Azərbaycan-İtaliya
münasibətləri Avropa
ölkələrinə nümunədir
İtaliya dünyanın
nadir diyarlarından biridir.
Onun sakinləri öz ölkələrinin
şanlı keçmişi
və rifah halına qovuşmuş bu günü ilə fəxr edə bilərlər. Burada dünya mədəni irsinin yarıdan çoxu cəmləşib: qədim
sivilizasiyalardan miras qalmış dəyərli
incəsənət nümunələri,
tarixi və memarlıq abidələri.
İtaliya təkcə
Avropada deyil, həm də digər qitələrdə
mövcud olmuş sivilizasiyalara nisbətən
dünya mədəniyyəti
xəzinəsinə daha
böyük töhfələr
vermiş və bəşəri nailiyyətləri
zənginləşdirmişdir.
Bura saraylar, kilsələr, muzeylər və abidələr ölkəsidir.
O eyni zamanda intibah, opera və rəssamlığın vətəni
sayılır. Təsviri incəsənət
nümunələri, tarixi binaları, gözəl yerləri,
mülayim hava şəraiti və heyrətamiz mətbəxi
ilə diqqəti cəlb edir. Bütün bu əzəməti
adi ekskursiya çərçivəsində görmək
mümkün deyil.
Bu gün
İtaliya dedikdə, gözlərimiz önündə Roma imperiyası dövründən
qalma qədim abidələrin xarabalıqları, Venesiyanın
füsunkar gözəllikləri, Toskananın təpəli mənzərəsi,
Alp dağlarının cənub yamaclarının ecazkar təbiəti,
günəşli çimərlikləri, təmiz dəniz
havası canlanır.
Bu gün
İtaliya həm də iqtisadi tərəqqinin, sosial rifah
halının durmadan inkişaf etdiyi bir ölkədir.
İtaliya iqtisadiyyatı Avropa İttifaqına üzv ölkələrin
inkişaf etmiş iqtisadiyyatı deməkdır. Onun
iqtisadiyyatı postsənaye iqtisadiyyatıdır və
dünyada 8-ci ən böyük nominal ümumdaxili məhsula
malikdir. İtaliya G8 və NATO-nun, Avropa İttifaqının
üzvü, iqtisadiyyatın inkişafına görə
Avropanın dördüncü yerdə olan ölkəsidir.
Avropa Birliyinin təsisçi üzvlərindən biridir.
İtaliya Əfqanıstan, Kosovo, Bosniya-Herseqovina və Livanda
həyata keçirilən sülhməramlı əməliyyatlarda
iştirakına görə ABŞ və Böyük
Britaniyadan sonra üçüncü yeri tutur. Eyni zamanda onun
Avstriya, İsveçrə və Sloveniya kimi dövlətlərlə
qonşu olması bu dost ölkə ilə münasibətlərdən
bəhrələnən Azərbaycana geniş imkanlar
açır. Belə ki, İtaliyanın Avropa Parlamentində 76 deputatla təmsil
olunması da mühüm əhəmiyyət kəsb edir.
İtaliya Azərbaycanın
Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr
saxladığı ölkələrdən biridir. Hələ
iki min il əvvəl XII Roma legionunun Azərbaycana gəlişi
Qobustan qayaları üzərində öz izlərini
saxlamaqdadır. Orta əsrlər dövründə bu əlaqələr
diplomatik münasibətlər səviyyəsinə yüksəlmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə bu
münasibətlər strateji əməkdaşlıq səviyyəsinə
qalxmışdır. Belə ki, Bakıdan göndərilən
xam neftin müqabilində İtaliyadan silah-sursat, hərbi
texnika və hərbi formaların alınması gənc Azərbaycan
Respublikasının müdafiə qabiliyyətinin
artırılmasına mühüm dəstək idi.
1992-ci il
yanvarın 1-də İtaliya dövlətinin
respublikamızın müstəqilliyini tanıması və
iki ölkə arasında diplomatik əlaqələrin
qurulması qarşılıqlı münasibətlərin
inkişafında keyfiyyətcə yeni mərhələnin
başlanğıcı oldu. Cənubi Qafqaz ölkələri
arasında ilk dəfə 1997-ci ildə İtaliyanın Azərbaycanda,
2003-cü ildə Azərbaycanın İtaliyada səfirliyi
açıldı. Ümummilli Lider Heydər Əliyevin 1997-ci
il 24-27 sentyabr tarixlərində İtaliyaya rəsmi səfəri
çərçivəsində siyasi, iqtisadi, mədəni və
texniki əməkdaşlıq üzrə yeddi saziş
imzalandı, bu sənədlər ölkələrimiz və
xalqlarımız arasında dostluğun, əməkdaşlığın
daha da möhkəmləndirilməsində hüquqi baza
yaratdı.
