Olimpiadanın açılışı Qərbdə şok effekti yaradıb

 

 

Paris Olimpiya Oyunlarının açılışı mərasimində LQBT sənətçilərinin ifa etdiyi "Son şam yeməyi" süjetinin ədəbsiz parodiyası qəzəblə qarşılanıb. Amerikalı milyarder İlon Musk yazır: "Bu, xristianlara qarşı son dərəcə hörmətsizlik idi".

Fransanın  "Rekonkista" Partiyasının üzvü Ceffri Furnye bununla bağlı deyib: "Bir fransız bir xristian olaraq, açılış mərasimi zamanı milli şərəfimizə inancımıza xələl gətirən "Son şam yeməyi"nin parodik nümayişinə görə özümü ikiqat təhqir olunmuş hiss edirəm".

Macarıstanın "Magyar nemzet" qəzeti bu qəzəbi bölüşür: "Təbii ki, xristianlığa qarşı adi böhtanları da görməməzlikdən gəlmək olmazdı. Axşamın dəhşətli uğursuzluğu Da Vinçinin "Son şam yeməyi" əsərinin parodiyası idi".

Türkiyənin "Yeni Şafak" qəzeti isə qeyd edib ki, daha çox moda nümayişinə bənzəyən bu biabıçı şouya, təəssüf ki,  azyaşlı uşaqlar da cəlb olunub.

Həmin gün Yunanıstanın pronews.gr portalı Qərbi Avropada sivilizasiyanın xristian mədəniyyətinin süqutunu nümayiş etdirən Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin tamaşaçıların kəskin reaksiyasına səbəb olduğunu qeyd edib. Bildirilir ki, Parisdə Olimpiya bayramı və olimpizm idealları transgenderlərin paradına çevrilib.

Açılış mərasimini övladları ilə birgə izləyən Avropa Parlamentinin deputatı Marion Mareşal Le Pen də qəzəbini dilə gətirib. O, başı kəsilmiş Mariya - Antuanettanı, öpüşən cütlüyü, transvestitləri və xoreoqrafiyanın ümumi eybəcərliklərini qiymətləndirməkdə çətinlik çəkdiyini bildirib. Fransada keçirilən Olimpiadanın açılış mərasimi bütün cəfəngiyyatları   eyni vaxtda birləşdirdiyi üçün böyük uğursuzluqla keçib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da buna diqqət çəkib. Diplomat qeyd edib ki, beynəlxalq idman yarışlarının açılışı ərəfəsində Fransa hakimiyyəti rusəsilli aşpazı casusluqda və "tədbirin qarşısını almaq" cəhdində ittiham edərək saxlayıb. Bundan əlavə, Oyunların açılışı günü Paris nəqliyyatın çökməsi ilə üzləşib və bununla əlaqədar hakimiyyət bəzi "cinayətkarları" taparaq qəsdən "sabotaj" olunduğunu elan edib. Mərasimin özü açıq havada leysan yağışda baş tutub, lakin nə buludlar təmizlənib, nə də tamaşaçılar üçün örtüklər olub. Bundan əlavə, şouda Olimpiya hərəkatının bayrağı "dünyanın sonunu təsvir edən Qiyamət günü atlısı tərəfindən daşınıb". Zaxarova deyib ki, baş verənlərin apoteozu xristianlar üçün müqəddəs bir süjetə - "Son şam yeməyi"nə parodiya idi. Belə ki, İsa Məsihin son şam yeməyi zamanı  həvariləri transvestitlər təsvir etmişlər. Diplomat öz Telegram kanalında qeyd edib: "Görəsən, Parisdə Olimpiadanın açılış mərasiminin bu qədər böyük uğursuzluğa düçar olması üçün daha nə qədər "casus" göndərmək lazım idi? Bu, alt deyil. Bu, Senanın dibidir".

Britaniyanın "Guardian" nəşri isə bu biabırçılığa Tanrının da biganə qalmadığını vurğulayır : "Nəinki yenilikçi, həm də imperiya əzəməti ilə bəzədilmiş bir mərasimə 120 milyon avro xərcləyən, illərlə öz əhəmiyyətini nümayiş etdirən və sonra yaratdıqları hər şeyi yağışın altında qoyan Fransa Olimpiya Komitəsinin cəsarətinə heyran olmaq lazımdır. Yağış həm də Tanrı tərəfindən bu cür ədəbsizliyi yuyub aparan cəza cəhdi sayıla bilər....

Qeyd edək ki, Sena boyunca keçirilən parad zamanı əlcəzairli idmançılar 1961-ci ildə Parisdəki qırğınlar zamanı həlak olan həmvətənlərinin xatirəsinə suya qızılgül atıblar. O vaxt Əlcəzairin müstəqilliyi üçün keçirilən mitinqlər şəhər polisi tərəfindən vəhşicəsinə yatırılıb, nəticədə 40 nəfərdən 200-ə qədər nümayişçi həlak olub.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 28 iyul (№ 158).- S.6.