Fransa Azərbaycan bayrağının kölgəsində qaldı

 

 

İlk qızıl medal

 

 

Parisdə təşkil olunan Olimpiya Oyunlarında günlər ötdükcə hər bir idman növündə yarışlar gərgin maraqlı xarakter almağa başlayıb. Şübhəsiz ki, Azərbaycan Fransada yarışan atletlərimizdən medallar gözləyir.

Hər gün milyonlarla tamaşaçıların nəbzi Parisdə idmançılarımızla vurur. Sevindirici haldır ki, artıq dünən ölkəmizin aktivinə medal yazılıb. Özü əyarı qızıldır. Belə ki, cüdoçumuz Hidayət Heydərov medal həsrətinə son qoydu.

Dünya çempionumuz kolleksiyasına daha bir medal əlavə etdi.

Özü finalda fransalı həmkarını məğlub etməklə. Necə deyərlər, Fransa Azərbaycan bayrağının kölgəsində qaldı.

Onu da vurğulayaq ki, idman yarışları hər zaman siyasət meydanına çevrilməyib. Amma Fransanın son 4 ildə Azərbaycana qarşı hücumları, qarayaxma kampaniyaları Olimpiya Oyunlarında da özünü bir daha biruzə verdi. Belə ki,  Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Fransanın "France 2" telekanalının canlı yayımında şərhçilər Azərbaycanla bağlı təxribat xarakterli açıqlamalar verdilər. "Ötən il Ermənistan üçün matəm ili olub Qarabağın Azərbaycan Ordusunun əlinə keçməsi ilə nəticələnib", - deyə kanal şərhçiləri qeyd etdilər. Azərbaycanın "Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası" kimi təqdim edilməsi fonunda şərhçi bildirdi ki, Ermənistan tarixən fransızların qəlbinə yaxın ölkədir".

Bu, açıq-aşkar Fransanın Azərbaycana qarşı təxribatının barız təcəssümüdür. Amma Hidayət bu zəfəri ilə fransız təxribatına layiqli cavab verdi.

 73 kq çəkidə mübarizə aparan dünya reytinqinin birincisi Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Butbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Butbulla görüşlə start verib. O, rəqibini məğlub edərək, mərhələ adlayıb.

H.Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. İpponla qalib gələn Hidayət yarımfinalda   kosovalı Akil Qyakova ilə üz-üzə gəlib. Bu mərhələdə rəqibini üstələyən cüdoçumuz adını finala yazdırıb.

Həlledici mərhələdə isə rəqib fransalı Joan-Benjamin Qaban idi. Çətin keçən qarşılaşmada rəqibinə ippon fəndi ilə qalib gələn Hidayət Olimpiya çempionu oldu. Bununla da, Hidayət Heydərov bir il ərzində həm Avropa, həm dünya, həm Olimpiya çempionu olmaqla "qızıl het-trik"ə imza atmış oldu.

Final görüşündən sonra Hidayət Heydərov çempion olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini deyib: "Bütün Azərbaycan xalqına "sağ ol" deyirəm.  Biz həmişə qalib gələcəyik. Çünki qalib xalqın övladlarıyıq. Yaşasın Azərbaycan!"

Hidayət Fransa paytaxtında yerli idmançı ilə final qarşılaşmasındakı qələbəsindən danışıb: "Fransalı rəqibə zalda daha böyük dəstək var idi. Onlar qışqırdıqca, mən rəqibə qışqırırdım, onu elə qorxudurdum. Fransada himni səsləndirəcəm.

Bir dəfə Monpelyedə Avropa çempionu olmuşam. Çox gözəl şərhlər yazmışdılar. İndi fransalılar yenə Azərbaycan himnini ayaqüstə dinləməli olacaqlar".

Hidayət Heydərov 1997-ci ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçaydandır. Hidayətin üç yaşı olarkən ailəsi Bakıya köçüb. Balaca vaxtlarından aktivliyi ilə seçilən, idmana marağı olan qəhrəmanımız altı yaşında olarkən cüdoya başlayır. Onun ilk müəllimi Tərlan Həsənov olur.

Əzmkarlığı ilə diqqət çəkən Hidayət tezliklə cüdoda uğur qazanmağa başlayır. O, 2008-ci ildə Bakı çempionluğunu, bir il sonra isə Azərbaycan çempionluğunu qazanır. 60 kq çəki dərəcəsində iki dəfə Azərbaycan çempionluğunu əldə edən yeniyetmə idmançının ayağı bundan sonra beynəlxalq arenaya açılır.

2010-cu ildə Tbilisidə keçirilən beynəlxalq turnirdə ikinci yerə çıxan Hidayət növbəti il Ankarada keçirilən Avropa kuboku uğrunda turnirdə birinci yeri tutur. 2012-ci ildə Hidayət yeniyetmələrdən ibarət Azərbaycan yığmasına dəvət alır. Antalyada yeniyetmələrin Avropa kubokunda yarışan Hidayət turniri birinci pillədə başa vurur.

Heydərov sonradan yarışlara 73 kq çəki dərəcəsində qatılır. Hansı ki bu çəkidə Elnur Məmmədli, Rüstəm Orucov kimi idmançılar böyük uğurlar əldə edib, Olimpiya oyunlarında medal qazanıblar. Hidayət hazırda dördqat Avropa çempionudur. O, 2017-ci ildə Varşavada, 2022-ci ildə Sofiyada, 2023-cü ildə Monpelyedə, bu il isə Zaqrebdə bütün rəqiblərini üstələyib. O, qitə birinciliyində iki bürünc, bir gümüş əldə etməyi bacarıb.

Hidayətin dünya çempionluğu arzusu isə gec reallaşdı. O, bəzən hakim haqsızlığı, bəzən xırda səhvlərdən qızıla çata bilmirdi. Daha əvvəl Bakı, Tokio Daşkənddə qızıla iddia edən cüdoçu yekunda bürünc medalla kifayətlənib. Bu il isə o, çoxdankı arzusuna çatdı. Avropa dünya çempionluqlarından əlavə, Heydərov Avropa Oyunlarında, Yay Universiadasında, İslam Həmrəyliyi oyunlarında medal qazanmağa müvəffəq olub.

Abu-Dabidəki dünya çempionatı boyu Hidayət gərgin mübarizədə Kosovo, Braziliya Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Finalda isə o, hazırkı Asiya çempionu, yaponiyalı Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Lakin Hidayət təslim olmayıb. Əzmkarlıq göstərən idmançımız vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib Abu-Dabidə Azərbaycan Bayrağını dalğalandırıb.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 30 iyul (№ 159).- S.9.