Hesablama Palatası:
"ClimateScanner"in nəticələri
COP29-da təqdim olunacaq"
"ClimateScanner" ("İqlim
Skaneri") layihəsinin
nəticələri bu
ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasında
(COP29) təqdim olunacaq.
"Report" bu barədə
Hesablama Palatasına istinadən xəbər verir.
Məlumata görə,
Braziliya Ali Audit Orqanı
(AAO) - Federal Hesablama Məhkəməsi
ilk dəfə olaraq
BMT-nin Auditorlar Şurasına üzv seçilib. Braziliya AAO-su 2030-cu ilə qədər Fransa və Çin AAO-ları ilə birlikdə altıillik müddətə
bu vəzifəni icra edəcək.
Bununla əlaqədar,
BMT-nin Baş katibi
Antonio Quterreş Braziliya
AAO-nun sədri Bruno Dantası
Nyu Yorkdakı mənzil-qərargahda qəbul
edib. Görüşdə
B.Dantas "ClimateScanner" layihəsinin
cari vəziyyətinə
dair məlumatları
Baş katibə təqdim
edib və qeyd edib ki, Ali Audit Orqanlarının Beynəlxalq
Təşkilatı (INTOSAI) çərçivəsində Braziliya və 17 ölkəni təmsil edən AAO tərəfindən
hazırlanmış iqlim
siyasətlərinin auditi
üçün qlobal
metodologiya olan "ClimateScanner" layihəsinə
127 ölkə qoşulub.
Bildirilib ki, həmin ölkələrin AAO-ları
üçün nəzərdə
tutulmuş təlimlərdən
sonra müvafiq qiymətləndirmələrin aparılması
planlaşdırılır.
Baş katib layihənin gedişatından məmnun
qaldığını, iqlim
dəyişikliyi ilə
mübarizə təşəbbüsləri
üzrə hökumətlərin
cəmiyyətə təqdim
etdiyi məlumatların
etibarlılığını təmin etmək üçün məlumatların
yoxlanılmasının zəruriliyini
bildirib. Onun sözlərinə görə,
Paris Sazişinin məqsədlərinə
riayət olunması ilə bağlı ölkələrin dərc
etdikləri məlumatların
araşdırılmasına ehtiyac var.
Bu kontekstdə B.Dantas
qlobal iqlim dəyişikliyi ilə bağlı siyasətlərdə
ali nəzarət institutlarının roluna dair BMT-nin rəsmi
qətnaməsinin vacibliyinə
toxunub.
Sonda Braziliya AAO-nun sədri
"ClimateScanner"in nəticələrinin
noyabrda Azərbaycanda keçiriləcək COP29-da təqdim
olunacağını bildirib.
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.7.