticarət əlaqələrinin
genişləndirilməsinə xüsusi önəm verilir. Dövlətimizin başçısının keçən
aylarda etdiyi iki səfəri xatırlayaraq. Prezidentin Misir Ərəb Respublikasına səfəri
göstərdi ki, ölkələrimiz arasında
əməkdaşlığın inkişafı üçün
böyük iqtisadi potensial mövcuddur. Misir Prezidenti Əbdülfəttah Əs-Sisi
danışıqlar zamanı
əczaçılıq, logistika,
nəqliyyat, tikinti, neft-qaz, "yaşıl enerji" kimi sahələrdə ikitərəfli
əlaqələrin genişləndirilməsi
və intensivləşdirilməsinin
zəruriliyi, həmçinin
təcrübə, bilik
və texnologiya mübadiləsinin təşkilinin
vacibliyini vurğuladı.
Qeyd edək ki, bu ilin
ilk altı ayında Azərbaycanla Misir arasında ticarət dövriyyəsi
2023-cü ilin müvafiq
dövrü ilə müqayisədə 4,5 dəfə
artıb. Ötən il ticarət dövriyyəsi 13 milyon dollardan
bir qədər çox olub. 2024-cü ildə artım
gözlənilir.
Dövlətimizin
başçısının Pakistan İslam Respublikasına səfəri
də göstərdi ki, əlaqələrimiz yüksələn
xətlə inkişaf edir. Əgər 2021-2022-ci illərdə
Pakistan Azərbaycana 9,7 milyon dollar həcmində ixrac həyata
keçirmişdisə, 2022-2023-cü illərdə bu rəqəm
12 milyon dolları ötüb. Pakistan Azərbaycana əsasən
gübrə ixrac edib. Azərbaycandan Pakistana maye qazın
ixracının bərpa edildiyi və informasiya
texnologiyaları sahəsində qarşılıqlı sərmayə
yatırımının səmərəliliyi
vurğulanıb.
Bir sözlə, ticarət əlaqələrimiz
genişlənir. Dövlət Statistika Komitəsinin məlumatına
görə, bu ilin əvvəlindən xarici ticarət
dövriyyəsinin 88,8 faizi İtaliya, Türkiyə, Rusiya,
Çin, İsrail, Hindistan, Almaniya, Avstraliya, Çexiya,
ABŞ, Yunanıstan, Gürcüstan, Xorvatiya, Bolqarıstan,
Rumıniya, İran, Tailand, Portuqaliya, Türkmənistan,
Ukrayna, Koreya, Belarus və Tunislə aparılmış ticarət
əməliyyatlarının payına düşüb. Ölkəyə
idxal olunmuş məhsulların 85,4 faizi Çin, Rusiya,
Türkiyə, Avstraliyanın, Almaniyanın, ABŞ-nin,
İranın, İtaliyanın, Koreyanın, Türkmənistanın,
Belarus, Kanada, Ukrayna, Yaponiya, Birləşmiş Krallıq,
Fransa, Hindistan və Qazaxıstandan, 14,6 faizi isə digər
ölkələrdən gətirilib .
Keçən
ilin 5 ayı ilə müqayisədə bu ilin yanvar-may
aylarında mühüm məhsul növlərindən təzə
meyvə idxalı 35,9, bitki yağları 19, şokolad və
şokolad məhsulları 22,4, kərə yağı və
digər süd yağları və pastaları 38,9, unlu qənnadı
məmulatları 20,4 faiz artıb. İdxalı artan məhsullar
sırasında quş və mal əti, təzə tərəvəz,
qara metallardan borular, hesablama maşınları, blok və
qurğuları, yük avtomobilləri, sintetik yuyucu vasitələr,
mənişət kondisionerləri, mineral gübrələr,
qara metallardan çubuqlar, mebellər, paltaryuyan
maşınlar, polipropilen və avtobuslar da yer alıb. Bu
dövrdə ölkəyə 31954 minik, 3335 yük avtomobili,
98 avtobus idxal olunub.
Beləliklə,
biz xaricdən əsasən maşın və mexanizmlər,
elektrotexniki avadanlıq və cihazlar, nəqliyyat vasitələri,
mineral və kimya sənayesi məhsulları, azqiymətli
metallar, qiymətli və ya azqiymətli daşlar, onlardan
hazırlanan məmulatlar, mirvari alırıq. Azərbaycan digər
ölkələrdən eləcə də hazır ərzaq məhsulları,
içkilər, tütün məmulatları, toxuculuq
materialları və s. idxal edir.
İxracımızın
isə 38 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 8,2
faizini İsrailə, 5,1
faizini Hindistana, 3,9 faizini Rusiyaya, 3,1faizini Çexiyaya, hər
biri 2,8 faiz olmaqla Almaniya və Yunanıstana, 2,5 faizini
Xorvatiyaya göndərilmiş məhsulların dəyəri təşkil
edib. Məhsul ixrac etdiyimiz digər ölkələr isə
Gürcüstan, Bolqarıstan, Portuqaliya, Rumıniya, Tailand,
Tunis, Ukrayna, Niderland, Polşa, Fransa, İndoneziya, İspaniya və
İsveçrə və başqalarıdır.
Bəs biz bu
ölkələrə hansı məhsulları göndəririk?
İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz, kimya sənayesi
məhsulları, meyvə və tərəvəzlər,
plastik kütlə və ondan hazırlanan məmulatlar,
pambıq lifi və ipliyi üstünlük təşkil edir.
İxraca həmçinin alüminium, qara metallar və onlardan
hazırlanan məmulatlar, alkoqollu və alkoqolsuz içkilər,
bitki yağları, şəkər də yönəldilir. Bu
ilin əvvəllindən təzə meyvənin, meyvə-tərəvəz
şirələrinin və konservlərinin, bitki
yağlarının, marqarinin, çayın, pambıq lifinin,
bentonit gilinin ixracı keçən ilin eyni dövrünə
nisbətən artıb.
Ölkəmizdə
sənayeləşdirmə prosesinin həyata keçirilməsi,
yeni sənaye müəssisələrinin yaradılması,
xüsusilə sənaye parklarında rezidentlərin
sayının getdikcə çoxalması həm məhsulun
artmasına, həm də ixracın genişlənməsinə
yeni təkan verir. Bu isə o deməkdir ki, ixracın tərkibində
qeyri-neft məhsullarının sayı getdikcə artacaq.
Bütün bunlar da öz növbəsində Azərbaycanın
idxal-ixrac əməliyyatlarında saldonun yenə də
müsbət olmasına xidmət edən amillərdir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
27 iyul (¹ 157).- S.8.