Ömrünün
60 ilini pedaqoji fəaliyyətə həsr
edən alim
Tanrı ona fenomenal yaddaş, möhkəm iradə, bir də sarsılmaz
inam vermişdi. Bir işə başlamazdan əvvəl
"Xoşbəxt olmaq
üçün xoşbəxtliyin
mümkün olduğuna
inanmaq lazımdır"
sözlərini tez-tez
təkrarlayar, başlayacağı
işin uğurla nəticələnəcəyinə daxilində inam yaradardı. 1914-cü ildə
İrəvanda Gedərçay
üstündəki Dəmirbulaq
məhəlləsində anadan
olmuşdu. Bağbanlıqla
məşğul olan atası Məşədi
Məmməd
dinə bağlı
adam idi. Qızının adını
da atası qoymuşdu - Kövsər...
Süd kimi ağ, baldan şirin...
Söhbət ədəbiyyatşünas-alim,
publisist təcürməçi
Kövsər Tarıverdiyevadan
gedir. Kövsər xanım ilk təhsilini o zaman İrəvanda məşhur
olan Haşım bəy məktəbində
alıb. Müəllimləri
onun fitri istedada malik olduğunu nəzərə
alaraq 9-cu sinfi bitirdikdən sonra birbaşa İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişirlər.
Kövsər xanım
texnikumu bitirdikdən sonra - 1932-ci ildə ailəsi
Yeravandan Bakıya köçür.
1932-ci ildən fəhlə-gənclər
məktəbində pedaqoji
fəaliyyətə başlayan
Kövsər Tarıverdiyeva
1937- 1939-cu illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat
fakültəsinin dekanı
vəzifəsində çalışıb.
1942-ci ildə Azərbaycan
SSR Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasında təhsilini
tamamladıqdan sonra bir müddət Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışır.
Kövsər xanımın
fəaliyyəti kimi ömür yolu da zəngindir. 1943-1948-ci illərdə Azərbaycan
SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə
İnstitutunun elmi-tədris
işləri üzrə
prorektoru vəzifəsində
işləyir.
O, daim hərəkətdə
olan bir insan idi. Gözəl təşkilatçılıq qabiliyyəti var idi. Məqsədi həyatda özünü təsdiq etmək, işlədiyi yerdə biliyindən, bacarığından düzgün
istifadə etmək idi. Sanki həyatda özünü, duracağı
yeri axtarırdı.
30 yaşında olarkən
tibb sahəsində təhsil almağa qərar verir. 1944-1949-cu illərdə Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
ixtisası üzrə
təhsil alsa da, cəmi ilyarım həkim işləməli
olur. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda pedaqoji
fəaliyyətə başlayan
Kövsər Tarıverdiyeva
ömrünün 55 ilini
bu təhsil ocağında pedaqoji fəaliyyətlə keçirir.
Kövsər xanım
erməni dilini yaxşı bilirdi. Elə "Abovyan və
Axundov" mövzusunda namizədlik
dissertasiyasını da 1952-ci ildə İrəvanda erməni dilində müdafiə edərək
filologiya elmləri namizədi adını almışdı. Həmin
əsər 1958-ci ildə
ayrıca kitab şəklində
çap olunmuşdur.
Elmi işinin mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin
tarixinə həsr edildiyinə, elmi işini də erməni dilində yazdığına görə
o zamanın "millətçiləri"
ölkə rəhbəri
Mircəfər Bağırova
donos yazaraq "ciddi tədbir görülməsini" xahiş
edirlər. Bağırovun
cavabı isə olduqca qısa olur: "Türk qızı
ermənilərin arasında
ermənicə alimlik dissertasiyası müdafiə
edibsə, bunun özü bir namizədlik mövzusu olmalıdır".
Kövsər Tarıverdiyeva
100-dən çox elmi-kütləvi
məqalələrin, 8 kitab və monoqrafiyanın müəllifidir. Elmi-ədəbi
fəaliyyətinə görə
"Ali məktəb işçisi"
fəxri adına, iki dəfə Azərbaycan SSR Ali Sovetinin
Rəyasət Heyətinin
fəxri fərmanına
layiq görülmüş,
"Qafqazın müdafiəsinə
görə" və
"Əmək fəaliyyətinə
görə" medalları
ilə təltif olunmuşdur.
Ömrünü 60 ilini elmi pedaqoji fəaliyyətə
həsr etmək, 55 il
ardıcıl olaraq bir kollektivdə çalışmaq, üç
dildə mühazirə
oxumaq asan məsələ deyil. O bu işlərin öhdəsindən ləyaqətlə
gəlməyi bacarırdı.
Ömrünü gənc
nəslin maariflənməsinə,
ədəbiyyatımızın araşdırılmasına və
təbliğinə həsr
edən Kövsər Tarıverdiyeva 2013-cü ildə
99 yaşında həyata
vida etdi.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.10.