Şəhid Məmməd Fərzullayevin 50 illik yubileyi qeyd olunub

 

Lənkəran rayonundakı F.Hüseynov adına Mamusta kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Fərzullayevin anadan olmasının 50 illik yubileyi qeyd olunub. Tədbirdə şəhidin ailə üzvləri, silahdaşları rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən natiqlər şəhidin şərəfli həyat yolundan döyüşlərdəki şücaətlərindən bəhs ediblər. Bildirilib ki, Məmməd Mirzəbala oğlu Fərzullayev 1974-cü il iyulun 25-də Lənkəranın Mamusta kəndində anadan olub. Kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Moskvada texniki-peşə məktəbində elektrik qaynaqçısı sənətinə yiyələnib. Azərbaycanda baş verən məlum hadisələrlə əlaqədar Məmməd təhsilini yarımçıq qoyaraq Vətənə geri dönüb 1992-ci ilin sentyabr ayında Şirvan şəhərində həqiqi hərbi xidmətə başlayıb.

Onun ilk döyüş yolu Ağdərədən  keçib. Cəsarəti, qorxmazlığı, mübarizliyi ilə taqımda hamıya nümunə olan Məmməd sonradan könüllü kəşfiyyatçılar bölüyünə qoşulub. Ailəsinə yazdığı son məktubu ilk son əsgərlik şəkli ilə birlikdə noyabrın 4-də gəlib çatıb. Növbəti dəfə kəşfiyyatdan qayıdarkən Məmməd döyüşçü dostları mühasirəyə düşüblər. Bərabərsiz döyüşdə Məmməd yaralanıb. Buna baxmayaraq o, məkrli düşmənə qarşı son gülləsinə qədər döyüşüb. Çoxlu qan itirdiyinə görə cəsur əsgər qəhrəmancasına həlak olub. Onun cənazəsi doğulub boya-başa çatdığı kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Atası Mirzəbala kişi oğul dərdinə dözməyərək ilinə bir neçə gün qalmış vəfat edib. Cəmi 18 il yaşamış Məmməd Fərzullayev Mamusta kəndinin ilk şəhididir. Təhsil aldığı Mamusta kənd tam orta məktəbi onun adını daşıyır.

Tədbir iştirakçıları şəhid Məmməd Fərzullayevin kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüb ruhuna dualar oxuyublar.

 

 

Ağaddin BABAYEV,

Azərbaycan.-2024.- 31 iyul (№ 160).- S.10.