Xalq
artisti Nəcibə Məlikovanın anım günüdür
Azərbaycan kino
və teatr sənəti tarixində müstəsna xidmətləri
olan Xalq artisti Nəcibə Məlikova yaratdığı
bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı
sevgisi qazanıb. Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından
32 il ötür. Əvvəlcə kino aktrisası kimi şöhrət qazanmış
sənətkarın yaradıcılığının
əsas qolu teatr sənəti ilə bağlıdır.
Kino tariximizdə
bir-birindən bənzərsiz
rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının
Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma
Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə
gedib. Burada bir neçə tamaşada çıxış
edərək Bakıya
qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib. Təhsil aldığı
illərdə Akademik Milli Dram Teatrının
tamaşalarında epizodik
rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə
bağlı kiçik
fasilələrlə) yenə
bu teatrda işləyib.
Nəcibə Məlikova
Azərbaycan və dünya dramaturqlarının
əsərlərinin səhnə
həyatında rol alıb. Eyni zamanda kinoda bir sıra uğurlu
rollar ifaçısı
kimi yadda qalıb. Onların sırasında "Ögey
ana"da Dilarə,
"Aygün"də Aygün,
"Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq
nailiyyətləri kimi
dəyərlidir. Nəcibə
Məlikova məlahətli,
emosional, lirik-dramatik aktrisa idi. Mənən
saf qəlbli qəhrəmanları, məhəbbət
yolunda mürəkkəb
vəziyyətlərdə gücsüz
görünüb kövrələn,
ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin
və kövrək lirizm üstünlük təşkil edib.
Kino və teatr sahəsində xidmətlərinə görə
aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar
artisti, 1974-cü ildə
isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Görkəmli sənətkar
1992-ci il iyulun 27-də
vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.10.