Azərbaycana
gələn turistlərin
sayı artır
Yay fəslində
istirahət etmək, səyahətə çıxmaq
hamının istəyidir.
Bakıda, mavi Xəzərin sahillərindəki
istirahət guşələri,
sanatoriyalar, çimərliklər,
Quba-Qusar, Qax-Balakən-Zaqatala,
Lənkəran-Astara-Lerik, Göygöl,
Hacıkənd, Daşkəsən,
Gədəbəy kimi
bölgələr, bu
yerlərdə dağlı-dərəli
meşəliklər, buz
bulaqlar, axar çaylar, dünya standartları səviyyəsində
yaradılmış istirahət
mərkəzləri turizm
həvəskarlarına xüsusi
zövq verir.
Bu sıraya dörd
il bundan əvvəl Ermənistan silahlı birləşmələrinin
işğalından azad
edilmiş Qarabağ bölgəsini də əlavə etsək, ölkəmizdə turizmin
coğrafiyasının nə
qədər böyük
olduğu bir daha göz önündə
canlanar.
Xatırladaq ki,
son üç ildə turistlərin erməni işğalından
azad olunmuş ərazilərə böyük
marağı müşahidə
olunur. Bu əraziləri ziyarət edənlərin sayı ilbəil artır. Məsələn, ötən
ay Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində təkcə
fərdi avtomobillə
Şuşa və Laçın şəhərlərinə
20 mindən çox insan səfər edib. Şuşa şəhərinə 2 min
650 avtomobillə 12 min
528 nəfərin, Laçın
şəhərinə isə
2 min 296 fərdi avtomobillə 8 min 330 nəfərin səfəri
reallaşıb. Şuşaya
səfər edənlərin
1779 nəfəri, Laçına
səfər edənlərin
isə 709 nəfəri
bu ərazilərdə
yerləşən hotellərdə
qonaq olub. Daha dəqiq desək, 2023-cü il dekabrın 27-dən 2024-cü il
iyunun 19-dək Şuşa
şəhərinə ümumilikdə
72 min 298 nəfər səfər edib. Bu il aprelin
27-dən iyunun 19-dək Laçın
şəhərinə səfər
edənlərin sayı
isə 42 min 670 nəfər olub.
Görünən odur
ki, yaxın illərdə Azərbaycan
turizminin ürəyi bu bölgədə döyünəcək. Bunun
üçün müəyyən
addımlar da atılır. Təhlükəsizliyin
təmin olunması, infrastrukturun yenidən qurulması, habelə turizm sektoru üzrə peşəkar kadr potensialının formalaşdırılması istiqamətində
işlər aparılır.
Bütün tikililər,
"ağıllı kənd"
layihələri, yeni evlərin inşası, qaçqın və məcburi köçkünlərin
doğma yurdlarına qayıdışı gələcəkdə
həmin ərazilərdə
qaynar həyatdan, gözəl turizm imkanlarının yaranacağından
xəbər verir.
Şərqi Zəngəzur
və Qarabağ böyük su hövzələri, meşələri,
dağları, mənzərəli
məkanları ilə
zəngindir. Təbii və antropogen resurslarla zəngin bu ərazilərdə müxtəlif turizm fəaliyyətlərinin inkişafı
üçün olduqca
əlverişli şərait
mövcuddur. Əvəzsiz
təbiət mənzərələri,
mineral sular, tarixi-mədəni abidələr,
ləziz mətbəx,
folklor və sairə bu kimi
amillər turistlərin
bu yerləri təkrar görmək istəyini birə-beş artırır. Yaxın zamanlarda Qarabağ ərazisində milli parkların yaradılması
turizm marşrutlarının
artmasına, bu sahəyə maraqlı olan səyahətçilərin
sayının çoxalmasına
səbəb olacaq. Azərbaycan Ekoturizm Assosiasiyasının fəalları
bir neçə dəfə bölgədə olublar,
doğma yurdda ekoturizm üçün müvafiq işlərin aparılmasına start veriblər.
"Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət
Proqramı"nın hədəf göstəricilərində
turizm sektorunun inkişafı əsas infrastruktur layihələrindəndir.
Onun əsasında
Dövlət Turizm Agentliyində "İşğaldan
azad edilmiş ərazilərdə turizmin
inkişafı ilə
bağlı Fəaliyyət
Planı" təsdiq
edilib. İşğaldan
azad edilmiş ərazilər üzrə
"Qarabağ Regional Turizm
İdarəsi"nin, habelə
Prezidentin sərəncamı
ilə iyun ayında "Tuğ" Dövlət Tarix-Memarlıq
və Təbiət Qoruğunun yaradılması
bu sahəyə diqqətin bariz nümunəsidir.
Qarabağın
və Şərqi Zəngəzurun "yaşıl enerji"
zonası elan edilməsi isə
turizmin inkişafında yeni qapıların
açılması deməkdir. Artıq
Şuşa, Xankəndi
və Zəngilanda ən müasir hotellərin istifadəyə
verilməsi, əlavə
zəruri turizm infrastrukturlarının yaradılması
istiqamətində işlərin
davam etdirilməsi bu bölgənin ən münbit və əlverişli ekoturizm sənayesi mərkəzinə çevrilməsinə
güclü zəmin yaratmaqdadır.
