Azərbaycanın
"yaşıl gündəliyi"ndə külək enerjisinin öz yeri var
COP29-a hazırlaşırıq, əslində isə, Azərbaycanın "yaşıl
gündəliyi" bu
qlobal tədbirin ölkəmizdə keçirilməsinə
qərar veriləndən
xeyli əvvəl başlanıb. Dövlətimizin
"yaşıl enerji"
ilə bağlı xüsusi strategiyasında külək enerjisi istehsalı da önəmli yer tutur və bu,
təsadüfi deyil.
Qlobal Külək
Enerjisi Şurasının
(Global Wind Energy Council - GWEC) hazırladığı
hesabata görə, Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada Avstraliyadan sonra 2-ci ölkədir. Azərbaycandan
sonra isə bu siyahıda Şri-Lanka və Türkiyənin adı yer alır.
Külək enerjisi
küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət
(kinetik) enerjisidir. Bu, alternativ (bərpaolunan) enerji mənbələrindən biri
hesab olunur. Bu enerjinin bir
hissəsi faydalı olan mexaniki və
ya elektrik enerjisinə çevrilə
bilər.
Qiymətləndirmələr göstərir ki, küləyin sürəti
saniyədə 3-4 metr
olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda
küləyin orta sürəti saniyədə
11 metrdir. Bundan başqa, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarında
da küləkdən elektrik enerjisi alınması potensialı
böyükdür. Kəlbəcər
rayonunun dağlıq ərazilərində küləyin
orta illik sürəti saniyədə
7-8 metr təşkil
edir. Deməli, külək enerjisindən
istifadə imkanlarımız
genişdir.
Keçən ilin
oktyabr ayında Prezident İlham Əliyev "Qaradağ"
Günəş-Elektrik Stansiyasının
rəsmi açılış
mərasimindəki çıxışında
Qarabağın, Şərqi
Zəngəzurun və
Naxçıvanın "yaşıl
enerji" zonası elan olunduğunu bir daha vurğulayıb.
Dövlətimizin başçısı
külək enerjisindən
də danışaraq
deyib: "Bizim təbii sərvətlərimizin
istifadəsi üçün
böyük potensial var və aydındır
ki, külək də artıq bu sərvətə çevrilib. Çünki
külək həmişə,
xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin
mənbəyi olub. Lakin indi külək
təbii sərvətdir.
Bunu ola bilsin,
10-20 il bundan əvvəl təsəvvürə
gətirmək çətin
olardı. Lakin indi bu belədir
və xüsusilə Xəzər dənizində
külək çox güclüdür. Hətta
bu gün buradakı külək onu göstərir ki, bu potensial
buradadır".
Azərbaycan bu
sahədə də bir sıra tanınmış
xarici şirkətklərlə
tərəfdaşlıq edir.
Bunlardan biri Səudiyyə Ərəbistanı
Krallığının "ACWA
Power" şirkətidir. Bu
şirkətlə tikilməkdə
olan "Xızı-Abşeron"
Külək-Elektrik Stansiyası
xüsusi əhəmiyyət
kəsb edir. Stansiyanın təməli
2022-ci il yanvarın
13-də Xızı rayonunun
ərazisində qoyuldu.
Bu, ölkəmizdə
xarici sərmayə cəlb edilməklə həyata keçirilən
ilk sənaye həcmli bərpaolunan enerji layihəsidir. Eyni zamanda stansiya
Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda
Xızı rayonunun ərazisində yerləşən
50 MVt gücündə
"Yeni Yaşma"
Külək-Elektrik Stansiyasında
20 külək turbini
var və onların hər birinin gücü 2,5 MVt-dır. Bu layihədə isə təxminən 37 külək
turbini olacaq və hər biri 6,5 MVt gücündə
planlaşdırılıb.
Layihənin
investisiya dəyəri 300 milyon dollar həcmində qiymətləndirilir.
"Xızı-Abşeron" stansiyasında ildə 1 milyard
kilovat/saat elektrik enerjisi istehsalı
proqnozlaşdırılır ki, bu da təxminən 300 min evin
elektrik enerjisi ilə təmin olunması deməkdir. Bu layihənin
həyata keçirilməsi ilə ildə atmosferə
atılan 400 min tondan artıq karbon qazı emissiyasının
qarşısı alınacaq. Bu da təbii ki, ekoloji
baxımdan əhəmiyyət daşıyır. Həmçinin
ildə 200 milyon kubmetr qaza qənaət ediləcək. Beləliklə,
layihə ekoloji faydaları ilə qlobal iqlim hədəflərinə
yaxınlaşmağa kömək edəcək.
Bu il iyunun əvvəlində
keçirilən Bakı Enerji Həftəsi zamanı Azərbaycanın
energetika naziri Pərviz Şahbazovun "ACWA Power" şirkətinin
nümayəndələri ilə görüşündə
bildirildi ki, stansiya gələn
il istismara veriləcək. Elə
həmin görüşdə
"Xızı-Abşeron"un inşası ilə
yanaşı, 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və
200 MVt-lıq quruda külək enerjisi layihələrinin ixrac
imkanları çərçivəsində icrasına dair
müzakirələr aparıldı. BESS layihəsi üzrə
proseslərin sürətləndirilməsi
razılaşdırıldı.
Bakı Enerji Həftəsi
çərçivəsində keçirilən
görüşlərdə "TotalEnergies" və
"Saypem" şirkətləri
ilə də külək enerjisi sahəsində əməkdaşlıq
məsələləri geniş müzakirə olundu.
Bir neçə
aydan sonra COP29-a toplaşan çoxsaylı qonaqlarımız
Azərbaycanın təbiəti və iqlimi ilə yaxından
tanış olacaqlar. Onlar Bakımızın küləyini də,
bu təbiət hadisəsini sərvətə çevirdiyimizi
də əyani görəcəklər. Təbii ki, bu sahədə
yeni layihələrin ideyası yaranacaq, yeni
başlanğıclara imza atılacaq.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.7.