Şuşa fatehlərindən biri

 

 

O, 2016-cı ildə baş verən, tarixə Aprel döyüşləri adı ilə yazılan 4 günlük savaşın da qəhrəmanlarından biri idi. Həmin döyüşlərdə işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə vuruşan Mehrab Niftəliyev kimi igidlərin sayəsində Azərbaycan xalqı illər sonra qalibiyyət sevincini daddı. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən azad edildi.

Ancaq Azərbaycanın qəlbi vətənlə döyünən mərd övladları Ermənistanın 1990-cı illərdə qəsb etdiyi Qarabağı, Şərqi Zəngəzuru azadlığa qovuşdurmaq arzusunda idilər. Onlar düşməni məğlubiyyətə uğradaraq böyük zəfər qazanmağa hazır idilər. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmrini gözləyirdilər...

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, kəşfiyyatçı-istehkamçı Mehrab Niftəliyev vətən torpaqlarının işğalçılardan azad edilməsi uğrunda canından keçməyə hazır idi.

O, 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində dünyaya gəlmişdi. 1992-2003-cü illərdə Quba rayon Mübariz Abdullayev adına Qam-qam kənd orta məktəbində təhsil almışdı. Hərbi xidmətə çağırılmışdı. 2003-cü ilin iyulunda əsgəri xidmətə getmişdi. Komandirlərinin verdiyi tapşırıqları məsuliyyətlə yerinə yetirmişdi. Mehrab hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçmişdi. Vətənə xidmətini 2005-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi davam etdirmişdi. Mehrab Niftəliyev "Qafqaz qartalı" EFES kimi çətin hərbi təlimləri müvəffəqiyyətlə başa vurmuş, kəşfiyyatçı-istehkamçı kimi ixtisaslaşmışdı.

O, qüsursuz xidmətlərinə görə, 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", 2018-ci ildə isə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdi.

Həmin illərdə işğalçı ölkənin silahlı qüvvələri atəşkəs rejiminə əməl etmir, Azərbaycan Ordusunun mövqelərini mülki əhalisinin yaşayış məntəqələrini iriçaplı pulemyotlardan ağır artilleriyadan müntəzəm atəşə tuturdular. Ermənistanın təxribatları 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu.

Azərbaycan Ordusunun baş giziri Mehrab Niftəliyev müharibənin ilk günündən ön cəbhədə oldu. O, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd,  Şuşa uğrunda gedən döyüşlərdə misilsiz hünər göstərdi. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdi texnikalarını sıradan çıxardı, hərbi qənimət kimi ələ keçirdi.

Mehrab döyüşçü əzmkarlığı, qətiyyəti ilə yoldaşlarının rəğbətini qazanmışdı. Baş gizir Mehrab Niftəliyev yaralı silahdaşlarına tibbi yardım da göstərir, döyüşlər zamanı onları şəhid olmuş hərbi qulluqçuları savaş meydanından çıxarırdı. Qorxmazlığına, igidliyinə, şücaətinə görə döyüş yoldaşları ona "Terminator" deyirlərmiş.

Qəhrəmanın ən böyük arzusu Şuşaya bayrağımızı sancmaq idi. O, igid silahdaşları ilə birgə Şuşanı işğalçı ölkənin silahlı qüvvələrindən azad etməyə, qala şəhərimizi azad etməyə gedirdi...

Mehrab Niftəliyev Şuşaya ilk daxil olan hərbçilərdən biri oldu. O, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə sol ayağından artilleriya qəlpəsi yarası aldı. Noyabrın 8-də isə elə Şuşada şəhadətə yüksəldi. Noyabrın 11-də Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırıldı.

Doğma Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş Qarabağın Şərqi Zəngəzurun azad olunması zamanı göstərdiyi şücaətə görə dövlət başçısının sərəncamları ilə Mehrab Söhrab oğlu Niftəliyev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olundu.

Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi daim əziz tutulur, adları əbədiləşdirilir. Mehrabın da xatirəsi hər zaman etiramla yad edilir. Quba Sumqayıtda küçələrə, eləcə Quba şəhəri Texniki Təmayüllü Liseyə Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin adı verilib.

Şəhid Mehrab Niftəliyevin üç övladı - iki oğlu bir qızı Vətənə əmanətdir.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2024.- 31 iyul (№ 160).- S.10.