İgidliyin,
cəsarətin və
məğrurluğun təntənəsi
Azərbaycan xalqının
cəsur övladları
zaman-zaman torpaqlarımızın
azadlığı uğrunda
gedən döyüşlərdə
böyük igidlik və qəhrəmanlıqlar
göstərmişlər. Tarix
boyu bu qəhrəmanlar
hörmətlə anılmış,
ehtiramla xatırlanmışdır.
Onların keçdiyi
şərəfli döyüş
yolu bütün gələcək nəsillər
üçün bir örnək, bir qürur mənbəyi olmuşdur.
Qəhrəmanlıq bədii əsərlərdə
də özünə
yer tutub. Bu dəyərli əsərləri oxuduqca zənn edirsən ki, qəhrəmanlıq sanki əlçatmaz ucalıqdadır. Amma məqamı yetişəndə
şahidi olduq ki, qəhrəmanlıq o qədər də uzaqda deyilmiş. Çünki bəzən
tanıdığın adi
bir insan yurda düşmən hücumu olanda Vətən deyib döyüşlərə atılır.
O bu döyüşlərdə
gözlənilmədən ağlasığmaz
qəhrəmanlıq göstərərək
ətrafındakıları heyrətə salır. Cəsarəti ilə, düşmənə meydan
oxuya-oxuya adını
qəhrəmanların sırasına
yazır.
Tarix onu da dəfələrlə göstərib ki, qəhrəmanlıq insanların
camalında deyil, kamalında, mənəviyyatındadır.
Doğrudan da, duyğu və hisslərimizdə yaşayan
məğlubedilməz ruh
insan ömrünü
bir an içində
qəhrəmanlıqdan yoğrulmuş
əbədiyyətə çevirir.
İnsanları rəşadət
və hünər göstərməyə sövq
edən hansı hiss və duyğulardır?
İlk növbədə
onun ürəyində
kök salmış cəsarətdir. Böyük
türk sərkərdəsi
Attila demişdir:
"Cəsarət əlində
silah olan insan deyil. Cəsarət
çatacağın yeri
bilmədən yola çıxmaqdır. Başlayırsan
və səbəb nə olursa-olsun, o yoldan keçirsən..."
Zabit və əsgərlər hərb
meydanlarında döyüşlərə
igidliyin və şücaətin çiyinlərində
gedirlər, cəsarətlə
vuruşaraq bir an içində xəyallarını reallığa
çevirərək ölməzlik
səltənətində qəhrəmanlığın
bayrağını əbədi
olaraq dalğalandırırlar.
44 günlük Vətən
müharibəsində biz
belə qəhrəmanları
çox gördük.
Qəhrəmanlıq insanın
ləyaqətində, vicdanında
yüksək yer tutan mənəvi iftixardır. İnsana daim ruh və
güc verən bu iftixar bir
an içində ona böyük şöhrət qazandırır.
İstər filmlərdə,
istər bədii əsərlərdə, istərsə
də həyatda dəfələrlə şahidi
olmuşuq ki, hərb meydanında igidliklə vuruşub həlak olanlara bəzən qarşı tərəf də ehtiram göstərir. Bu, qəhrəmanlığın,
igidliyin təntənəsi
və zəfəri deyilmi?
Əsgərin, zabitin
daxilindən onu qəhrəmanlıq göstərməyə
sövq edən ən ali güc
vətənpərvərlik hissi və döyüşkənlik
ruhudur. Bu ruh həm döyüşdə,
həm də həyatda onları igid və cəsarətli
olmağa yönləndirir.
Döyüş ruhu yüksək olan hərbçinin qarşısını
kimsə ala bilməz. Nə qədər təhlükəli
olsa da, o savaş meydanında hünər göstərərək
geriyə zəfərlə
dönəcək. Döyüşdə
həlak olsa da, vüqarla, məğrurcasına ölərək
ölümə də
qalib gələcək.
Deməli, cəng zamanı döyüş ruhunun yüksək olması qələbəni
təmin edən vacib amillərdən biridir.
Müharibədə döyüş ruhunun həlledici rol oynadığını aydın
şəkildə göstərmək
üçün, belə
bir məqama diqqət yetirməyimiz yerinə düşərdi.
Əgər idmançı
yarışa məğlub
hisslərlə qatılarsa,
tatami üzərinə
məyuscasına çıxarsa,
ondan qələbə
gözləməyə dəyərmi?
Təbii ki, yox! Müdrik bir kəlamda deyilir: "Ən böyük qələbənin
taleyi döyüş
meydanlarından əvvəl
ürəklərdə həll
olunur. "Doğrudan
da, əgər döyüşçü savaşa
qorxmadan cəsarətlə
atılarsa, onun nəsibi yalnız qələbə olacaq. Amma əgər ən müasir silahlara sahib olan əsgərin döyüş ruhu zəifdirsə, qorxu hissindən canını qurtara bilmirsə, onda onun uğur
qazanmaq şansı sıfıra bərabərdir.
Əsgərin silahı
müasir, döyüş
ruhu yüksəkdirsə,
deməli o, əzəmətlidir,
vüqarlıdır, onu
heç bir düşmən qüvvəsi
dayandıra bilməz.
O, döyüşlər zamanı
məğlubedilməz bir
qəhrəmana, cəsur
bir döyüşçüyə
çevrilərək hünər
göstərib tarix yazacaq. Torpağını,
vətənini işğalçılardan
qoruyacaq.
Yaşanmış və
artıq bizim üçün keçmişin
dəyərli bir parçasına çevrilmiş
tariximizin səhifələrində
elə qəhrəmanlarımız
olub ki, onlar igidlikləri ilə daim bizi
heyrətləndiriblər. Qəhrəmanlıq
tariximizdə adları
şərəflə çəkilən
Babəkin, Koroğlunun,
Qaçaq Nəbinin igidliyi zaman-zaman bizi hünər göstərməyə ruhlandırıb.
Sovet İttifaqı qəhrəmanları Həzi
Aslanovun, Mehdi Hüseynzadənin, Gəray
Əsədovun, Cəmil
Əhmədovun, Ziya Bünyadovun, Məlik Məhərrəmovun və
onlarla başqalarının
igidliyi bizim üçün tükənməyən
qürur mənbəyidir.
Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində böyük
igidliklər göstərmiş
Azərbaycanın Milli
Qəhrəmanları Murad
Mirzəyevin, Mübariz
İbrahimovun, Vahid Quluyevin, İqor Makayevin, Səxavət Məhərrəmovun, Mətləb
Quliyevin, Rasim İbrahimovun, Şükür
Həmidovun, Polad Həşimovun, İlqar Mirzəyevin, Çingiz Qurbanovun... və yüzlərlə başqa
oğullarımızın döyüşlərdə
göstərdiyi igidlik,
cəsarət gənc
nəsillər üçün
həmişə nümunə
olacaq. Çünki onlar Vətən uğrunda şəhid olmuşlar. Vətən uğrunda canlarından keçən qəhrəmanlar
isə heç vaxt unudulmurlar.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
31 iyul (№ 160).- S.10.