Seçkilərdə
fəallığın daha
da yüksəldilməsi
üçün tədbirlər
görülür
Ölkəmiz müstəqillik
tarixində ilk dəfə olaraq ərazi bütövlüyü
və suverenliyi tam bərpa edildiyi şəraitdə Milli Məclisə seçkilər keçirəcək.
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərin
yüksək səviyyədə
təşkili, azad, ədalətli və şəffaf keçirilməsi,
eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi və
məlumatlandırılması məqsədilə genişmiqyaslı
tədbirlər reallaşdırılır.
Milli Məclisə
növbədənkənar seçkilərlə əlaqədar
Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə
birgə layihəsi çərçivəsində iyulun 24-də
"dəyirmi masa" təşkil olundu. Mərkəzi
Seçki Komissiyasının müxtəlif statuslu seçki
iştirakçılarını əhatə edən
genişmiqyaslı maarifləndirmə proqramı əsasında
reallaşdırılan layihə cəmiyyətdəki aktiv
mövqeyi, məqsədyönlü fəaliyyətləri
günbəgün güclənən Azərbaycan
qadınlarının qarşıdan gələn seçkilərdə
fəallıqlarının daha da yüksəldilməsi
üçün yaradılan geniş və hərtərəfli
imkanları müzakirə edildi. Tədbirdə
çıxış edən Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pənahov
qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə
gələn müxtəlif layihələrin qadınların
seçkilərdə azad və sərbəst fəaliyyətinin
təkmilləşdirilməsi, məlumatlılığının
artırılması, həmçinin fəallığı
baxımından mühüm əhəmiyyət kəsb
etdiyini diqqətə çatdırdı. O, ölkəmizdə
keçirilən seçkilərdə qadınların rolunun
çox böyük olduğunu bildirdi. Qeyd etdi ki, seçicilərimizin
çoxu qadınlardır: "Seçkilərdə fəallığı
baxımından ən gözə görünməyən,
amma effektli olanlar da qadınlardır".
Mərkəzi
Seçki Komissiyasının sədri qeyd etdi ki, Azərbaycan
2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə bu
xalqın, ordunun nəyə qadir olduğunu bütün
dünyaya nümayiş etdirdi: "Azərbaycan yüz illərdir
arzu etdiyi, həsrətində olduğu halların
reallaşdığını görür. Ona görə
çalışmalıyıq ki, bizə aid olan sahələrdə
öz fəaliyyətimizi həmin standartlar üzərində
quraq. Azərbaycan ərazi bütövlüyünün və
suverenliyinin tam bərpasından sonra artıq ikinci dəfə
seçki keçirəcək. Birincisi fevral ayında
keçirilən prezident seçkiləri idi. Biz onu "Zəfər
seçkisi" adlandırırdıq. Mən hesab edirəm
ki, o, prezident seçkiləri ilə bağlı Zəfər
seçkiləri idi, bu isə Milli Məclisə seçkilər
baxımından Zəfər seçkisi olmalıdır".
"Dəyirmi
masa"da qadın məsələlərinə dair təşkilatlar,
vətəndaş cəmiyyəti institutları və ictimai
birliklərin nümayəndələri iştirak edirdilər.
Tədbirdə qadınların seçkilərdə
iştirakı ilə bağlı müxtəlif mövzular ətrafında
geniş müzakirələr aparıldı, meydana
çıxan suallar cavablandırıldı.
İyulun
24-də Milli Məclisə növbədənkənar
seçkilərlə əlaqədar Mərkəzi Seçki
Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə
layihəsinə də start verildi. Birgə layihə çərçivəsində
regional seminar-müşavirələrə
başlanıldı. İlk tədbir həmin gün Mərkəzi
Seçki Komissiyası və Daxili İşlər Nazirliyi təmsilçilərinin
də iştirakı ilə Bakı Şəhər Baş
Polis İdarəsində keçirildi.
Qeyd edək
ki, Milli Məclisə seçkilərdə polis əməkdaşlarının
xidməti fəaliyyətinə həsr olunan
seminar-müşavirələrdə ölkə üzrə
bütün dairə seçki komissiyalarının sədrləri
və polis orqanları nümayəndələrinin
iştirakı nəzərdə tutulur.
