Onun
üçün həyat
rinqdən başlayırdı
Azərbaycan boksçuları Vaqif Gözəlovu özlərinin
müəllimi hesab edirlər
Şirvan şəhərində
bir canlanma var. Şəhər
ictimaiyyəti Azərbaycan Respublikasının Əməkdar bədən
tərbiyəsi və idman xadimi, "Tərəqqi"
medallı, SSRİ İdman ustası, Beynəlxalq dərəcəli
hakim, Fəxri bədən tərbiyəsi və idman
işçisi Vaqif Gözəlovun xatirəsinə həsr
olunmuş boks turnirinə toplaşırdı.
Səhər saat
10 olmasına baxmayaraq, tədbirin keçirildiyi Şirvan
Olimpiya İdman Kompleksinin boks idman zalı adamla doludur.
Respublika əhəmiyyətli idman yarışında
Bakıdan, Şirvan şəhərindən, Hacıqabul,
İmişli və Sabirabad rayonlarından gəlmiş 11-12 və
13-14 yaş qrupundan olan uşaqlar, yeniyetmələr təmsil
olunurlar. Onların sayı ümumilikdə 95-dir. Gənc
idmançıların arasında 8 qız boksçunun olması sübut edirdi ki,
idmanın bu növünə təkcə oğlanlar deyil,
qızlar da həvəs göstərirlər.
Turnirin
başlanmasına hələ bir saat var. Bundan istifadə edərək
tədbirin baş hakimi, respublika dərəcəli hakim,
Əməkdar idman ustası Telman Aydınova bir neçə
sualla müraciət edirik. Bildirir ki, Vaqif Gözəlovun xatirəsinə
həsr edilmiş bu turnirin böyük əhəmiyyəti
var: "Mərhum idmançımız Azərbaycanın, o
cümlədən doğulub böyüdüyü
Şirvanın idman şərəfini həmişə ləyaqətlə
qorumuşdur. Bildiyimiz kimi, boks idmanın güc və fəndlərlə
bərabər, möhkəm iradə, cəsarət,
döyüşkənlik tələb edən bir
növüdür. V.Gözəlov boksu çox sevirdi. O,
özü özünün həm məşqçisi, həm
müəllimi olub. Çəkdiyi zəhmət hədər
getməyib. Rinqlərdə qazandığı qələbələr
idmançını məşhurlaşdırıb. Keçən
əsrin
60-cı illərində
keçmiş SSRİ-nin müxtəlif şəhərlərində
keçirilən yarışlarda fəxri kürsünün ən
yüksək pillələrinə yüksələrək Azərbaycanı
tanıdıb. Boks sahəsində perspektivli
döyüşçü olduğunu görən Azərbaycan
Boks Federasiyasının
ozamankı
prezidenti Abbas Ağalarovun təqdimatı ilə o, 1962-ci ildə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutuna daxil olub və 1966-cı ildə oranı bitirib.
Həmin illər V.Gözəlov dəfələrlə
ali məktəb boksçuları arasında keçirilən
yarışların qalibi olub. Moskva, Kaunas şəhərlərində,
habelə Ukrayna, Gürcüstan, Qazaxıstan, Belarus, Latviya,
Litva, Estoniya respublikalarında keçirilən turnirlərdə
qalib olub, mükafatlar alıb. Ali təhsilini başa vurandan
sonra idman fəaliyyətini Şirvan şəhərində
davam etdirib, gənc boksçular yetişdirib. Adlı-sanlı
boksçulardan Ələkbər Ələkbərov, Nazim və
Yazel qardaşları, Vahid Gözəlov, Əkbər Ələkbərov,
Oruc İbrahimov, Səməd Əliyev, Valeri Solquba, Çingiz
Hüseynov, Oqtay Vəliyev və başqaları onun yetirmələridir.
V.Gözəlovun məktəbini keçən bu
boksçulara qalib gəlmək heç də asan olmurdu".
1966-cı ildə
V.Gözəlov SSRİ idman ustası,
1996-cı ildə isə respublika dərəcəli hakim
adına layiq görülüb. Ədalətli, prinsipial
mövqeyi nəzərə alınaraq bir çox mühüm
yarışın hakimliyi ona tapşırılıb. 2001-ci
ildə daha bir əlamətdar hadisə baş verib. Vaqif
Gözəlov beynəlxalq dərəcəli hakim adına
layiq görülüb, ölkə, Avropa, dünya birinciliklərində
hakimlik edib. 2002-ci il ona daha bir uğur gətirib: Fəxri bədən
tərbiyəsi və idman ustası adını alıb.
2006-cı ildə Ulu Öndər Heydər Əliyevin xatirəsinə
həsr olunmuş yeniyetmələr arasında 5-ci Beynəlxalq
boks turnirinə hakimlik etməsi V.Gözəlovun
fəaliyyətində xüsusi yer tutan hadisələrdən
biridir. O, bu tədbirdə xüsusi diplomla
mükafatlandırılıb.
V.Gözəlov məşqçilik
fəaliyyətində 5 idman ustası, 25 məşqçi-müəllim,
16 idman hakimi, 190-dan çox 1-2-3-cü dərəcəli
idmançılar hazırlayıb. Şagirdlərindən 11 nəfəri
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasını, 18 nəfəri Bakı Bədən
Tərbiyəsi Texnikumunu və Şirvan Şəhər
Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müvafiq
şöbəsini bitirib. Onun 51 il müəllimlik, 60 il məşqçilik,
55 il hakimlik stajı olub. Əməyi dövlət tərəfindən
layiqincə qiymətləndirilib. Prezident İlham Əliyevin 4
oktyabr 2010-cu il tarixli sərəncamı ilə "Tərəqqi"
medalı ilə təltif edilib, 19 dekabr 2011-ci il tarixli sərəncamı
ilə Əməkdar bədən tərbiyəsi və idman
xadimi fəxri adı verilib.
Saat 12 radələridir.
Baş hakim turnirin başladığını elan edir.
Şirvan İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar
Barxudarov, Şirvan və Salyan Regional Gənclər və
İdman İdarəsinin rəisi Aydın Hüseynov, V.Gözəlovun qardaşı, əmək
veteranı Adıgözəl Gözəlov
çıxış edərək yeniyetmə və gənc
boksçulara uğurlar arzulayırlar.
Boksçular
növbə ilə rinqə dəvət olunurlar.
Qızğın döyüşlər başlayır.
Dörd saat davam edən turnir yarışında Şirvan
şəhər komandası 1-ci, Hacıqabul rayonunun
idmançıları 2-ci, Bakı şəhərini təmsil
edən boksçular isə 3-cü yerə layiq
görülürlər.
Seyran CAVADOV,
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.10.