Səlahiyyətli
nümayəndə Fuad
Nəcəfli Nobel mükafatı
laureatı Əziz Səncərlə görüşüb
İyunun 1-də dünyaşöhrətli
alim, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru,
kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi
Fuad Nəcəfli ilə görüşüb.
AZƏRTAC-ın Naxçıvan
bürosu xəbər
verir ki, qonaq əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası ilə tanış olub.
Fuad Nəcəfli
Ali Məclisin iclas zalında məlumat verib ki, burada Ümummilli
Lider Heydər Əliyevin rəhbərliyi
ilə tarixi qərarlar qəbul edilib. Ötən il Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın Naxçıvana
səfərini xatırladan
səlahiyyətli nümayəndə
diqqətə çatdırıb
ki, dövlət başçılarımızın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması
mərasimi də bu zalda keçirilib.
Sonra davam etdirilən görüşdə
Naxçıvan Muxtar
Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi
Fuad Nəcəfli Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü
barədə məlumat
verib. Xüsusilə vurğulayıb ki, görkəmli dövlət
xadimi Heydər Əliyevin rəhbərliyi
ilə 1991-1993-cü illərdə
Naxçıvan Muxtar
Respublikası Azərbaycanda
müstəqil dövlətçiliyin
böyük məktəbinə
çevrilib. Müstəqil
Azərbaycan Respublikasının
dövlət bayrağı
ilk dəfə Naxçıvanda qəbul
edilib, müstəqil Azərbaycanın dövlətçilik
sisteminin konturları,
gələcək inkişafının
istiqamətləri məhz
burada müəyyənləşdirilib.
Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Naxçıvan-Türkiyə münasibətlərinin
qurulmasında da yeni mərhələyə
təkan verib. Məhz o dövrdə Türkiyənin nümayəndə
heyəti ilə danışıqlar aparılıb
və əməkdaşlıq
haqqında protokol imzalanıb. Həmin təməllər üzərində
qurulan Azərbaycan-Türkiyə
qardaşlıq və
dostluq münasibətləri
hazırda dövlət
başçılarımızın rəhbərliyi altında
möhkəm və sarsılmaz xarakter daşıyır.
Əziz Səncər
göstərilən qonaqpərvərliyə
və səmimi qəbula görə təşəkkür edib,
Naxçıvanda olmaqdan
məmnunluğunu bildirib.
Sonda qarşılıqlı
hədiyyələr təqdim
olunub, xatirə fotosu çəkdirilib.
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.9.