İlham Əliyevdən Bakıya
növbəti "yaşıl töhfə"
Prezident
İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında
yaradılan yeni parkda işlərin gedişi ilə
tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Gənclik”
metrosu yanında yaradılan yeni parkda işlərin gedişi
ilə tanış olub.
AZƏRTAC xəbər
verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov dövlətimizin
başçısına parkda görülən və həyata
keçiriləcək işlər barədə məlumat
verdi.
Paytaxtımızın
daha da müasirləşdirilməsi, şəhərin
abadlaşdırılması istiqamətində görülən
işlər yaşıllıq zolaqlarının və
parkların salınması ilə paralel şəkildə
davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan
Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar
tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda
salınan yeni parkdır.
“Antena”
parkı kimi tanınan bu ərazi əvvəllər
baxımsız vəziyyətdə olub. İstirahət
parkının yenidən qurulması və bərpası ilə
əlaqədar bu ərazidə yararsız vəziyyətdə
olan bəzi tikililər sökülüb. Söküntü
işlərindən sonra parkın ərazisi daha da genişləndirilib
və 19 hektara çatdırılıb.
Qeyd olundu ki,
parkın ərazisindəki mövcud tarixi inzibati bina
saxlanılıb və həmin binada bərpa işləri
aparılacaq.
Yenidən
qurulan parkda sakinlərin mənalı istirahəti və asudə
vaxtlarının səmərəli təşkili
üçün hər cür şərait yaradılacaq. Belə
ki, burada müasir tələblərə cavab verən iki
restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də
quraşdırılacaq. Bu da istirahət məkanına əlavə
gözəllik verəcək.
Müasir
istirahət kompleksinin ərazisinin 13,8 hektarında
yaşıllıq sahələri salınacaq. Burada
işıqlandırma sistemi yeni layihə əsasında ən
müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda
piyada və velosiped yolları çəkiləcək,
uşaq-əyləncə və idman meydançaları
yaradılacaq.
Bildirildi ki,
yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud”
parkını əlaqələndirəcək tunelin də
inşasına başlanılıb.
Dövlətimizin
başçısına, eyni zamanda,
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin
Binə qəsəbəsi ərazisində yeni
salınmış istixanası barədə də məlumat
verildi. Qeyd olundu ki, istixanada 1 milyonadək gül yetişdiriləcək.
Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli
dərəcədə azaltmağa imkan verəcək.
Yenidən
qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji
tarazlığın qorunması, yaşıllıqların
artırılması, o cümlədən “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində
görülən işlərə daha bir töhfə olacaq.
Azərbaycan.-2024.-
31 iyul (¹ 160).- S.1-2.