Revanşistlər paylarını aldılar

 

 

İrəvanda polislə etirazçılar arasında yenə toqquşmalar olub

 

 

 

Hayastanda keçmiş hərbi xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam edir. Azərbaycanla sərhəd bölgəsində delimitasiya demarkasiya prosesinin başlanılmasına Hayastanda müsbət yanaşanlar çoxluq təşkil etsə , keçmiş hərbi xunta təmsilçiləri buna qarşı çıxır, onu əngəlləməyə cəhd edir. Tavuş bölgəsində başlayan erməni keşiş Baqrat Qalstanyanın rəhbərlik ediyi etirazlar paytaxt İrəvan da daxil olmaqla, bütün ölkə ərazisinə yayılsa da, davamı gəlmədi.

Dünən İrəvanda Xarici İşlər Nazirliyinin binasının qarşısında polislə etirazçılar arasında toqquşmalar olub. Ölkənin polisi etirazçılara son xəbərdarlıq edib. Bildirilib ki, etirazçılar aksiyalarını dayandırmasalar, xüsusi vasitələrdən istifadə olunacaq. Tərəflər bir-birinə butulka atıblar. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları həbslərə başlayıb.

Ermənistan İstintaq Komitəsinin yaydığı  məlumata görə, İrəvandakı "Müqəddəs Anna" kilsəsinin həyətində etirazçılardan biri digərinə kəsici alətlə zərbə endirib. Şübhəli şəxs saxlanılıb, xəsarət yetirdiyi alət müsadirə olunub. Polis tərəfindən saxlanılanlar arasında deputat Qarnik Danielyan da var.

Müxalifətçilər etirazlarına səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.  Erməni radikallar Ermənistanın daxili dövlətlərarası magistral yollarını bloklamağa çalışırlar.

Bu arada Hayastanın baş naziri Nikol Paşinyan özünü "Vətən naminə" hərəkatının lideri sayan hakimiyyəti zorla devirmək niyyətini gizlətməyən arxiyepiskop Baqrat Qalstanyanla məzələnib. Baş nazir deyib ki, əgər keşiş onunla görüşmək istəyirsə, hamı kimi qəbula yazılmalıdır. Bu, əlbəttə, ölkə rəhbərinin radikal müxalifəti nümayişkaranə şəkildə aşağılamasının onu ciddiyə almamasının təzahürüdür. "Bilirəm ki, Paşinyanla görüş proseduru var. Amma mən ona həbsxanada baş çəkəcəyəm" deyərək keşiş Baqrat öz aləmində Nikola cavab verib.

Onu da qeyd edək ki,  Hayastanda hakim "Mülki müqavilə" Partiyasının deputatları kilsə əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsi hazırlayırlar.

"4rd.am" nəşrinin xəbərinə görə,  "Mülki müqavilə" Partiyasından deputat Tsovinar Vardanyan bildirib ki, hələ hazır sənədlər yoxdur, lakin bu istiqamətdə artıq aparılır: "Kilsə vergi ödəyicisidir, lakin söhbətin nədən getdiyini anlamaq lazımdır. Ola bilsin kilsə işçiləri gəlir vergisi ödəyirlər, bu, yaxşıdır. Amma deputatlar indi kilsənin idarə etdiyi minlərlə əmlakı araşdırırlar".

Göründüyü kimi, revanşistlər kilsənin imkanlarından istifadə etməyə çalışırlar. Nəzərə alaq ki, Ermənistan kilsəsi kifayət qədər gücə sahibdir. Bu o anlama gəlir ki, keçmiş hərbi xunta onların xarici havadarları sonuncu kartdan - kilsə faktorundan yararlanmaq istəyirlər.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.9.