Azərbaycan mina problemi
ilə qlobal səviyyədə mübarizə
aparır
Azərbaycan dünyada
minalarla ən çox çirklənmiş
ölkələr sırasındadır.
Ərazilərimizin təxminən 12 faizi ilkin qiymətləndirmələrə
görə 1,5 milyon mina və naməlum sayda partlamamış
hərbi sursatlarla çirkləndirilib.
Vətən
müharibəsinin başa çatmasından bu günə qədər
əksəriyyəti mülki olan 361 azərbaycanlı mina
qurbanı olub. Onlardan 68-i həlak olub, 293-ü isə
ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün
başladığı dövrdən indiyədək 3400-dən
çox vətəndaşımız minalardan zərər
çəkib. Onlardan 358-ni uşaqlar,
38-ni isə
qadınlar təşkil edir.
Bu dəhşətli
statistikadan da göründüyü kimi, indiyə qədər
insanlarımız Ermənistanın mina terrorunun qurbanına
çevrilir, həlak, yaxud şikəst olurlar.
Mayın 30-da Zəngilanda
işə başlayan "Minaların ətraf mühitə təsirinin
azaldılması: Təhlükəsiz və yaşıl gələcək
üçün resursların səfərbər
olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə
konfransının iştirakçılarına
ünvanladığı müraciətində Prezident
İlham Əliyev vurğulayıb ki, mina qurbanlarının
sayının gündən-günə artmasının əsas
səbəbləri sırasında Ermənistanın Azərbaycan
ərazisində basdırdığı minaların dəqiq xəritələrini
təqdim etməkdən imtina etməsi, keçmiş təmas
xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara,
mülki təyinatlı digər obyektlərə tələ
xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən
2023-cü ilə qədər uzunluğu 500 kilometrədək
olan yeni minalanmış zonalar yaradılmış, yenidən
Azərbaycanın ərazisinə minalar
basdırılmışdır: "Bunun məsuliyyəti Ermənistanın
üzərinə düşür".
Ermənistanın
verdiyi xəritələr dəqiq deyil
Ermənistanın
torpaqlarımızı mina tarlasına çevirməsi
Böyük qayıdışa əngəl olan başlıca
maneədir. Çünki belə geniş ərazilərin
minalardan təmizlənməsi olduqca böyük zaman və
resurs tələb edir.
İrəvan isə
insanlıq əleyhinə cinayətlərini davam etdirərək
dəqiq mina xəritələrini Azərbaycana verməkdən
müxtəlif riyakarlıqlarla yayınır.
2021-ci ildə
Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan
rayonlarında basdırılan mina sahələrinə dair Ermənistan
tərəfindən verilmiş məlumatların dəqiqliyi cəmi
25 faiz təşkil edib.
2024-cü ilin
fevralında Ermənistanın Azərbaycana təqdim etdiyi
növbəti mina sahələrinə dair 8 ədəd
formulyarda da məlumatların əvvəlkilər kimi qeyri-dəqiq,
etibarsız və natamam əks edildiyi məlum olub. Azərbaycan
Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, təhlil
və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların
real mina sahələri ilə uzlaşmadığı, istinad
nöqtələrinin koordinatlarının yanlış və
yararsız olduğu müəyyən edilib.
Göründüyü
kimi, torpaqlarımızın 30 illik işğalı
dövründə Ermənistan mülki təyinatlı ərazilərin
kütləvi şəkildə minalanmasını həyata
keçirərək beynəlxalq hüququn norma və prinsiplərini
ciddi şəkildə pozub. Qarabağ və Şərqi Zəngəzurda
demək olar ki, hər yerə mina döşəyərək
hərbçi və mülki insanlarımızı hədəfə
alıb. Odur ki, beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrini
Azərbaycana təqdim etməsi üçün Ermənistana
təzyiq göstərməlidir.
140 min hektara
yaxın sahə mina və partlamamış hərbi sursatlardan
təmizlənib
Azərbaycan
dövləti 44 günlük müharibədən dərhal
sonra işğaldan azad etdiyi torpaqlarının minalardan təmizlənməsi
işinə başlayıb. Prezident İlham Əliyevin təsdiqlədiyi
"İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət
Proqramı"nda Azərbaycanda 2026-cı ilə qədər ərazilərin
minalardan, partlamamış hərbi sursatdan, tərkibində
partlayıcı olan qurğulardan və digər
partlayıcı qalıqlardan təmizlənməsi işlərinin
davam etdirilməsi nəzərdə tutulub.
Ötən
müddətdə minatəmizləmə istiqamətində
mühüm işlər görülüb. Bu günə qədər
aparılan minatəmizləmə prosesi nəticəsində
140 min hektara yaxın sahə 119 min 946 mina və
partlamamış hərbi sursatlardan təmizlənib.
Azərbaycan beynəlxalq
ictimaiyyətin diqqətini mina probleminə cəlb etmək
üçün çoxsaylı təşəbbüslərlə
çıxış edir. Elə mayın 30-da Zəngilanda
öz işinə başlayan və ayın 31-də Bakıda
başa çatan Azərbaycan Minatəmizləmə Agentliyinin və
Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı
ilə "Minaların ətraf mühitə təsirinin
azaldılması: Təhlükəsiz və yaşıl gələcək
üçün resursların səfərbər
olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə
konfransı da mina probleminə beynəlxalq səviyyədə
bir daha diqqət çəkdi.
Beynəlxalq
konfransın həm də Zəngilanda, işğal altında
olduğu 30 illik müddətdə Ermənistan tərəfindən
minalanmış rayonda öz işinə başlaması
xüsusi əhəmiyyət kəsb etdi. Beynəlxalq ictimaiyyət
nümayəndələri düşmən tərəfindən
bu ərazilərin necə dağıdılıb viran
qoyulmasına əyani şahidlik etdi.
Konfransda 75
ölkədən 300-dən çox nümayəndə
iştirak etdi. İştirakçılar arasında bir
sıra ölkələrin yüksəkvəzifəli şəxsləri,
BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq
təşkilatların təmsilçiləri və müxtəlif
ölkələrin minatəmizləmə mərkəzlərinin
rəsmiləri, habelə ölkəmizdə akkreditə
olunmuş diplomatik nümayəndəliklərin vəzifəli
şəxsləri təmsil olundular. Zəngilanda və
Bakıda keçirilən 3-cü beynəlxalq konfransın
yekununda bəyannamə qəbul olundu.
Bütün
bunlar ölkəmizin qlobal səviyyədə minalanmaya
qarşı mərkəz statusu qazandığından və
bu istiqamətdə davamlı təşəbbüslərlə
çıxış etməsindən xəbər verir.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.4.