Ən maraqsız Olimpiada
Bağlanış mərasiminin ən
ucuz biletlərini də alan yoxdur
Paris Olimpiadasının təşkilatçıları daha bir ciddi problemlə üzləşib. Belə ki, bağlanış mərasiminə biletləri alan yoxdur. Ən ucuz biletlər 45 avroya başa gəlir.
Digər kateqoriyalara aid biletlər isə 600, 1100 və 1600 avroya satılır. Lakin Olimpiya Oyunlarının bağlanış mərasiminə marağın olmaması təkcə bu amillə izah edilə bilməz. Çünki Olimpiadanın biabırçılıqla keçirilmiş açılış mərasimində yaşanan xoşagəlməz təəssüratlar hələ uzun müddət tamaşaçıların yaddaşlarından silinməyəcək. Və onlar təkrarən həmin emosiyaları yaşamağa hazır deyillər. Özü də artıq məlumdur ki, avqustun 11-də "Stade de Frans" arenasında keçiriləcək bağlanış şousunun da ssenarisinin müəllifləri oyunların açılış mərasiminin təşkilatçıları olan mütəxəssislər və quruluşçu rejissorlar tərəfindən hazırlanıb.
Məlumdur ki, iyulun 26-da Sena çayında əsasən transgenderlər və transvestitlərin iştirakı ilə baş tutan və bir çoxlarının "gey-parad" adlandırdığı əcaib tədbirin təşkilatçılığı və bəzi səhnələr, İsa Məsihin təhqiramiz parodiyası xristianları qəzəbləndirib. Ümumilikdə isə bu, sağlam düşüncəli bütün insanların ciddi tənqidinə məruz qalıb.
Dövlət rəsmiləri mərasimdən məmnun olduqlarını bildirsələr də, sonradan təşkilat komitəsi və bəzi aktyorlar baş verənlərə görə üzr istəyiblər.
"Mən çox geniş düşüncəli insanam. Amma onların etdikləri biabırçılıq idi... Bu, dəhşətli idi". Bunu ABŞ-nin sabiq prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib. O əlavə edib ki, əgər Olimpiada onun prezidentliyi dövründə ABŞ-də keçirilsəydi, bütün dünyadakı xristianların hisslərinin incidilməsinə imkan verilməzdi.
Öz növbəsində, Fransa yepiskopluğu "xristianların istehza və məsxərəyə qoyulması" səhnələrini təəssüflə qarşılayıb.
Rus pravoslav Kilsəsi biabırçı şounun rejissorlarının Avropa sivilizasiyasına və xristianlığa nifrət nümayiş etdirdiyini bildirib, məşhur amerikalı iş adamı İlon Mask isə oyunların açılış mərasimini "xristianlara açıq hörmətsizlik" adlandırıb.
Bu arada, Olimpiya Oyunlarında triatlon turniri Sena çayının çirklənməsi səbəbindən təxirə salınıb. Beynəlxalq Triatlon İttifaqının saytı xəbər verir ki, Paris Olimpiadasının təşkilatçıları Sena çayında keçiriləcək kişilər arasında triatlon üzgüçülük yarışını təxirə salmaq qərarına gəliblər. Kişilərin yarışı iyulun 30-da, qadınların yarışının 31-də, qarışıq estafetin isə avqustun
5-də keçirilməsi nəzərdə tutulmuşdu.
Bildirildiyinə görə, güclü yağışlardan sonra onsuz da təhlükəli bakteriyaların yer aldığı Sena çayının suyunun keyfiyyətinin daha da pisləşməsi səbəbindən triatlonçuların çayda üzgüçülük məşqləri də ləğv edilib.
Qeyd edək ki, Paris meriyası bir gün əvvəl çayda Olimpiya yarışlarını ləğv etmək üçün heç bir səbəb görmədiklərini, lakin onları başqa bir tarixə təxirə sala biləcəklərini söyləyib.
2015-ci ildən bəri səlahiyyətlilər, kanalizasiya sistemini modernləşdirməklə Senada suyun keyfiyyətini yaxşılaşdırmaq üçün 1,4 milyard avro ayırıblar və gələn il Sena çayında çimmək üçün ərazilərin açılması planlaşdırılır.
Xatırladaq ki, bir müddət əvvəl ictimaiyyəti sakitləşdirmək məqsədilə Paris meri Ann İdalqo və Fransanın idman naziri Ameli Udea-Kastera dalğıc geyimində Sena çayında üzüblər. Eyni şeyi edəcəyinə söz verən Fransa Prezidenti Emmanuel Makron isə hələ də çaya girmək üçün özündə cəsarət tapa bilmir…
Son məlumata görə, Olimpiada yarışlarının Senadakı suyun çirklənməsinə görə təxirə salınmasına triatlonçuların reaksiyası bəlli olub. Bununla əlaqədar yerli BFMTV kanalı Fransa Triatlon Federasiyasının texniki direktoru Benjamin Mazenin dediklərindən sitat gətirir: "Bir çox idmançı qəzəbli və məyusdur, lakin bizə yalnız bütün problemlərə uyğunlaşmağa diqqət yetirmək qalır. Bu, xüsusi bir səhər idi".
Rizvan CƏFƏROV
Azərbaycan .- 2024.- 31 iyul (¹ 160).-
S.4.