"Olimpiya Oyunları
tarixində "Paris 2024" qədər pis təşkil olunmuş, insana, insanlığa və ümumilikdə bəşəri dəyərlərə
hörmətsizlik ehtiva
edən, idmanı son plana keçirən
ikinci nümunə müşahidə olunmayıb.
Belə əhəmiyyətli
bir tədbirin terroru dövlət siyasətinə çevirmiş,
etnik, milli və dini zəmində
nifaq, kin, nifrət dili təbliğ edən, dünyada ayırıcı
xətləri dərinləşdirən
Fransa kimi əliqanlı caniyə həvalə olunması özlüyündə böyük
qəbahət və tarixi səhvdir".
Bu sözləri
qəzetimizə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
deyib. Deputat bildirib ki, bu
günə qədər
Olimpiya Oyunlarının
keçirildiyi ölkələrdə
bir qayda olaraq idman mahiyyəti
ilə yanaşı, tədbirə evsahibliyi edən dövlətlər
ümumbəşəri dəyərlər
naminə Olimpiya platformasından istifadə
edərək müxtəlif
xoşməramlı çağırışlar
edir, oyunları daha təhlükəsiz və dinc dünya
naminə fürsətə
çevirməyə çalışırlar.
Hətta tarixdə Olimpiya Oyunları zamanı müharibələrin
dayanması, hərbi əməliyyatlara oyunların
gedişi zamanı fasilə verilməsi kimi çox mütərəqqi bir təcrübə mövcuddur.
"Olimpiya Oyunlarına
faşist Almaniyası
evsahibliyi edərkən
belə, mümkün
qədər bu prinsiplərə riayət
olunması istiqamətində
müəyyən addımlar
atılmışdı. Lakin
Fransa göstərdi ki, XXI əsrin əsas imperialist və neokolonialist dövləti olaraq özünün cinayətkar
mahiyyətində israrlıdır.
Habelə Makron komandası oyunlarda və evsahibliyinin texniki detallarında bir daha açıq
formada ifadə etdi ki, işğalçı,
təcavüzkar mahiyyətindən
əl çəkmək,
neokolonialist ideologiyasından
geri dönmək niyyətində deyil. Oyunların açılışı
zamanı bəşəri
dəyərlərin, o cümlədən
inancların təhqir
olunması Fransada illərdir hökm sürən etnik və dini zəmində
nifrət dili təfəkkürünün nəinki
hələ də davam etdiyini, üstəlik, artıq dövlətin milli ideoloji siyasətinə çevrildiyini göstərir.
Olimpiya platformasının
sülh çağırışları
naminə istifadə perspektivləri qala-qala, Makron komandasının və fransız ideoloqların nəzarətində
olan "azad" medianın, bütün digər resursların işğalçı və
təcavüzkar niyyətlər
naminə səfərbər
olunması onsuz da XXI əsrin müstəmləkəçi dövləti
olaraq tanınan Fransa üçün növbəti qara ləkə kimi tarixə düşdü",
- deyə o bildirib.
Müsahibimiz vurğulayıb
ki, Fransa hökuməti Cənubi Qafqazdakı ardıcıl
məğlubiyyətlərinin əvəzini Olimpiya platformasında çıxmağa
və Azərbaycana münasibətdə informasiya
müharibəsində ciddi
həmlə etməyə
cəhd göstərib.
Fransanın "France 2" kanalında Azərbaycan nümayəndə heyətinin
rəsmi keçidi zamanı səslənən
absurd fikirlər, o cümlədən dövlətimizin
ünvanına çirkin
iddialar bir daha göstərir ki, Fransa bütün
platformalarda məğlubiyyətini
qəbul edərək
Olimpiya marafonuna Azərbaycan əleyhinə
fəaliyyət üçün
özünün sonuncu
imkanlarından biri kimi baxır. Fransa ötən dövr ərzində Cənubi Qafqazda münaqişələrin davamlılığına
özünün maraqlarının
təmini üsulu kimi baxmış, işğal və təcavüzün, o cümlədən
separatizmin dayanıqlılığı
üçün bütün
güc və imkanlarını səfərbər
etmişdir. Azərbaycanın
Vətən müharibəsi
və antiterror tədbirlərində özünün
ərazi bütövlüyü
və suveren haqlarını tam bərqərar etməsinin
ardınca isə əvvəllər "vasitəçi"
adı altında pərdələnmiş rəsmi
Paris Azərbaycana münasibətdə
açıq düşmənçilik
siyasətinə start verib.
