Gözəlləşən
Bakının yenilənən
heykəlləri
Tariximizin bir parçası sayılan heykəllər təmizlənir, bərpa edilir və daha da cəlbedici
olurlar
Heykəllər hələ
qədim zamanlardan insanların maraq dairəsində olub. Bu maraq indi
əhatə dairəsini
daha da genişləndirib.
Heykəllər bu gün şəhərlərin,
qəsəbələrin yaraşığına
çevrilib. Bəzən
isə şəhərlər
heykəlləri ilə
tanınıb, heykəlləri
ilə sevilib, heykəlləri ilə yadda qalıb. Heykəllər həm də bizlərə dünənimizi, ulu keçmişimizi xatırladır.
Elə heykəllər
də var ki, baxdıqca baxırıq, onun gözəlliyindən gözümüz
doymur.
Heyranı olduğumuz
heykəllər həm
də sanki keçmişdən bizə
"yazılmış" daş məktubları xatırladır. Günü-gündən
gözəlləşən ölkəmizin paytaxtı
Bakı şəhəri
böyük sənətkarların
əl işləri olan heykəllərlə, abidə kompleksləri ilə zəngindir. Bu heykəllər şəhərimizə xüsusi
yaraşıq verir, tarixi keçmişimizi özündə yaşadır,
xoş hisslər aşılayır, ovqatımıza
ovqat qatır.
Heykəllər də
haradasa insanlara bənzəyir, kim bilir, bəlkə elə onlar kimidir. Onların da zaman-zaman diqqət və qayğıya ehtiyacı var. Bunu duyan,
hiss edən, keçmişimizə, tariximizə
hörmətlə yanaşan
insanlar daim heykəllərə diqqət
və qayğı göstərirlər. On gündür
ki, "Abidələrə
qayğı - Bakı
şəhərində heykəltaraşlıq
əsərlərinin təmizlənməsi
və bərpası"
layihəsi çərçivəsində
ölkəmizin paytaxtındakı
heykəllər təmizlənir,
bərpa olunur, ikinci həyat verilir.
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü
ilə paytaxtda yerləşən heykəllərin
monitorinqi keçirilmişdir.
Monitorinq nəticəsində
şəhərə yaraşıq
verən bəzi heykəllərin bərpaya
ehtiyacı olduğu müəyyən edilmişdir.
Artıq verilən təkliflərə uyğun
olaraq ixtisaslaşmış
texniki heyət tərəfindən bərpa-təmizləmə
işlərinə başlanılıb.
Məqsəd bu sənət əsərlərinin
orijinal vəziyyətə
qaytarılması və
bərpa edilməsidir.
Qeyd edək ki, layihə çərçivəsində bərpa-təmizləmə işləri
görkəmli Azərbaycan
mütəfəkkiri və
şairi Məhəmməd
Füzulinin şərəfinə
ucaldılmış heykəlin
üzərində də
aparılıb. Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının
önündə Orta əsr Azərbaycan şairi Məhəmməd
Füzulinin şərəfinə
ucaldılmış heykəl
1958-1963-cü illərdə şairin ölümünün
400 illiyi münasibətilə
hazırlanmışdır. Abidənin heykəltaraşları
Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Heykəltaraşlar
bu işlərinə görə keçmiş
SSRİ Rəssamlıq Akademiyasının
gümüş medallarına
layiq görülmüşlər.
Baxdıqca hiss edirsən ki, əsər olduqca poetikdir. Belə ki, Füzulinin daş obrazı bir əlində öz "Divan"ı, digər əlini çənəsinə söykəmiş
şəkildə yaradılıb.
Əsər sanki "qəmin hərifi" olmuş, dünyanın qəm yükünü çiyinlərində daşıyan
şair obrazının
daşlaşmış əksidir.
Məhəmməd Füzulinin
heykəli təbii çəhrayı qranit daşından hazırlanmış
postament üzərində
ucalan bürünc heykəldən və postament qarşısında
yerləşən fəvvarədən
ibarətdir. 12 metr hündürlüyündə olan
heykəlin yuxarı hissəsində təbiətin,
aqressiv mühitin yaratdığı müxtəlif
rəng dəyişmələri,
korroziyaların aradan qaldırılması, onun
ilkin vəziyyətinə
qaytarılması üçün
müvafiq işlər
görülüb. Heykəl
yad təsirlərdən,
çirklərdən təmizlənərək
ilkin vəziyyətinə
qaytarılıb. Heykəlin
yad təsirlərdən
uzun müddət qorunması məqsədilə
ona qoruyucu qat çəkilib.
Bərpa-təmizləmə işləri aparılan abidələrdən biri də Milli Qəhrəman
Albert Aqarunovun şərəfinə ucaldılmış
heykəldir. Heykəl
2019-cu ildə Bakı
şəhərinin Nərimanov
rayonu ərazisində
ucaldılıb. Albert
Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində,
yəhudi ailəsində
dünyaya göz açıb. 1992-ci il mayın 8-də Şuşa
uğrunda gedən döyüşlərdə şəhid
olub.