Tədbirlərdə
Mərkəzi Seçki Komissiyasının üzvləri,
Komissiya Katibliyinin əməkdaşları və Daxili
İşlər Nazirliyinin müvafiq qurumlarının
nümayəndələri tərəfindən Milli Məclisə
seçkilərin hazırlanıb keçirilməsində,
seçkiqabağı təşviqat dövründə, habelə
səsvermə günü və ondan sonrakı proseslərdə
polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş
rol və vəzifələri barədə təqdimatlar
keçirilir, çıxışlar dinlənilir, müzakirələr
aparılır.
İyulun
25-də Milli Məclisə növbədənkənar
seçkilərlə əlaqədar Mərkəzi Seçki
Komissiyasının Daxili İşlər Nazirliyi (DİN) ilə
birgə layihəsi çərçivəsində
seminar-müşavirə Gəncədə təşkil olundu.
Gəncə 2-ci polis şöbəsində keçirilən
seminar-müşavirədə Milli Məclisə seçkilərin
hazırlanıb keçirilməsində,
seçkiqabağı təşviqat dövründə, habelə
səsvermə günü və ondan sonrakı proseslərdə
polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş
rol və vəzifələrindən danışıldı.
Mərkəzi
Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə
birgə layihəsi çərçivəsində növbəti
regional seminar-müşavirə iyulun 26-da Şəki şəhərində
keçirildi. Tədbirdə Mərkəzi Seçki
Komissiyasının və Daxili İşlər Nazirliyinin
nümayəndələri, ölkəmizin şimal-qərb
bölgəsində, eləcə də ətraf şəhər
və rayonlarda fəaliyyət göstərən 17 seçki
dairəsi üzrə dairə seçki komissiyalarının
sədrləri, şəhər və rayon polis şöbələrinin
məsul əməkdaşları iştirak etdilər.
Seminar-müşavirədə seçkilərdə polisin xidməti
fəaliyyətinə dair məsələlər ətraflı
müzakirə olundu.
Mərkəzi
Seçki Komissiyasının növbəti iclası Məzahir
Pənahovun sədrliyi ilə iyulun 27-də baş tutdu.
Komissiyanın iyulun 24-də keçirilən iclasının
protokolu təsdiqləndi. Sonra Milli Məclisə növbədənkənar
seçkilərdə seçki bülletenlərinin mətni,
forması, sayı və hazırlanma qaydası komissiya
üzvləri tərəfindən müzakirə edilərək
təsdiq olundu. Qərar verildi ki, Mərkəzi Seçki
Komissiyası Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq, 6 milyon 516 min 567 seçki bülleteninin
komissiyanın təmsilçiliyə uyğun 3
üzvünün müşahidəsi altında
hazırlanacaq.
Mərkəzi
Seçki Komissiyasının sədri Məzahir Pənahov
Milli Məclisə növbədənkənar seçkilərdə
müşahidəçi qismində iştirak etmək
üçün ümumilikdə indiyədək 2794 nəfərin
akkreditasiyadan keçdiyini diqqətə çatdırdı.
Qeyd etdi ki, müşahidəçilərdən 2562 nəfəri
Mərkəzi Seçki Komissiyasında qeydiyyat keçiblər.
Onların 126-sı Yeni Azərbaycan Partiyasının, 569-u
QHT-lər xətti, 1867 nəfəri isə öz təşəbbüsü
ilə müraciət edib.
Qarşıdan
gələn seçkilərlə əlaqədar Mərkəzi
Seçki Komissiyası tərəfindən qanunvericiliklə
müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə
malik qurumlarla sıx əməkdaşlıq çərçivəsində
intensiv şəkildə davam etdirilən ümumrespublika
miqyaslı maarifləndirmə tədbirləri barədə də
iclasda ətraflı məlumat verildi, deputatlığa namizədlərin
irəli sürülməsi və qeydə alınması, həmçinin
müşahidəçilərin akkreditasiyası ilə
bağlı statistik göstəricilər diqqətə
çatdırıldı.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
30 iyul (№ 159).- S.6.