O vaxtdan bəri
iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi,
nəqliyyat və kommunikasiyalar, mədəni, humanitar və
sair istiqamətlər üzrə çoxşaxəli strateji
tərəfdaşlıq münasibətləri quruldu.
İtaliya etibarlı dost, sülhsevər ölkə, üzərinə
götürmüş olduğu beynəlxalq öhdəliklərə
hörmətlə yanaşdığına görə Vətən
müharibəsi dövründə Azərbaycanla həmrəylik
nümayiş etdirdi. Bir qayda olaraq İtaliya mediası Azərbaycanla
bağlı məsələlərdə obyektiv yanaşma sərgilədi.
Xüsusən 2020-ci ilin İtaliyada "Azərbaycan ili"
elan olunması ölkəmizə bəslənilən rəğbət
və etimadın göstəricisi oldu.
Ulu Öndərin
təməlini qoyduğu müstəqil Azərbaycanın
xarici siyasət kursunu inam və qətiyyətlə davam etdirən,
onu daha yüksək pilləyə qaldıran Prezident İlham
Əliyevin 2022-ci il sentyabrın 1-2- də İtaliyaya
işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın
güclənməsinə təkan verdi. Təsadüfi deyil ki,
İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa
dair iki sənəd imzalanıb.
Azərbaycan
dövləti dəfələrlə ən ali səviyyədə
bəyan etmişdi ki, Vətən müharibəsi
dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən
dövlətlərin Qarabağın quruculuq prosesində
iştirakına xüsusi imkan yaradacaq. Təsadüfi deyil ki,
işğaldan azad edilmiş ərazilərimizdə İtaliya
şirkətləri bu gün uğurla fəaliyyət göstərirlər.
İtaliyanı təmsil edən şirkətlər Qarabağ
və Şərqi Zəgəzurda quruculuq işlərində
fəal iştirak edən və ən çox iş görənlər
sırasındadırlar.
Bizi həm də
fəal siyasi dialoq birləşdirir. Bunu iki ölkə
arasında siyasi münasibətlərin güclənməsində
parlamentlərarası əlaqələr, hökumətlərarası
komissiyaların fəaliyyəti də təsdiqləyir. Bu il
mayın 29-da İtaliya Senatında "Azərbaycan-İtaliya-Aİ
münasibətləri"nə həsr olunmuş tədbir
keçirildi. Roma şəhərində Senatda "Azərbaycan,
İtaliya, Aİ: ikitərəfli əməkdaşlıq və
enerji təhlükəsizliyi" mövzusunda forum
keçirildi. Tədbir zamanı italiyalı investorlar Azərbaycanda
təkcə enerji deyil, eyni zamanda iqtisadiyyatın digər
növlərində də maraqlı olduqlarını bildirdilər.
İtaliya kənd
təsərrüfatı və sənaye bölmələrində
mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində
böyük təcrübəyə malikdir. Odur ki, İtaliya
şirkətlərinin Azərbaycanda həyata keçirilən
investisiya layihələrində, sənaye zonalarında,
aqroparklarda, logistik mərkəzlərin yaradılmasında
iştirakı qarşılıqlı əməkdaşlığa
əlavə stimul verir.
İtaliya Azərbaycanın
xüsusilə enerji sektorunda ən böyük ticarət tərəfdaşıdır.
Azərbaycanın neft və qaz ixracının 50 faizi
İtaliyanın payına düşür. Prezident İlham Əliyev
bildirmişdir ki, "Azərbaycan və İtaliya arasında
münasibətlər strateji tərəfdaşlıq müstəvisində
inkişaf edir, əlaqələrimizin böyük hissəsi
energetika sahəsi ilə bağlıdır".
Azərbaycanın
transregional layihələrdə bilavasitə iştirakı
onun bölgədə artan əhəmiyyətini bir daha
göstərir. Avropada ən yaxın ticarət tərəfdaşımız
olmaqla yanaşı, İtaliya TANAP-TAP layihələrində
aparıcı tranzit ölkələrdən biridir. "Cənub
qaz dəhlizi" və bu layihənin hazırda son mərhələsi
olan TAP çərçivəsində Azərbaycan qazı
İtaliya vasitəsilə Avropaya çatdırılır.
İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və
iqtisadi-ticari əlaqələr baxımından iki strateji tərəfdaşdır.