Abidədə əks
olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın
simvoludur. Ətraf mühitin yaratdığı
müxtəlif rəng
dəyişmələri, korroziyaların
aradan qaldırılması
və heykəlin ilkin vəziyyətinə qaytarılması üçün
bütün zəruri
tədbirlər görülüb.
Heykələ qoruyucu qat çəkilərək
xarici mühitin təsirinə davamlılığı
artırılıb.
Mollanəsrəddinçi satirik şair, müəllim və maarifpərvər Mirzə
Ələkbər Sabirin
heykəli də təmizlənib bərpa olunaraq əvvəlki vəziyyətinə gətirilib.
Xatırladaq ki, Sabirin 1922-ci ildə ucaldılan abidəsi Bakıda ilk heykəl olmuşdur. Qala divarlarının yaxınlığında qoyulmuş
heykəl qəribə
daş ömrü yaşayıb. Belə ki, yeri olduğu
kimi qalsa da, heykəl iki dəfə dəyişib. Cəlal Qaryağdı tərəfindən
hazırlanan birinci heykəldə Sabir ayaqüstə olub. Heykəltaraş xatirələrində
əzəmətli təsvir
edilmiş Sabiri "Bənzərəm bir qocaman dağa ki, dəryada durar" misrasından ilhamlanaraq yaratdığını
qeyd edib. Sabirin ikinci "heykəl ömrü"
1958-ci ildən başlayır.
Belə ki, 1958-ci ildə abidə Yakov Keylixis tərəfindən hazırlanmış
və oturmuş vəziyyətdə olan heykəllə əvəzlənib.
Qaryağdının müəllifi
olduğu heykəl isə Sabirin Şamaxıdan ilk gəldiyi dönəmlərdə
dərs dediyi Balaxanıdakı məktəbin
qarşısında ucaldılıb.
Görkəmli bəstəkar
Qara Qarayevin abidəsi də təmizlənərək bərpa
edilib, əvvəlki görkəminə qaytarılıb.
Qara Qarayevin heykəli "Nizami" kino mərkəzinin arxasında, Bakı Musiqi Akademiyasının və bəstəkarın
bir vaxtlar yaşadığı evin
yaxınlığındadır. Bəstəkar hər gün buradan keçib işə gedər, axşamsa evə qayıdardı. Heykəlin müəllifləri
Azərbaycanın Xalq
rəssamı heykəltaraş
Fazil Nəcəfov və respublikanın Əməkdar memarı Rəhim Seyfullayevdir.
Heykəllərin unikallığının
qorunması və təhlükəsizliyinin təmin
olunması məqsədilə
peşəkar heykəltaraşların
nəzarəti ilə
texniki heyət tərəfindən görülən
işlər bütün
standartlara uyğun və keyfiyyətlə həyata keçirilir. Buna görə də bərpa işlərindən sonra heykəllər daha gözəl görünür.
Yaxın günlərdə
Bakının ən hündür heykəllərindən
biri olan görkəmli siyasi xadim, yazıçı-dramaturq
Nəriman Nərimanovun
heykəlinin üzərində
bərpa və təmizləmə işləri
aparılacaq.
Şəhərimizi gözəlləşdirən heykəllərin
təmizlənməsi və
yenidən bərpa olunması sakinlər tərəfindən də
böyük məmnunluqla
qarşılanır. Bizimlə
həmsöhbət olan
Zemfira İsmayılova
dedi ki, abidə və heykəllərə hörmətlə
yanaşıram. Çünki
onlar bizlərə keçmişdən yadigar
qalıb. Biz bu yadigarları göz bəbəyimiz kimi qoruyub gələcək
nəsillərə çatdırmalıyıq.
Abidələr üzərində
aparılan bərpa-təmizləmə
işləri həm də tariximizə göstərilən böyük
hörmətdir.
Paytaxt sakini Bəxtiyar Əliyev də söhbətimizə
qoşularaq dedi ki, hər şey
təmiz və səliqəli olanda daha gözəl
görünür. "Bir
müddət əvvəl
marşrutda gedərkən
dahi şairimiz Məhəmməd Füzulinin
heykəli üzərində
təmizləmə-bərpa işləri aparıldığını
gördüm. Buna çox sevindim. Yolum heykəlin ucaldıldığı ünvandan
tez-tez düşür.
Artıq abidə üzərində bərpa
işləri başa çatıb".
Şəhərimizi daha da gözəlləşdirən,
tariximizin bir parçası olan heykəllərin bərpa-təmizləmə
işləri uğurla
davam edir. Deməli, zaman keçdikcə şəhərimiz
daha gözəl görünəcək, həm
sakinlərimiz, həm
ölkəmizin paytaxtına
gələn turistlər
bu gözəllikdən
zövq alacaqlar.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
30 iyul (№ 159).- S.15.