COP29 Sədrliyi
“Azərbaycanda Dayanıqlı
Yaşıl Tikinti” mövzusunda dəyirmi masa keçirib
Ölkəmizin cari
ildə ev sahibliyi edəcəyi COP29
konfransına hazırlıq
çərçivəsində özəl sektorun dayanıqlılıq səriştələrinin
artırılması istiqamətində
silsilə tədbirlərin
davamı olaraq COP29-un
müəyyən edilmiş
Prezidenti Muxtar Babayev və İqlim üzrə yüksək səviyyəli
çempionu Nigar Arpadarai tikinti sahəsində dövlət
və özəl sektorun nümayəndələri
ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, iyulun 30-da “Azərbaycanda Dayanıqlı Yaşıl
Tikinti” mövzusunda baş tutan dəyirmi masada yerli və
xarici tikinti şirkətləri, eləcə də aidiyyəti
dövlət qurumları bir araya gəlib.
Görüşün
məqsədi tikinti sahəsinin ətraf mühitə təsirləri
nəzərə alınaraq yerli tikinti şirkətlərini,
tikinti-istehsal müəssisələrini, xarici şirkət və
ekspertləri, eyni zamanda, dövlət orqanlarının
nümayəndələrini bir araya gətirməklə,
dayanıqlı və sıfır karbonlu tikintiyə
keçid istiqamətində əməkdaşlıq
platformasının yaradılması olub. Tədbir
zamanı dekarbonizasiya
yolunda beynəlxalq imkanlar, aşağı emissiyalı tikinti materiallarına keçidin
ekoloji faydaları və bu yolda
potensial çətinliklər,
dayanıqlı inkişaf
və iqlim dəyişmələri ilə
mübarizə istiqamətində
görülmüş və
planlaşdırılan işlər
müzakirə olunub.
Dəyirmi masada
COP29-un müəyyən edilmiş
Prezidenti Muxtar Babayev, Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri Anar Quliyev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu
Nigar Arpadarai, eləcə də BMT, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının
nümayəndələri, yerli və qlobal
miqyasda nüfuzlu tikinti şirkətlərinin
təmsilçiləri iştirak
ediblər.
Tədbiri giriş
sözü ilə açan Nigar Arpadarai özəl sektorun milli iqtisadiyyatın sütunu olduğunu qeyd edərək tədbirdə
iştirak edən biznes liderlərinin tikinti sektorunda dəyişikliyi təmin etməkdə mühüm
rola malik olduqlarını vurğulayıb.
N. Arpadarai COP29-un İqlim
üzrə yüksək
səviyyəli çempionu
olaraq hədəfinin dekarbonizasiya yolunda olan yerli bizneslərə
dəstək olmaq və özəl müəssisələrin səslərinin
eşidilməsini təmin
etmək olduğunu bildirib.
Toplantıda çıxış
edən COP29-un müəyyən
edilmiş Prezidenti Muxtar Babayev tikinti sektorunun nümayəndələrinin iqlim
dəyişmələrinin təsirlərinin azaldılması
istiqamətində dövlətimiz
tərəfindən ölkədə
həyata keçirilən
fəaliyyətlərə dəstək
olaraq bu tədbirə qatılmalarını
təqdir edib, sahibkarları Azərbaycanda
dayanıqlı yaşıl
tikinti mərhələsinin
təşviq olunmasına
töhfə verməyə
çağırıb.
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur,
eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl
enerji zonası elan olunmasına diqqət çəkib, həmin ərazilərdə
“ağıllı şəhər”,
“ağıllı kənd”
kimi innovativ yanaşmaların tətbiq
edildiyini, ekosistemin bərpa olunduğunu vurğulayıb: “Qarabağa
“Böyük Qayıdış”la
bağlı aparılan
bərpa-quruculuq işləri
regionun böyük potensialının olduğunu
sübut edir. Azad edilmiş ərazilərdə həyata
keçirilən genişmiqyaslı
yenidənqurma prosesində
ətraf mühitin qorunması əsas prirotetlərdəndir”.
Tədbir iştirakçıları
ölkənin karbon emissiyalarının 1,5°C səviyyəsində
məhdudlaşdırılma səylərini dəstəklədiklərini
bildirilib, karbon emissiyalarının azaldılması
ilə yanaşı, enerji səmərəliliyinin
təkmilləşdirilməsində tikinti sektorunun rolunu anladıqlarını
qeyd edərək, bu istiqamətdə öz davamlı töhfələrini verməyə
hazır olduqlarını
vurğulayıblar.
Dəyirmi masa çərçivəsində “PMD Qrup”, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, “Paşa Real
Estate Qrup”, “6-cı mərtəbə”,
“Aral Qrup”, “Hünər Qrup”, “SR
Construction”, “Kristal Abşeron”,
“Avant Qrup”, “Baku City Residence” nümayəndələri
tərəfindən qlobal
dekarbonizasiya hədəflərinə
nail olunmasını nəzərdə tutan “Azərbaycanda Dayanıqlı
Yaşıl Tikinti” üzrə bəyannamə
imzalanıb. İmzalanan
sənəd dekarbonizasiya
hədəflərinin təşviqi,
emissiyaların ölçülməsi
və hesabatlılıq,
eləcə də şəffaflıq və əməkdaşlığın təmin edilməsi, bilik və təcrübə
mübadiləsi, iqlim
fəaliyyətlərinin biznes
modellərinə inteqrasiyası
kimi müxtəlif öhdəliklər ətrafında
kollektiv səylərə
yönəlib.
Azərbaycan.-2024.-
31 iyul (¹ 160).- S.7.