Daşkəsəndə "Yaşıl gələcəyin səsi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

 

Daşkəsəndə rayon icra hakimiyyəti, Azərbaycan Dövlət Aqrar Universiteti Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Yaşil dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıl gələcəyin səsi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov açaraq diqqətə çatdırmışdır ki, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması təkcə ölkəmizə deyil, ümumilikdə bütün dünyaya qlobal çağırışdır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən biri "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" kimi müəyyənləşdirilib. Ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin reallaşdırılması tədbirlərinin həyata keçirilməsi davam edir. 2024-cü ilin noyabr ayında Azərbaycan dünyanın ən böyük mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi edəcək. 70 minə yaxın iştirakçının qatılacağı COP29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin uzun illər ərzində yorulmadan bu istiqamətdə həm ölkə daxilində, həm xaricdə apardığı böyük ekoloji siyasətinin bəhrəsidir. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli etibarlı tərəfdaş mövqeyini bir daha təsdiqləyir.

Konfransda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Daşkəsən rayonunda görülən işlər diqqətə çatdırılmışdır. Yaşıllaşdırma bioloji müxtəliflik sahəsində nəzədə tutulan tədbirlərin icrası ilə bağlı rayonun müxtəlif ərazilərində keçirilmiş çoxsaylı ağacəkmə aksiyaları müsbət dəyərləndirilmişdir.

Tədbirdə su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması həmin mənbələrdən istifadənin genişləndirilməsi istiqamətində təkliflər irəli sürülmüşdür. Bundan başqa, bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası zərərsizləşdirilməsi məqsədilə yaşayış məntəqələrində çoxsaylı iməciliklər təmizlik aksiyaları keçirilməsinin vacibliyi qeyd edilmişdir.

Konfransda qlobal iqlim dəyişikliklərinə uyğun olaraq yeni yay otlaqlarının, balverən bitkilərin, həmçinin dağ meyvəçiliyinin yaradılması perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Yerli genofondun qorunması problemləri, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə məhsuldar ekoloji şəraitə uyğun buğda sortlarından istifadə, kartofçuluqla bağlı dövlət proqramları regionda kartofçuluğun mövcud vəziyyəti, dağ bölgəsində intensiv meyvəçilik problemləri, qlobal istiləşmə hidroponik sistem digər mövzularda məruzələr dinlənilmişdir.

 

 Sabir ƏLİYEV,

Azərbaycan.-2024.- 31 iyul (№ 160).- S.8.