Tarixi
yaddaşımızın qorunduğu
məkan
Ən dəyərli
əşyalar gələcək
nəsillər üçün
qorunur. Onlara həvalə ediləndə
də qoruyub saxlamalı olduqları anladılır. Həmin əşyaları qiymətli
edən yalnız maddi deyil, həm
də mənəvi dəyərləridir. Muzeylərin
əhəmiyyəti ondan
ibarətdir ki, onlar bir ailənin,
bir nəslin yox, bir xalqın
tarixinin, maddi-mənəvi
sərvətlərinin etibarlı
mühafizə olunduğu
yerlərdir.
Qədim eksponatların,
şəxsi kolleksiyaların,
eləcə də nadir əşyaların toplandığı məkanlar
bu gün muzey adlandırılır.
Bu söz elmi mənbələrə
görə, yunan sözüdür. Mənası
"muzalar məbədi"dir.
Qədim yunan mifologiyasında muzalar incəsənət və elm ilahələri sayılırdılar.
Araşdırıcılar muzeylərin sələflərini
eramızdan öncəyə
aid ediblər. İlk muzeyin Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə
şəhərində yaradıldığı
qeyd olunub. Dünyanın birinci muzeyinə sikkələr,
heykəllər, sarkofaqlar,
gil qablar, papiruslar, təsviri sənət nümunələrindən
ibarət 40 mindən çox eksponat toplanmışdı.
Bu gün bütün ölkələrdə
muzeylər mövcuddur.
Parisin Luvr, Londonun Viktoriya və Albert, Sankt-Peterburqun Ermitaj, İstanbulun Topqapı muzeyləri dünyanın
məşhur muzeyləri
sırasındadır.
Azərbaycanda tarixin
ayrı-ayrı dövrlərinə
aid dəyərli əşyalar və sənət nümunələri
qədimlərdən hökmdarların
saraylarında, məbədlərdə,
eləcə də digər tikililərdə mühafizə edilib. Zaman keçdikcə şəxsi kolleksiyalar yaranmağa başlayıb.
Tariximizin və mədəniyyətimizin ən
qiymətli nümunələri
olan eksponatların çoxu şəxsi kolleksiyalarda saxlanılıb.
Həmçinin Azərbaycan
elminin, mədəniyyətinin,
incəsənətinin nadir
nümunələri müxtəlif
tarixi, geosiyasi hadisələr nəticəsində
ölkədən çıxarılıb
və dünyanın ən məşhur muzeylərinin daimi eksponatları olub.
XIX əsrin ikinci
yarısından etibarən
Azərbaycanın ictimai-siyasi,
mədəni fikir həyatında sürətlə
cərəyan edən
proseslər öz növbəsində muzey işinin təşkilinə
təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına
başlanmışdır. Belə
muzeylərdən biri görkəmli maarifpərvər
yazıçı Cəlil
Məmmədquluzadənin təşəbbüsü
və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunub.
Ölkəmizdə ilk
dövlət muzeyi isə bərqərar olduğu qısa müddətdə böyük
işlər həyata
keçirən Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə yaradılıb.
Belə ki, 1919-cu il dekabrın 7-də İstiqlal Muzeyi fəaliyyətə başlayıb.
"Azərbaycan" qəzeti
1919-cu il 23 sentyabr tarixli sayında muzeyin təsis edilməsi ilə bağlı yazırdı:
"Sənələrdən bəri bəslədiyimiz bir arzu var
ki, o da vətənimiz Azərbaycanda
bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında
təsis edəcəyimiz
muzeyin adını
"milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin
köksünü qabardan
istiqlal şüarı
olmasına görə
"İstiqlal muzesi"
olmasını əhəmiyyətli
görürüz".
Azərbaycan Xalq
Cümhuriyyətinin parlamentinin
quruluşunun birinci ildönümü münasibətilə
elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyində tariximizi, milli-mənəvi dəyərlərimizi
əks etdirən eksponatlar toplanıb. Lakin muzey cəmi
bir neçə ay fəaliyyət göstərə bilib.
