Qəhrəmanların
abidəsini yaradan
heykəltaraş
Gənc heykəltaraş
Zamiq Rzayev qəhrəmanlarımıza, qələbəmizə,
azadlığa və əsl sahiblərinə qovuşan dəyərlərimizə
çoxlu əsərlər ithaf edib. Onun
sənət dostu Rahib Qarayevlə birgə hazırladıqları,
paytaxtımızın Nərimanov
rayonunda ucaldılmış
Azərbaycanın Milli
Qəhrəmanı Albert
Aqarunovun tank üzərində abidəsi
çoxları tərəfindən
maraqla qarşılanıb.
Sənət əsəri
şəhid tankçının
komandiri olmuş Hacı Əzimovun istəyi ilə 5 ay müddətinə hazırlanıb. Və məsələnin təqdirəlayiq
cəhəti həm də odur ki,
görülən işin
müqabilində zəhməthaqqı
alınmayıb, yəni
müəlliflər heykəli
Albertin ruhuna hədiyyə olaraq düzəldiblər: "Bizə
qəhrəmanın heykəlini
hazırlamaq şərəfi
qismət olmuşdu. Təklifi məmnuniyyətlə
qəbul etdik və təmənnasız
işə başladıq. Albert Aqarunov Vətən üçün həyatını
verib, bizsə vaxtımızı. Bu, insan həyatı ilə müqayisədə
heç nədir".
Müharibədən söz düşmüşkən,
torpaqlarımızın işğalı,
Birinci və İkinci Qarabağ savaşları hər bir azərbaycanlı kimi, Zamiqin də
yaradıcı qəlbində,
kövrək xatirələrində
dərin iz buraxıb. O, xalqımızın
mərd oğullarının
şərəfinə hazırlanmış
çoxsaylı heykəl
və büstlərin
müəllifidir. Vətən
müharibəsi qəhrəmanı,
general-leytenant Hikmət
Mirzəyevin büstü,
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
məzunu, şəhid
heykəltaraş Samir
Kaçayevin barelyefi,
Birinci Qarabağ müharibəsi şəhidləri
Natiq Tağıyev və Sakit Tağıyevin
abidələri, Vətən
müharibəsi şəhidləri
Cavid Səfərli və Nicat Şükürlünün
büstləri məhz
bu qəbildəndir. Qanında, canında vətənpərvərlik hissi
hərbi mövzuda əsərlər yaratmasına
da öz təsirini göstərir.
Zamiq hələ uşaqlıqda rəsmləri
ilə müxtəlif
müsabiqələrə qatılıb
və həmişə
də birinci, ikinci yerləri tutub.
Zamiq Süleyman
oğlu Rzayev 1989-cu il avqustun 14-ü Naxçıvan Muxtar Respublikasının Şərur
rayonunda doğulub.
2005-ci ildə 9 illik təhsilini tamamlayaraq Əzim Əzimzadə adına rəssamlıq kollecinin Heykəltaraşlıq
fakültəsinə qəbul
olunub. 2011-2015-ci illərdə
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
Heykəltaraşlıq fakültəsində
bakalavr təhsili alıb. 2017-ci ildə həmin akademiyanın magistr bölməsini bitirib. Gənc heykəltaraşın yaradıcılıq
spektri təkcə hərbi vətənpərvərliklə
ümumiləşmir, sənət
hüdudlarının daha
geniş və ən müxtəlif mövzularını əhatə
edir. Ölkə üzrə və bir sıra beynəlxalq
sərgilərin iştirakçısıdır.
2007-ci ilin fevralında
Azərbaycan İstiqlal
Muzeyində "Xocalı
- qan yaddaşımız",
2008-ci ilin mayında Azərbaycan Dövlət Filarmoniyasında "İnsan
alverinə yox deyək" xeyriyyə marafonunda, 2010-cu ilin martında Muzey Mərkəzində keçirilən
"Susa bilmirəm",
2011-ci ildə "Crescent
Beach Hotel"də rəsm
müsabiqəsində, Dövlət
Rəssamlıq Akademiyasının
muzeyində "AZNAR" adlı
sərgidə, 2014-cü ilin
avqustunda Gənclər
Fondunun maliyyə dəstəyi ilə İçərişəhər, Kiçik Qala küçəsində yerləşən
açıq səma altındakı sərgi mərkəzində "Yaşayan
tarix", heykəltaraşlıq
üzrə portret müsabiqələrində, 2014-ci ildə "Küknar
" müsabiqəsində, 2015-ci ildə Moskva simpoziumunda, 2016-cı ildə
İtaliya səfirliyinin
təşkilatçılığı ilə "Futurizm" sərgisində, 2019-cu ildə
Danimarkada keçirilən
portret sərgisində
iştirak etmişdir.
2015-ci ildə Rəssamlar
İttifaqının gənclər
bölməsinə üzv
seçilib, Gənclər
Günü münasibətilə
xüsusi mükafata layiq görülüb.
Zamiq 2017-ci ildə
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında
müəllimlik fəaliyyətinə
başlayıb. Tələbələrinə
həm sənəti, həm də Vətəni sevməyi, müqəddəs amallar uğrunda mübarizəni,
hətta lazım gələrsə, şirin
candan keçməyi bacarmağı aşılayıb.
Gənc tişə
ustasının həqiqi
sənət və sənətkar barədə
fikirləri də çox maraqlıdır. Düşünür ki, rəssam, heykəltaraş,
yaxud başqası insanlar üçün yaradır, amma özü də həmin cəmiyyətin bir hissəsidir. Yəni ətrafındakı
mühitlə, adamlarla,
proseslərlə bir tamdır.
Qurban MƏMMƏDOV,
Azərbaycan.-2024.-
31 iyul (№ 160).- S.10.