"Məni doğma evimə qaytaran Müzəffər Ali Baş Komandana minnətdaram"

 

 

Bu günlər xalqımız həyatının ən xoş çağlarını yaşayır. 32 ildən sonra Xocalıya, Xankəndiyə, Əsgərana, Ağdərəyə, bütövlükdə Qarabağa qayıdırıq. Doğma ocaqlar, dədə-baba yurdları əbədi-əzəli sakinlərini yenidən qoynuna alır.

32 il əvvəl bütün bunlar yalnız xəyal idi. Amma artıq arzular, istəklər reallığa çevrilir. İndi biz xəyalların reallaşdığı bir dövrdə yaşayırıq. Bu gün şuşalılar, laçınlılar, füzulililər, xocalılılar doğma ocaqlarına qayıdırlar. İşğaldan azad olunmuş başqa bölgələrdə kəndlərin, qəsəbələrin rayon mərkəzlərinin bünövrəsi qoyulur. Davamlı olaraq bərpa və quruculuq işləri aparılır.

Xəyallar bir günün, bir anın içində gerçəkləşmədi. Bu, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı gərgin və uğurlu döyüşlərdən sonra reallaşdı. İllərdən bəri Qarabağda məskunlaşmış erməni separatçılarına həlledici və sarsıdıcı zərbə isə 19-20 sentyabr 2023-cü ildə uğurla həyata keçirilən antiterror tədbirində vuruldu. 23 saat 43 dəqiqə çəkən əməliyyat zamanı separatçılar diz çökdürüldü. Bundan sonra Qarabağın qapıları xalqımızın üzünə geniş açıldı. Antiterror əməliyyatı başa çatan kimi separatçılardan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə başlanıldı. Artıq Xocalıda da tikilmiş və bərpa olunmuş evlər qapısını əbədi-əzəli sakinlərinin üzünə açıb, köç başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Dövlətimizin başçısı Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəziblər, burada görülən işlər və Xocalı şəhərinin baş planı ilə tanış olublar.

Böyük sevinc içində doğma ocaqlarına dönən Xocalı sakinlərindən biri də Əməkdar jurnalist Səriyyə Müslümqızıdır. Dövlətimizin başçısı Səriyyə xanımın evində, həyətində olub, onunla söhbət edib. Həyatının ən gözəl, ən yaddaqalan anlarını yaşayan Səriyyə Müslümqızı təəssüratlarını bizimlə də bölüşdü: "Uzun illərdən sonra doğma yurdum Xocalıya qayıtmışam, ev-eşiyimə dönmüşəm. Mən bu evdə doğulub böyümüşəm. Taleyə, qismətə baxın ki, Xocalıdan məcburi köçkün düşəndə 32 yaşım var idi. Düz 32 ildən sonra doğma ocaqlarımıza qayıtmışam. Yaşadığım ömrün yarısı qaçqınlıqda keçib. Həmişə Xocalıya necə qayıdacağımı düşünürdüm. Erməni işğalçıları evimizi dağıtmamışdılar, hərbi məqsədlər üçün istifadə etmişdilər. Evi üç qız övladı böyütmüş anam tikmişdi. Bütün bunlar haqqında dövlət başçımıza danışdım. Artıq evimizə qayıtmışam. Mənim üçün bundan böyük səadət və xoşbəxtlik yoxdur. O da mənim üçün ikiqat sevincdir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva həyətimə, evimə baxdılar. Ömrümün ən unudulmaz, ən xoşbəxt anlarını yaşadım. Sanki dünyaya yenidən gəlmişəm. Şükürlər olsun ki, xəyallarımız 32 ildən sonra gerçəkləşdi. Bu gün Xocalıya xəyallarımızı gerçəkləşdirən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusunun cəsur hərbçilərinə minnətdarlıq hissi ilə qayıdırıq. Təəssüflər olsun ki, erməni qəsbkarları anamı öldürdülər. İndi anamın ruhu şaddır ki, mən evimizin ermənilər tərəfindən söndürülmüş çırağını yandırmışam. Qayıdışımızla doğma ocaqlarımıza yeni həyat gətirəcəyik. Xocalını əvvəlki gözəl günlərinə qaytaracağıq, şəhərimizi daha da gözəlləşdirəcəyik".

32 ildən sonra doğma ocaqlarına qayıdan insanların üz-gözündən sevinc yağırdı. Sevinc sevincə qarışmışdı. İllərdən bəri gözlədikləri gün bir yaz günündə onların qapısını döymüşdü. Doğma sakinlərini qoynuna alan Xocalının da üzü gülürdü. Həm Xocalının, həm də xocalılıların çətin, keşməkeşli günləri artıq arxada qaldı. Separatçılar məhv edildi, sağ qalanlar silahlarını yerə qoyub könüllü olaraq Qarabağdan çıxıb getdilər. Bundan sonra Xocalı sakinlərinin xoşbəxt günləri başlayacaq. Bir daha bu torpaqlara erməni separatçılarının ayağı dəyməyəcək. Xocalı daha da gözəlləşəcək, Qarabağ cənnətə dönəcək.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.7.