Duyğularını
əsərlərində canlandıran
rəssam
Babası şuşalı
Əmir bəy Nərimanbəyov Qarabağın
tanınmış bəylərindən
idi. İxtisasca hüquqşünas
olan Əmir bəy çar II Nikolay dövründə bir müddət vətənindən kənarda
yaşadı. O, Kiyevdə
dərs dedi. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan
sonra yenidən vətənə qayıtdı.
Bakı quberniyasının
qubernatoru oldu.
Əmir bəy
Nərimanbəyovun oğlu
Fərman da Şuşada dünyaya gəlmişdi. Fərman Nərimanbəyov Azərbaycan
Xalq Cümhuriyyəti
hökumətinin xaricə
təhsil almağa göndərdiyi istedadlı
gənclərdən biri
oldu. O, Fransaya getdi. Ali məktəbə
daxil oldu. Tələbə ikən fransız dilini mükəmməl öyrəndi.
Fərman Nərimanbəyov
tanış olduğu,
sevdiyi fransız qızı, dərzi-modelyer
İrma Lya Rude ilə evləndi.
Ailəsi ilə bir müddət Fransada yaşadı.
İlk övladı Vidadi
1926-cı il iyulun 13-də Fransanın
Kann şəhərində dünyaya göz açdı. Vidadi Nərimanbəyovun ömrünün
ilk illəri qürbətdə
keçdi.
İxtisasca energetik
olan Fərman Nərimanbəyov 1929-cu ildə
həyat yoldaşı
İrma Lya Rude və üç
yaşlı oğlu Vidadi ilə birlikdə Bakıya döndü. O, Azərbaycan
Dövlət Plan Komitəsində
elektrikləşdirmə bölməsinin
rəisi işlədi.
1930-cu il avqustun 7-də ailənin ikinci oğlu, gələcəyin böyük
rəssamı Toğrul Nərimanbəyov
dünyaya gəldi. Avropada təhsil almış, geniş dünyagörüşə, yüksək
mədəniyyətə sahib olan valideynləri Vidadinin və Toğrulun tərbiyəsinə,
təhsilinə böyük
həssaslıqla, qayğıkeşliklə
yanaşırdılar. İki
istedadlı övlad sevgidolu bir ailədə
böyüyür, sonsuz
ümid bəslədikləri
gələcəklərinə doğru inamla addımlayırdılar. Ancaq
sovet hökumətinin
sərt repressiya ruzigarı onların da evində əsdi. Təhsilini cümhuriyyət
dövründə Avropada
almış azərbaycanlıların
əksəriyyəti kimi
Fərman Nərimanbəyov
da 1937-ci ildə həbs
edildi, Sibirə sürgünə
göndərildi.
Ailə başçısının
məcburi gedişindən
sonra evdə səksəkə, qorxu hökm sürməyə başladı. Çünki
represiyaya məruz qalanların doğmalarını,
yaxınlarını da eyni
aqibət gözləyirdi.
Fransa vətəndaşlığından
çıxmayan İrma Lya Rudeni də 1941-ci ildə Bakıda həbs etdilər. Vidadi və Toğrul atalarından sonra analarından da ayrılmalı
oldular. İrma Lya Rude Özbəkistana
- Səmərqəndə sürgün
edildi.
İkinci Dünya müharibəsi
başlamışdı. Vidadi
həyatın çox
çətin sınaqları
ilə üzləşmişdi.
Bir tərəfdən müharibənin
gətirdiyi çətinliklər,
digər tərəfdən
də onu tərk etməyən təşviş içində
idi. Dincliyini, rahatlığını əlindən
almış dövrün
zalımlığına qarşı
hiddətini kağıza
köçürdü. "Nədir günahımız?"
adlı ilk əsəri
belə yarandı.
İllər ağrı-acılar
içində keçirdi.
Müharibə başa
çatdı. Ancaq gətirdiyi əzablar tez unudulmadı. Vidadinin anasının sürgün həyatı
1961-ci ilədək davam
etdi. Atası da sürgündən qayıtdı.
Mingəçevirdə yaşamalı,
orada çalışmalı
oldu, 1977-ci ildə Fərman Nərimanbəyov
Mingəçevirdə vəfat
etdi.
O zaman Vidadi Nərimanbəyov artıq özünəməxsus
üslubu, dəst-xəti
olan rəssamlardan biri kimi tanınırdı.
O, 1943-cü ildə orta
məktəbi bitirib Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil oldu. Sonralar V.Muxin adına
Leninqrad Ali Rəssamlıq-Sənaye
Məktəbində və
Tbilisi Rəssamlıq Akademiyasında
təhsil aldı. Hələ tələbə
ikən çəkdiyi
"Düşmənin sevinci..."
tablosu ona şöhrət qazandırdı.
Vidadi Nərimanbəyov
sonsuz yaradıcılıq
həvəsi ilə axtarışlar aparır,
eskizlər hazırlayır,
əsərlər yaradırdı.
1963-cü ildə "Yolda"
monumental, irihəcmli tablosu
da rəssamlar, sənətşünaslar
tərəfindən böyük
maraqla qarşılandı.
Vidadi Nərimanbəyov
bu şöhrətli əsəri R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyinin daimi eksponatıdır.
Portret janrında
yaratdığı əsərlər
görkəmli sənətkarın
yaradıcılığında xüsusi yer tutur. "İnteryerdə
qız", "Qaçaq
Nəbi", "A.Semyonovun
portreti", "Briqadir
S.Məmmədovun portreti",
"Ana portreti", "Tutqun
üz", "Tələbə
qız", "Nəzifənin
portreti" və digər əsərləri
yüksək ustalıqla
işlənib.
Rəssam Vətənindən
kənarda da tanındı.
Vidadi Nərimanbəyovun
yalnız keçmiş
Sovet İttifaqı məkanında deyil, Bolqarıstanda, Rumıniyada,
Macarıstanda, Çexiyada,
Əlcəzairdə, Finlandiyada
və digər ölkələrdə keçirilən
fərdi sərgiləri
maraqla qarşılandı.
Tanınmış sənətkar
1977-ci ildə Əməkdar
rəssam, 1982-ci ildə
isə Xalq artisti fəxri adlarına layiq görüldü. 2001-ci ildə
isə "Şöhrət"
ordeni ilə təltif edildi.
Görkəmli fırça
ustası Vidadi Nərimanbəyov 2001-ci il dekabrın
13-də Bakıda vəfat
etdi.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.10.