1920-ci ildə Azərbaycan
bolşeviklər tərəfindən
işğal olunduqdan sonra İstiqlal Muzeyi də fəaliyyətini dayandırmalı
olub. Təəssüf
ki, 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmayıb. Yetmiş bir il sonra muzeyin
fəaliyyəti bərpa
edilib. Belə ki, Azərbaycanın dövlət müstəqilliyi
bərpa olunduqdan sonra, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yenidən yaradılıb. Fəaliyyətə
başlayan muzey "İstiqlal" adını
alaraq, birinci muzeyin mənəvi varisi olub.
Ədalət naminə
deməliyik ki, sovet hakimiyyətinin mövcud olduğu yetmiş il ərzində respublikamızda
muzey şəbəkəsinin
inkişafı istiqamətində
bir sıra işlər görülüb,
yeni muzeylər yaradılıb. Azərbaycanda
tarix-diyarşünaslıq, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat
və incəsənət
xadimlərinin ev, xatirə muzeyləri təşkil olunub.
Təəssüflə yada salaq ki,
müstəqilliyimizin ilk
illərində Ermənistanın
yaratdığı münaqişə,
Birinci Qarabağ müharibəsi, Azərbaycanın
Qarabağ və Şərqi Zəngəzur
ərazilərinin işğal
olunması və otuz ilə yaxın
qəsbkarların əlində
qalması respublikamızda
muzeylərin inkişafına
ağır zərbə
vurub. "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması
haqqında" 1954-cü il
Haaqa Konvensiyasını,
"Arxeoloji irsin mühafizəsi haqqında"
1992-ci il Avropa Konvensiyasını, "Dünya
mədəni və təbii irsin mühafizəsi haqqında"
UNESCO-nun 1972-ci il Konvensiyasını heçə
sayan erməni vandalları tərəfindən
işğal altında
qalan ərazilərimizdəki
tarix-memarlıq abidələrimiz,
xatirə-memorial komplekslərimiz,
muzey-qoruqlarımız dağıdılıb,
fondlarda mühafizə
edilən qiymətli eksponatlar tamamilə qarət olunub. Ermənistanın işğalı
zamanı Şuşada
8 muzey talan edilib. Otuz ilə
yaxın işğalda
qalan ərazilərimizdə
ümumilikdə 500-dək tarixi-memarlıq,
100-dək arxeoloji abidə,
22 muzey, 4 rəsm qalereyası düşmən
tərəfindən dağıdılıb.
Hələ keçmiş
SSRİ dövründə yeganə
olan Ağdam Çörək Muzeyi yerlə yeksan edilib. Şuşa şəhərinin Tarix Muzeyindən 5 minədək,
Kəlbəcər Tarix-Diyarşünaslıq
Muzeyindən 13 minədək,
Zəngilan, Laçın
Tarix-Diyarşünaslıq muzeylərinin hər birindən 6 minədək,
Ağdam Tarix-Diyarşünaslıq
Muzeyindən 2 mindən
çox, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyindən
3 mindən çox eksponat qarət olunub. Erməni vandalları, həmçinin
Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialından
1000-dən çox, Dövlət
Qarabağ Tarixi Muzeyinin 1000-dək, Üzeyir
Hacıbəylinin Xatirə
Muzeyindən 300-dən çox,
Bülbülün Xatirə
Muzeyindən 400-dək, Mir
Möhsün Nəvvabın
Xatirə Muzeyindən
100-dən çox əşya
və materialları mənimsəyiblər...
2020-ci ilin payızında,
44 günlük İkinci
Qarabağ müharibəsində
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə
uğradaraq Qarabağ
və Şərqi Zəngəzur torpaqlarını
işğalçılardan azad edib. Müharibədən
qısa müddət sonra işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur
ərazilərində Prezident
İlham Əliyevin tapşırığına əsasən,
geniş tikinti-bərpa,
quruculuq işlərinə
başlanılıb. Həyata
keçirilən böyük
quruculuq işləri nəticəsində keçmiş
məcburi köçkünlər
tədricən öz yurdlarına qayıdırlar.
Erməni vandallarının
dağıtdıqları tarixi-mədəni,
dini abidələrimiz,
mədəniyyət ocaqlarımız
bərpa olunur. Qarabağda, Şərqi Zəngəzurda fəaliyyət
göstərmiş bütün
muzeylərimiz də çox keçməyəcək
ki, yenidən qurulacaq...
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.11.