Azərbaycan bu
qardaş ölkə ilə "yaşıl kimya",
"yaşıl enerji", "yaşıl enerji
zonası", "ağıllı şəhər",
"ağıllı kənd" konsepsiyaları zəminində
də sıx əməkdaşlıq edir. Ölkəmizdə
87 İtaliya sərmayəli şirkət fəaliyyət
göstərir. Bu şirkətlər Azərbaycanda həyata
keçirilən layihələrdə podratçı qismində
də iştirak edirlər. Azərbaycan ilə
İtaliyanın
"Leonardo" şirkəti arasında əməkdaşlıq
inkişaf edir. Bu il mayın 14-də Bakıda
keçirilmiş İtaliya-Azərbaycan Biznes Forumunda kənd
təsərrüfatı sahəsində fəaliyyət
göstərən 13 İtaliya şirkəti iştirak
etmişdir.
2023-cü ilin
noyabrında Azərbaycanda həyata keçirilən dəmiryol
layihələrində İtaliya şirkətlərinin
iştirak imkanları müzakirə edildi. Bu zaman
"ITALRAIL" konsorsiumuna daxil olan şirkətlərin dəmiryol
nəqliyyatı ilə bağlı istehsal etdiyi müxtəlif
texnika və sistemlər barədə geniş təqdimat
keçirildi.
Bakı şəhərində
Zəfər Muzeyinin, eləcə də işğaldan azad
edilmiş bir çox şəhərlərdə Qələbə
və İşğal muzeylərinin, habelə Azərbaycanın
mədəniyyət paytaxtı Şuşa şəhərində
tarixi abidələrimiz və dağıdılmış məscidlərimizin
bərpa və inşası ilə bağlı İtaliya
şirkətləri aktiv fəaliyyət göstərirlər.
Hazırda 3 şəhərdə İşğal və Zəfər
muzeyləri İtaliya şirkətləri tərəfindən
inşa olunur. Şuşada qədim məscidin bərpası və
yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən
həyata keçirilir.
İki ölkə
arasında siyasi münasibətlərin güclənməsi
iqtisad-ticarət əlaqələrinin inkişafına müsbət
təsir göstərir. Ticarət baxımından Azərbaycan
bu ölkənin ilk kommersiya tərəfdaşıdır.
2023-cü ildə Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon
dollar dəyərində məhsul ixrac olunub. İtaliyadan Azərbaycana
isə 477 milyon 903 min dollar dəyərində məhsul idxal
edilib.
Mədəniyyət
sahəsində qarşılıqlı münasibətlər
uğurla inkişaf edir. Həmçinin xalqlarımız
arasında mövcud olan təbii rəğbət hissi kino,
memarlıq, musiqi və incəsənət vasitəsi ilə
daha da möhkəmlənir. Bakıda İtaliya-Azərbaycan
Universitetinin yaradılmasına hazırlıq işləri əhəmiyyətli
hadisələrdən biridir. Beş italyan universiteti bu layihənin
tərəfdaşı qismində çıxış edir.
Neapolda "Bakı" küçəsi, Bakıda isə
"Neapol" küçəsinin olması da mədəni
yaxınlığın göstəricisidir. Həmçinin
müxtəlif vaxtlarda İtaliyada Azərbaycan filmlərinin,
eyni zamanda Azərbaycanda İtaliya filmlərinin
festivallarının keçirilməsi də mənəvi əlaqələri
yeni pilləyə yüksəldib. Prezident İlham Əliyev
haqlı olaraq qeyd edib ki, "Güclü siyasi əlaqələrimiz
gündən-günə genişlənən ticari, iqtisadi,
enerji, təhsil, mədəni və digər sahələrdə
əməkdaşlığımızın və
çoxölçülü strateji tərəfdaşlığımızın
təməlini təşkil edir".
Bu il Azərbaycan
mühüm beynəlxalq tədbirin keçirilməsinə
evsahibliyi edəcək. Bu məqsədlə qızğın
hazırlıq işləri gedir. COP29-un iqlim dəyişikliyi
ilə mübarizə sahəsində bir sıra tərəfdaşlar,
o cümlədən İtaliya ilə əməkdaşlığa
əlavə töhfə verəcəyi şübhəsizdir.
Ərazilərini işğaldan azad etmiş Azərbaycan
üçün iqtisadi əməkdaşlıq,
qarşılıqlı faydalı ticarət münasibətləri
üstün istiqamətlər sayılır. Bu mənada Azərbaycan-İtaliya
strateji tərəfdaşlığı Cənubi Qafqazda və
Avropada sülhə, iqtisadi tərəqqiyə və enerji təhlükəsizliyinə
böyük töhfə verməklə Avropa ölkələri
üçün də nümunə olacaq.
Atamoğlan
MƏMMƏDLİ,
Azərbaycan.-2024.-
2 iyun, № 55.- S.3.