Deputat qeyd edib ki, Fransa
Ermənistanın işğal
və təcavüz siyasətinə bütün
platformalarda siyasi-iqtisadi
dəstək verməklə
yanaşı, həm də bu ölkəni
təcavüzkar niyyətlər
naminə davamlı olaraq silahlandırıb:
"Hətta Cənubi
Qafqazda tamamilə yeni, təhlükəsizlik
üçün unikal
imkanın yarandığı
bir zamanda belə, Ermənistan Fransa tərəfindən silahlandırılmaqdadır. Habelə
Fransa Cənubi Qafqazda özünün çirkin niyyətlərini
realizə edə bilmək üçün
Şərqi Avropadan Yaxın Şərqə, Orta Asiyadan Kiçik
Asiyaya qədər uzanan geniş bir arealda dövriyyədə
olan kəşfiyyat şəbəkəsinin mühüm
bir istiqamətini Azərbaycana yönəltmişdi.
Lakin cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında
cəbhədə, o cümlədən
diplomatik və informasiya cəbhəsində
qazanılan zəfərlərin
ardınca ötən
ilin dekabrında Fransanın Cənubi Qafqazdakı kəşfiyyat
infrastrukturunun da çökdürülməsi faktiki
olaraq Makronun Cənubi Qafqaz erasına son qoydu".
B.Məhərrəmov bildirdi ki, Fransanın
Azərbaycanın "məsələsi"ni
dəfələrlə dünyanın
ayrı-ayrı təsisatlarında,
o cümlədən Frankofoniya
Təşkilatı, Avropa
İttifaqı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi ayrı-ayrı təsisatların
gündəliyinə çıxarması,
hətta BMT Təhlükəsizlik
Şurasında ölkəmizə
dair sanksiyaları nəzərdə tutan qətnamə layihələrini
qəbul etdirmək cəhdləri fonunda Bakının həyata keçirdiyi əks-həmlələr
rəsmi Parisin bu səylərini də fiaskoya məhkum edib. Üstəlik, Azərbaycan
yalnız müdafiə
mövqeyində qalmayıb,
Qoşulmama Hərəkatına
sədrliyimiz dönəmində
Prezident İlham Əliyevin rəhbərliyi
altında Fransanın
həyata keçirdiyi
təcavüzkar mahiyyət,
o cümlədən müstəmləkələrində
törətdiyi cinayətkar
əməllər qlobal
miqyasda ifşa edilib, Fransadan neokolonializm siyasətindən
imtina etməsi tələb olunub. Azərbaycanın dəstəyi
ilə formalaşan Bakı Təşəbbüs
Qrupu Fransanın on illərdir istila etdiyi və
minimum haqlardan məhrum etdiyi bir çox xalqların, o cümlədən
dənizaşırı ərazilərinin
sakinləri üçün
ümid yerinə çevrilib. Özünün
çirkin niyyətləri
naminə fəaliyyətlərdən
və əsassız hücumlardan əl çəkməyən Fransa
bu gün nəticə etibarilə ağır duruma düşüb. Bütün
bunların fonunda Fransanın Olimpiya keçid mərasimini özünün siyasi məqsədlərinə alətə
çevirməsi bu ölkənin çarəsizliyinin
və tükənmişliyinin,
o cümlədən siyasi
sisteminin çürüməsinin
göstəricisi kimi yadda qalacaq.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
30 iyul (№ 159).- S.7.