İstisna deyil
ki, COP29 çərçivəsində
ekoloji tədbirlərin təşviqi
ilə bağlı xarici qonaqlarda əyani təsəvvür
yaratmaq üçün
Qarabağ və Şərqi Zəngəzura
səfərlər təşkil
olunacaq. Azad edilmiş ərazilərə
səfər edən xarici qonaqlar bölgənin ekoturizm zənginliyini gördükdən
sonra davamlı olaraq bu yerlərə
gəlməyə çalışacaqlar.
Rəsmi mənbələrin
açıqlamasından məlum olduğu kimi, pandemiya
dövründən başlayan 3 illik azalmadan sonra turizm
sektorunda yenidən canlanma müşahidə edilir. Xüsusilə
də ərəb regionu və körfəz dövlətlərindən
Azərbaycana gələnlərin sayı artmaqdadır. Qeyd
edilən dövrdə Azərbaycana dünyanın 179 ölkəsindən
965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 35,4 faiz çox turist səfər edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
bu ilin ilk 5 ayında əvvəlki ilin yanvar-may ayları ilə
müqayisədə körfəz ölkələrindən gələnlərin
sayı 1,5 dəfə artaraq 156,3 min nəfərə
çatıb. Bu dövrdə Avropa İttifaqından gələn
turistlərin sayında 31,1 faiz, MDB regionundan gələnlərin
sayında isə 24 faiz artım qeydə alınıb.
Yeri gəlmişkən,
ərəb və körfəz regionundan gələn turistlərin
tələbatını nəzərə alaraq turizm obyektlərinə
"halal hotel" sertifikatının verilməsi nəzərdə
tutulur. "Halal hotel" konsepti islam qanunlarına uyğun
xidmət göstərən hotellərə aid olur və ziyarətçilərin
islam dininin tələblərinə uyğun qida,
yaşayış və digər xidmətləri təmin edir.
Turizmdə
diqqətçəkən digər məqamlardan biri uzaq
Asiyadan, xüsusilə də Çindən Azərbaycana
axının sürətlənməsidir. Belə ki, cari ilin 5
ayında ötən ilin eyni dövrü ilə müqayisədə
Çindən gələnlərin sayı 2,8, Hindistandan 2,6, Cənubi
Koreyadan 2,2, Filippindən gələnlərin sayı 1,8 dəfə
artıb. İlk dəfə olaraq Çindən Azərbaycana səfər edən turistlərin
sayı 10 min nəfərə çatıb. İlin birinci
yarısında Çindən Azərbaycana gələn turistlərin
sayı 16 mini ötüb ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 35 faiz artım deməkdir.
Ekspertlərin
fikrincə, ilin sonunda turistlərin sayının 2,5 milyon nəfərə
çatacağına, hətta bu rəqəmi də ötəcəyinə
əminlik yaradır. Çünki COP29-la bağlı ilin
sonuncu rübündə turizm sektorunda əlavə
dalğalanmaların baş verəcəyi və turist
axınının sayının noyabrda 3-4 dəfə
çoxalacağı gözlənilir. Sözsüz ki, COP29
ölkəmizin tanınmasında, eləcə də onun turizm
potensialının dünyaya çatdırılmasında
gözəl imkanlar açır və turizmin inkişafına
da təkan verəcək. Azərbaycana noyabrda ən azı
70-80 min xarici qonağın gəlişi gözlənilir.
Turizm agentlikləri COP29-un tələblərinə uyğun
olaraq xaricilərin hotellərə yerləşdirilməsi,
istirahətlərinin təşkili, paytaxtımızla
tanışlıq kimi məsələləri diqqətdə
saxlamaq üçün öz
infrastrukturlarını və xidmət fəaliyyətlərini
indidən hazırlıq vəziyyətinə gətirib.
COP29 təkcə
qlobal iqlim sammiti deyil, həm də Azərbaycanın humanitar,
mədəniyyət simasını nümayiş etdirən,
dünyada humanizm məkanı olmasını təşviq edən
platformadır. Ölkəmizin mədəni zənginliyi COP29
ilində qonaqların Bakı şəhəri ilə
yanaşı, bölgəmizin də tarixi-mədəni abidələrini,
görməli məkanlarını ziyarət etmələrinə
stimul verəcək. Qeyd edək ki, Azərbaycan hökuməti
xarici turistlərin problemsiz gəlişi üçün asan
viza rejimi təmin edib.
Təbii ki,
ölkəmizdə insanların sağlamlığına
hesablanmış yeni qurulan istirahət məkanları,
dövlət tərəfindən edilən güzəştlər,
kampaniyalar turizm sektorunda xərclərin azalmasına və qiymətlərin
ucuzlaşmasına imkan yaradacaq.
Rəhman
SALMANLI,
Azərbaycan.-2024.-
27 iyul (№ 157).- S.10.