Beynəlxalq Olimpiya Komitəsinin prinsiplərinə böyük zərbə

 

 

Fransa bütün platformalardan neokolonializm siyasəti üçün istifadə edir

 

 

 

"Fransa XXXIII Yay Olimpiya Oyunlarından özünün olduqca təhlükəli planlarının həyata keçirilməsi üçün istifadə edir. Hər şeydən öncə Fransanın ermənilərə xüsusi jestinə diqqət yetirmək lazımdır. Erməni idmançıların açılış mərasimində keçidində onların Fransanın dostu adlandırılması, qondarma rejimin süqutu ilə bağlı əlamətlər ifadəsini işlətmələri, Azərbaycan təmsilçiləri keçən zaman isə Ermənistanla ərazi çəkişməsində olan Qafqaz ölkəsi kimi təqdim edilməsi Fransanın sonrakı mərhələdə hansı addımlara dayanan mövqe sərgiləyəcəyini aydın göstərir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Fransanın Ermənistana həmişə fərqli, isti münasibəti olub, bunun başlıca səbəbi isə təkcə bu ölkədə erməni lobbiçiliyinin güclü olması deyil, həm məkrli məqsəddir.  Fransa ermənilərin xoşuna gəlmək üçün əlindən gələni edir ki, gələcəkdə Cənubi Qafqazda Ermənistandan alət kimi daha rahat istifadə edə bilsin. Bu özü kolonial siyasətin Cənubi Qafqaz istiqamətində cəhdi kimi qiymətləndirilməlidir. "Ermənistana hücum silahlarının verilməsi, Azərbaycana qarşı aşkar qərəzli mövqeyin sərgilənməsi regionda təhlükəli strategiyanın həyata keçirilməsi elementlərini təşkil edir. Fransa Ermənistandan regionda gərginlik yaratmaq, yenidən münaqişə elementlərini formalaşdırmaq üçün alət rolunda istifadə edir. Ona görə hər fürsətdə ermənilərin könlünü almağa çalışır. Bunu Olimpiada çərçivəsində müşahidə etdik", - deyə o əlavə edib.

E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan kolonializm siyasətinə qarşı qətiyyətli mübarizə apardığı üçün Fransa tərəfindən həzm edilmir. Bu, Fransanın ölkəmizə qarşı mövqeyini şərtləndirən amillərdəndir: "Paris bütün platformalardan neokolonializm siyasəti üçün istifadə edir. Olimpiya çərçivəsində gördük ki, Fransa başqa xalqların, dinlərin nümayəndələrinə münasibətdə diskriminasiya hallarına yol verməkdən çəkinmir. Bu, Beynəlxalq Olimpiya Komitəsinin prinsiplərinə böyük zərbədir, onlarla ziddiyyət təşkil edir. Əslində, Olimpiada bərabərliyi, barışı özündə ehtiva edən hərəkatdır. Görünür ki, Fransa fərqli president ortaya qoymağa çalışır. Bu da gələcəkdə beynəlxalq Olimpiya hərəkatının nüfuzuna mənfi təsir göstərərək onun müsbət obrazını darmadağın edəcək".

Fransanın formalaşdırdığı presidentin başqa ölkələr tərəfindən əldə rəhbər tutula biləcəyinə toxunan deputat deyib ki, belə olan halda Olimpiya Oyunlarına maraq zəifləyəcək, bu oyunlar geosiyasətin alətinə çevriləcək. Bu da bütövlükdə Olimpiadanın gələcəkdə sıradan çıxmasını şərtləndirə bilər. Beynəlxalq ictimaiyyət Fransanın Olimpiya Oyunlarını təhlükəli maraqlarının bir alətinə çevirməsinə qarşı çıxmalı, bununla bağlı açıq mövqeyini ortaya qoymalı sərt tədbirlər həyata keçirməlidir.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 31 iyul (№ 160).- S.4.